Şüşə qırıqları kimi nəfəsimə dolur bir uşağın səsi - Esmira Məhiqızıdan yeni şeirlər

Şüşə qırıqları kimi nəfəsimə dolur bir uşağın səsi - Esmira Məhiqızıdan yeni şeirlər
18 iyul 2024
# 17:00

Kulis.az Esmir Məhiqızının şeirlərini təqdim edir.

gilavar da əsdi,
xəzri də əsdi..
bir səmum küləyi,
bir sən küləyi,
sonra ayrılığın bir mən küləyi,
sonra yaylıqların bir nəm küləyi..
əsdilər ömrümdən əsib, keçdilər,
küsdülər, nədənsə.. küsüb, keçdilər.
mənim küləklərim küləklədilər,
mən uça bilmədim küləklərimlə.

bütün uşaqlığım göylərdə ötdü,
üzümdən-gözümdən ulduzlar öpdü,
məni itənlərin həsrəti ütdü..
bir də göz açdım ki, boşalıb yerlər,
mənim sevdiklərim, məni sevənlər,
harasa uzağa köçüb gediblər -
xəyalım mələklər, sonam mələklər,
mənə uzaqlardan əl elədilər,
mən köçə bilmədim mələklərimlə.

atamın, anamın,
qardaşlarımın..
o gözəl, o qəşəng sevdiklərimin,
sarı şəkilləri payız yarpağı,
oyyyy payız çiçəyi, ayaz yarpağı.

yağış yarpaqlayır, küləklər açır,
mənim xəyallarım lələklər açır.
xatirə ömrümdə sular göyərir,
o ayna sularda nələr göyərir.
sevdalar göyərir yollarım üstə,
yenə payız düşür qollarım üstə.

hər payız ömrümdə şəkillər açır,
mənim ürəklərim dərd düyməliyir,
mənim ürəklərim çiçəklər açır.
mən aça bilmirəm ürəklərimlə,
mən uça bilmirəm küləklərimlə.

bir səmum küləyi,
bir sən küləyi,
sonra ayrılığın bir mən küləyi..
əsdilər, ömrümdən əsib keçdilər,
kəsdilər, ömrümdən kəsib keçdilər.


***

qışa başlayır şəhər,
qışa başlayır gecələr, səhərlər
və..
qaranlıqlar ağarır gözlərimdə.
sevmək istəyirəm qışı,
soyuğu, sazağı,
sevmək istəyirəm sırsıraları..
amma bu axşam vaxtında..
şüşə qırıqları kimi nəfəsimə dolur,
bir uşağın qırılan səsi
-saal fet alın, saa ll fe et.
ürəyim üşüyür qanıma dolan səsdən-
vaz keçmək istəyirəm
qışı sevməkdən,
qarı sevməkdən,
həyatı sevməkdən..
ağzımda o səs
şüşə qırıqları kimi səsimi qanadır,
nəfəsimi qanadır..
qışı qanadır.
bu dəm..
bir nəm dəsmal alıb
səsimin,
nəfəsimin,
bir də qışın qanını silmək istəyirəm.


***


di gəl inandır ki, xəyallar ölmür..
ölür e,
ölür e.. xəbərin yoxdu.
gömülür torpağa xəyallar belə
elə ona görə torpaq soyuqdu.
ahh.. o Zəminənin, o Zəminənin
o qədər işıqlı xəyalı vardı.
o qədər xəyaldan danışardı ki
onu da bir qəfil ölüm apardı.
mən onda bildim ki, ölümlə birgə
qurduğun xəyallar bitir, yox olur.
bəlkə xəyallar da adam kimidi,
bəlkə xəyallar da sonra ruh olur.
o qədər müəmma, o qədər sirrdi-
di gəl baş aç görüm nədi, nə deyil.
di gəl inandır ki,
o ötən bulud
hər gecə ağlayan Zəminə deyil.
ehh…
mən də sərsəri,
ehh…
mən də dəli
indi xatirədən xəyal qururam.
bilirəm, bilirəm xəyallar ölür,
və.. bilə-bilə də xəyal oluram.

***

indi şəhərlər tənhadı,
indi adamlar tənhadı,
indi umudlar üşüyür,
üşüyür küçələrdə.

bir də görürsən kimdisə,
bir yiyəsiz kölgədisə..
heç bilmirsən ya nədisə-
şütüyür küçələrdə

ömür geyən payızlıqlar,
və ömürsüz sonsuzluqlar
neçə nimdaş yalnızlıqlar
töyşüyür küçələrdə

bir yaşamdı... şeir kimi,
bir şairdi... dəli kimi,
bir dəlidi… şair kimi -
düşünür küçələrdə.


***

heç ağlına gələrdimi..
sən olasan,
o olmaya.
hər tərəfə yol ola da,
o tərəfə yol olmaya.
sol olmaya,
sağ olmaya
yönün elə daşa çıxa.
əl atasan xəyallara
əllərin də boşa çıxa..
qışa çıxa yazın, yayın
baharların qış gətirə.
sərçələr də dimdiyində
gözlərinə yaş gətirə..
kaş gətirə..
düşünəsən
gələn günlər o dəmləri.
bir möcüzə baş verə də..
qaytaraydı gedənləri.
heç ağlına gələrdimi..
o olmaya,
bu olmaya..
bir quruca yağış yağa
buludunda su olmaya..

# 2478 dəfə oxunub

Oxşar xəbərlər

İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

13:00 22 may 2026
Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

10:30 21 may 2026
Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

10:25 21 may 2026
Maraq - Ümmügülsümün Bayıl həbsxanasında yazdığı şeir

Maraq - Ümmügülsümün Bayıl həbsxanasında yazdığı şeir

18:20 20 may 2026
Bu dil bölünməyən torpağım oldu... - Günün şeiri

Bu dil bölünməyən torpağım oldu... - Günün şeiri

13:05 20 may 2026
Göyə çıxdı - Cəfər Cabbarlı

Göyə çıxdı - Cəfər Cabbarlı

11:45 20 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər