Kulis.az Qəmər Alxanovanın “Gözümün işığına” adlı yazısını təqdim edir.
Sizin hiç babanız öldü mü?
Benim bir kere öldü kör oldum...
Yıkadılar, aldılar götürdüler,
babamdan ummazdım bunu kör oldum!
Cemal Süreyya
Bu gün altı gecədir ki, “Ay bala, başına dönüm, yemək yemisən?” deyənim yoxdur. Altı gündür, sənsiz nəfəs almağa çalışıram. İnsan acı ilə, kədər ilə doyarmış məgər. Su içmədən 45 dərəcə istidə su istəməzmiş. İnsan təpədən-dırnağa alışıb yanarkən, gündə neçə dəfə özündən getsə də dik durmağa, məğrur olmağa çalışarmış. Ölümün qəribə rəngi var. Fərqli pərdəsi. Həyatın bütün mənzərələri, bilinən bütün hislər ölümün, o pərdənin o yanında qalır. Yeni bir mərhələ başlayır. Şokun içində belə insan o rənglə üşüyür. Heç bir rəngə, heç bir çalara oxşamır o çalar. Ətin kəsilsə qan çıxmaz deyə düşünürsən. Ağrıdan qıvrılırsan, ağlını itirməyin astanasında qalırsan, çaqqal kimi ulamaq istəyirsən, ağlamaqdan səsin batır, ancaq ağrıya dözə bilməyib tez-tez özünə fasilə verib itən şüurun bayğınlıqdan geri qayıdır. Sürüyə-sürüyə səni də gətirir.
Təkcə ürəyimdə səninlə danışanda oyanıram bu yuxudan. “Gözümün ışığı” deyə əzizlədiyin balana verdiyin sözə xilaf çıxdın. Axı sən, söz vermişdin getməyəcəksən. Demişdin “Qorxma, ölməyəcəm”. Demişdin “baş üstə yeyib içəcəyəm”. Son nəfəsində tutduğum əlini məndən qoparanda sən niyə icazə verdin?
Yeni adətlər öyrəndim, papa. Yas düşən evdə güzgülərin üstü açıq qalmazmış, ala gözlərinə işıq tutmayan güzgülər qırılsa yaxşıdı. Ağı deyən qadınlar qəlbimdəki ağrıya ağı qoşa bilmir, papa. Halbuki bu ağrıdan bir zərrəsi çölə sıçrasa bəşəriyyət alışıb yanar.
Altı gündür, sirdaşsızam, qardaşsızam, papa. Hər gecə sən yatanda yoxlamaqdan doymadığım nəfəsin, o güvən tapdığımız səsin, yoxdur. Dostlarım “Qəmər, bir az çəkin” deyəndə, mən gerçəkləri anlamırdım. Hesab edirdim ki, o cəsarəti ancaq özüm özümə aşılamışam. Səndən güc alırmışam məgər. Təskinlik verənlər “Hamının atası ölür, həyatın qanunu budur” deyirlər. Bilsələr də anlamırlar mənim dünyamın getdiyini, sirdaşımın, qardaşımın, yoldaşımın getdiyini. Tanıdığım ən maarifpərvər adam idin. Dünyanın harasındasa bir qız təhsil alsa sən sevinərdin. Tanıdığım ən mərhəmətli, ən həssas kişi idin. Mən ancaq sən örnəyində gördüm bir kişi özündə qadına və kişiyə xas müsbət xüsusiyyətləri cəmləşdirə bilərmiş. Gecə-gündüz yatıb dincəlməz çalışıb vuruşardın, bizi yaxşı yaşatmaq eşqinə. Sənin kimi məğrur kişilər azdı, papa. Tanıdığım qız övladlarını bütün ruhu ilə sevən tək adam idin ay mənim qibləgahı qız övladları olan birdənəm. Həsrətindən ölürəm. Mən bütün çətinliklərin üstəsindən sənin qəlbin sevinsin deyə gəlirdim. Deyirdin “Nizami deyib ki, rənglərin şahı, qaradır, qara” Altı gündür təpədən-dırnağa qara geyinirəm, papa. Üstəlik ancaq əynimdəki paltarlar qara deyil, içimi də al qan yerinə qara qan aparır.
Ağı deyən qadınlar “Burdan bir alim atası gedib” deyirlər, papa. Onlar hardan bilsin ki, o alim ruhunu da səninlə birgə basdırıb. Cismi qalıb əmanətlərinə görə. Bizə yaşatdığın hər şey o qədər gözəl idi ki, bir dənə pis xatirə ağlıma gəlmir ki, ağrımı kiridim. Bacılarım sənsiz darıxır, papa.
Deyirlər üç qız övladını böyüdən, təhsil verən insanlar cənnətlik olur. Sən dörd ziyalı yetişdirdin. Dörd dünyanı sevgi ilə bəzədin, dörd dilə “şükür ki, bizim atamız sən oldun” nidasını caladın. Yetmədi sən bir mələyə ailə oldun. Baba yerinə ata oldun. Nihad səndən ötrü darıxır, papa.
Sən getmədən əvvəl gedəcəyinin xəbərçisi o yuxunu da görmüşdüm. Görmüşdüm ki, üzünə ağ veriblər, qadınlar ağı deyir, bir an barmağınla üzündəki ağı qaldırırsan.
Deyirlər, insan necə yaşayırsa elə də həşr olunur, qiyamətdə dirilir. Bütün ömrünü qız övladlarına həsr etdin, daim qurban kəsdin, payladın. Gedişinin üçüncü günü qurban bayramına təsadüf etdi.
Elə ağıllı və tədbirli adam idin ki, dünyadan gedişin də elə oldu. Öz əlini özü cütləyən, gözlərini özü qapayan, mollasını özü vəsiyyət edən, məzar yerini özü göstərən adam kimi öz ağlını bir də göstərdin, mənim məğrur gözəlliyim. Səni sevirəm, sevirik. Yaxşı ki, taleyimizə sən yazılmışdın. Yaxşı ki, qəlbimizdə sənin heykəlin qoyuldu. Yaxşı ki, o zəhmətkeş həyatın örnəyimiz oldu, yaxşı ki, bu dünya sənin kimi mərhəmətli adama xanədan oldu, qəlbimin şahı. Cənnətin mübarək olsun, gözəllik. Həsrətindən qıvrılmağın təsviri yoxdur. Allah bizə verdiyin o sevgi üçün səndən razı olsun. Görüşənədək başına dönüm. Orda darıxma, vədə yetişəndə, gələcəyəm.