Sənin də çiynində qan ləkəsi var - Cavid Qasımovun yeni şeirləri

Sənin də çiynində qan ləkəsi var - Cavid Qasımovun yeni şeirləri
26 sentyabr 2023
# 16:00

Kulis.az Cavid Qasımovun yeni şeirlərini təqdim edir.

***

İndi məndən ötrü bu ayrılıq da
İsanın sonuncu şam yeməyidir.
Əzizim, həyatdır, bizdən birimiz
Zəhərdən nuş edib, tez ölməliydi.
Nə fərqi sən içdin, ya da mən içdim?
Nə fərqi tələsdin, ya mən gecikdim?
Yenə də nuş olsun hər ikimizə...
Bircə pıçıltımı yadında saxla.
Cəllad kötüyüdür çiyinlərimiz.
Gedəndə özüylə səbəbsiz yerə
Başını aparmır əzizlərimiz.
Sənin də çiynində qan ləkəsi var,
Mənim də çiynimdə qan ləkəsi var.
Hirsini doğrayır sağ qulağıma
Hər dəfə boynumdan öpən qılınclar.
Uzaqlaş, uzaqlaş üfüqlərəcən,
Səhər yeməyinə çıxıb gələrsən.

***

Görürsənmi , əzizim,
Bizdən çox-çox uzaqda
Afrikalı uşaqlar günəş şəkli çəkirlər.

Nə fərqi var şəkildir,
Göy üzünə çəkildi,
Ya torpağa çəkildi.

Bir az solğun, həm qara,
Bir az soyuq, həm isti,
Bir az susuz, həm quru,
Belə baxsan, günəşdir,
Nə yaxşıdır nə pisdir.
Birdən çaşıb deyərsən:
- Afrikalı uşaqlar rəng tərəfdən xəsisdir.
Yox, əzizim, yaxşı bax,
Bizdən çox-çox uzaqda
Yeni Günəş doğacaq.
Ya torpaqdan,
Ya göydən.
Ya dənizdən,
Ya dağdan .
Bizdən çox-çox uzaqda
Afrikalı uşaq da
Gözlərini tutacaq,
Dan yeri söküləndə...

***

Çoxdan öyrəşmişəm tənhalığıma,
Nə dostum axtarır, nə də düşmənim.
Gedirəm, dən səpəm göyərçinlərə,
Məndən ölən olmaz, öldürən olmaz.

Gündüzlər kəpənək qanadlarının
Səsinə tuturam qulaqlarımı.
Gecələr çiçəkdən süd dişi kimi
Çəkib, çıxarıram ləçəklərini.

Bir də, mənim üçün bütün adamlar
Daman evlərinin damında gəzir.
Hamının evinə damdığı yerdən
Göylərə qapqara baca yüksəlir.

Bir ovuc vaxtım var, nə edim Allah,
Gedirəm dən səpəm göyərçinlərə...

***

Məndən bir qarış yuxarıda
Kim çəkib çarmıxa quşları?
Bunlar İsanın göndərdiyi
Bəlkə çarmıx məktublarıdı?

Oxuya bilmirəm hələ də
Ağ-qara xəttini yazının,
Qolumu açıb oynayıram
Səsinə qarğa avazının.

Kiməsə qucağını açmaq
Çarmıxa çəkilmək rəmzidir.
Bizi ən çox qucaqlayan da
Quşlardı, İsanın özüdür.

***

Baş açmadım, gözəl qız, özüm bu ayrılıqdan,
Qırıldı qol-qanadım, dizim bu ayrılıqdan.

Dodaq-dodaq gəzişdi, qulaq-qulaq yox oldu
Fələk nələr demişdi bizim bu ayrılıqdan.

Sabah gözüm sulansa günahı məndə görmə,
Su içməmişdi əvvəl gözüm bu ayrılıqdan.

Bu ayrılıq bizimçün ayaq döyəndə başdan,
Yox idi yol, ayağın üzüm bu ayrılıqdan.

O incə tellerintək damarlarım əsirdi,
Qəfil gəlib düşəndə sözüm bu ayrılıqdan,

Nə müşkül işdi bilməm, düyünlərin açan yox,
Tapılmır e, tapılmır çözüm bu ayrılıqdan.

# 3484 dəfə oxunub

Oxşar xəbərlər

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər