Ukrayna qızları mahnı oxuyur - Fəxri Müslümün şeirləri

Ukrayna qızları mahnı oxuyur - Fəxri Müslümün şeirləri
23 iyul 2024
# 15:30

Kulis.az Fəxri Müslümün yeni şeirlərini təqdim edir.

Umudlar dolanır Təbrizin üstə

Umudlar dolanır Təbrizin üstə,
Səkkiz bürc ulduzun gülü görünür.
Minib ağ atını ağ çuxa kişi,
Küləyin ucunda teli görünür.

Türkülər səslənir türkün dilində,
Könül havalanır türkün elində,
Üç rəngli bayrağım türkün əlində,
Sanki azadlığın yolu görünür.

Umudlar dolanır Təbrizin üstə,
Ərişi doğrayır kəsmə şikəstə,
Yenidən yaşadım bu zildə, pəsdə,
Sinəmdə ilməsi, xalı görünür.

Dünyanın nizamı, düzəm dəyişir,
Yaddaş təzələnir, dözüm dəyişir,
Nə yaxşı nağıla yozum dəyişir,
Göydəmir atların nalı görünür.

Ayağa qalxıbdı Təbriz, Ərdəbil,
Hər gedişi batman, ağır, zorda bil,
Hələ də, zülmətdə, şərdə, darda bil,
İçi də, çölü də, dolu görünür.

Umudlar dolanır Təbrizin üstdə,
Səkkiz tin ulduzun gülü görünür.
Minib ağ atını ağ çuxa kişi,
Küləyin ucunda teli görünür.

06.07.24


Ukrayna qızları mahnı oxuyur

Uçan minaların acığna varıb,
Bu odun, alovun qucağna varıb,
Düşmənə od qoyub, qıcığna varıb,
Ukrayna qızları mahnı oxuyur.

Tank üstə əsgəri rəqsə tutulub,
Əlində silahı eşqə tutulub,
Ancaq zəfərlərə, məşqə tutulub,
Ukrayna qızları mahnı oxuyur.

Güllə yağışından çimib çıxırlar,
Ağ-ağ atlarını minib çıxırlar,
Düşməni burnundan yenib çıxırlar,
Ukrayna qızları mahnı oxuyur.

Danüzü göylərdən duman sökülür,
Yer yerdən sökülür, zaman sökülür,
Nə var umuda var - hər yan sökülür,
Ukrayna qızları mahnı oxuyur.

Şimşək ara vermir, çən ara vermir,
Bu şərə tutulmuş gün ara vermir,
Nə də qara gəlmiş yön ara vermir,
Ukrayna qızları mahnı oxuyur.

Dərd köhlən at kimi içdə gəzsə də,
Gedən karvanlarda, köçdə gəzsə də,
Yarasın dağlayıb, bir az üzsə də,
Ukrayna qızları mahnı oxuyur.

Vətən şərqilərdə gül-çiçək açır,
Vətənə eşqindən,
Adam dağa dönüb əl, çiçək açır,
Könül dalğalanıb nə göyçək açır,
Ukrayna qızları mahnı oxuyur.

Uçan minaların acığna varıb,
Bu odun, alovun qucağna varıb,
Düşmənə od qoyub, qıcığna varıb,
Ukrayna qızları mahnı oxuyur.

12.06.24


Qərib tut ağacı, nar üzə gülər

Kənan Hacıya

Bakının havası yaylaq üstədi,
Bulud göz sıxdıqca nur üzə gülər.
Bakı kəndlərinin qədim bağında,
Qərib tut ağacı, nar üzə gülər.

Köhnə barılardan çöl iyi gələr,
Bu köhnə bağlardan gül iyi gələr,
Hələ də, ocaqdan kül iyi gələr,
Sanki kabab altdan qor üzə gülər.

Qalıbdı qıraqda, küncdə-bucaqda,
Təzə villalardan qat-qat alçaqda,
Yazda daradıqca qayçı, bıçaq da,
Ağ-qara şanısı, bar üzə gülər.

Kişnişi, şüyüdü ətir, dad verər,
Vəzəri canına bir az od verər,
Bizim kətələrə başqa ad verər,
İsti qutabından şor üzə gülər.

Meydan daralıbdı, artıb azarı,
Ətirsiz göyərti tutub bazarı,
İndi kimdi baxan ağla, ha zarı,
İçin-için kədər, ar üzə gülər.

Bakının havası yaylaq üstədi,
Bulud göz sıxdıqca nur üzə gülər.
Bakı kəndlərinin qədim bağında,
Qərib tut ağacı, nar üzə gülər.

18.05.24

# 3010 dəfə oxunub

Oxşar xəbərlər

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

15:30 26 oktyabr 2026
"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

14:00 26 oktyabr 2026
"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

14:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər