Ölüm kölgə kimi enər bənizə - Fəxri Müslümün şeirləri

Ölüm kölgə kimi enər bənizə - Fəxri Müslümün şeirləri
11 aprel 2023
# 10:00

Kulis.az 75 yaşını tamamlayan Fəxri Müslümün yeni şeirlərini təqdim edir.

Tutam

Bu zalım dünyanın, acı dünyanın,

Əməli qoydumu beli düz tutam?

Kəlmə də, hər yerdən yarımçıq keçir,

Hardasa haqmı var əli düz tutam?

Daha gözlərim də, biri üç seçir,

Canım sığınmağa bayır, künc seçir,

Könül də kövrəlib yazından keçir,

Dizmi var cığırı, yolu düz tutam?

Nə var dənləmişəm dən-dən içimə,

Ömür də köklənib uzaq köçünə,

Canım, gücmü qaldı əkin, biçinə,

Toxanı düz tutam, beli düz tutam?

Tapdadı yamacı, tapdadı dağı,

Heç yer də qoymadı ipuca, yağı,

O gündən ağarmır sübhün dan ağı,

Hal-əhvalmı qaldı dilim söz tuta?

Dərd də paltar kimi yamanıb qaldı,

Dəymir hədəfinə sonnanıb qaldı,

Elə kürəyimdə qınnanıb qaldı,

Məndə hənirmi var külüm köz tuta?

Yüklənib sinəmiz çəkir torpağa,

Ruh da əsim-əsim dönüb yarpağa,

Hərə də, bir məmur, hərə bir ağa,

Adammı qalıbdı elim üz tuta?

Yolun ayağında umud ilinir,

Yolun o başında yer-yurd bölünür,

Tam yeni sifətlər, üzlər bilinir,

Yaddaşmı qoydular çəlim, iz tuta?

Bu zalım dünyanın, acı dünyanın,

Əməli qoydumu beli düz tutam?

Kəlmə də, hər yerdən yarımçıq keçir,

Hardasa haqmı var əli düz tutam.

Mən qədim adamam
(75 yaşıma)

Baxmayın ömür-gün,

Bir nazik sap kimi iynədən keçdi,

Yarı ac, yarı tox öynədən keçdi,

Şehlənib, mehlənib meynədən keçdi,

Mən, qədim adamam, qədim, a, dostlar.

Bu yaş yetmiş beş yox, min, milyon ildi,

Könlümə Ay üzlü nur dolan ildi,

Yaddaşda hələ də sirr qalan ildi,

Mən, qədim adamam, qədim, a, dostlar.

Sədam da Tanrıdan, göydən gəlibdi,

Bozqurdun səsindən, küydən gəlibdi,

Şərə, zülmə qarşı,

Oxumdan gəlibdi, yaydan gəlibdi,

Mən, qədim adamam, qədim, a, dostlar.

Min illik qayamda, daşda yazım var,

Hər köhnə cütümdə, xışda yazım var,

Arazda bir qərib, xoş avazım var,

Mən, qədim adamam, qədim, a, dostlar.

Bozqır çöllərimdə,

Göydəmir atların nal izi durur,

Ulusun-ulumun yol-izi durur,

Ağrıdan, acıdan

İçimdə hələ də, xal izi durur,

Mən, qədim adamam, qədim, a, dostlar.

Hələ çəkəmmirəm, yüküm də, ağır,

Qıpçaqdan, oğuzdan köküm də, ağır,

Sevinci, qüruru könlümə yağır,

Mən, qədim adamam, qədim, a, dostlar.

Türkün türk gəlişi, türk qayıdışı,

Keçdi nəsil-nəsil, keçdi, nə yaxşı,

Canıma, qanıma çökdü, nə yaxşı,

Mən, qədim adamam, qədim, a, dostlar.

Baxmayın ömür-gün,

Bir nazik sap kimi iynədən keçdi,

Yarı ac, yarı tox öynədən keçdi,

Şehlənib, mehlənib meynədən keçdi,

Mən, qədim adamam, qədim, a, dostlar.

Bitirər

Boz köynək şairlər, künə şairlər,

Sözdən qala tikib, qala bitirər,

Hər biri Tanrıya, göyə üz tutub,

Gecəni obaşda belə bitirər.

Sirdən, sifətdən də, boz olar biraz,

Gecəsi, gündüzü sozalar biraz,

Könlünü sar payız, yaz alar biraz,

Eşqini çiçəklə, güllə bitirər.

Qibləsi Güneyə, Təbrizə tərəf,

Ulular qoyduğu yol, izə tərəf,

Yalı-yamacına, hər düzə tərəf,

Barı-bərəkəti əllə bitirər.

Zamanı qalmaz ki, qəmi ovuda,

Başından dumanı, çəni ovuda,

Sinədə səs verən simi ovuda,

Beçə kökündəki tellə bitirə.

Yaşlanar, yer çəkər, dizlər yığılar,

Ağarar kipriklər, gözlər yığılar,

Qırış qıyma çəkər üzlər yığılar,

İçə gizlin düşmüş,

sir qalmış bir qara xalla bitirər.

Soyuq incə-incə kürəkdən çəkər,

Ayağı yer alar ürəkdən çəkər,

Biraz da qolundan, biləkdən çəkər,

Qış ağzı ömürdə çillə bitirər.

Fəxri der: sıxılıb söz də, yan keçər,

Ömür-gün arsıztək yüzə can çəkər,

Yaddaşda çözülən izə can çəkər,

Obayla bitirər, Ellə bitirər.

Boz köynək şairlər, künə şairlər,

Sözdən qala tikib, qala bitirər,

Hər biri Tanrıya, göyə üz tutub,

Gecəni obaşda belə bitirər.

Dəyişdi

İndi də havaya əl uzatdılar,

Yağış da dəyişdi, qar da dəyişdi.

Dodağı açılmır gülün, çiçəyin,

Ağacda meyvə də, bar da dəyişdi.

Qançır dəymiş at tək, adamda üz yox,

Dinməyə ağızı, deməyə söz yox,

Meydan dərə, təpə, heç harda düz yox,

Canda da bu varlıq, var da dəyişdi.

Keçmişin bir boyat günü yaşandı,

Cəhənnəmin dibi, sonu yaşandı,

Sanki mollalığı, xanı yaşandı,

Şallax gündəm oldu zor da dəyişdi.

Yalan yer süpürdü, qayadan keçdi,

Qürurlu qürurdan, həyadan keçdi,

Daşıdığı addan, soyaddan keçdi,

Zülmə çəkdi ahı-zar da, dəyişdi.

Fəxri der: Güneyim, Təbrizim gözlər,

Ot basmış cığırım, hər izim gözlər,

Bizləri Göy üzüm, yer üzüm gözlər,

Bu nədi sülhü də, hürr də, dəyişdi!?

Güləşir

Ağaca bax, gül tutsa da təzə-tər,

Yaz ağzının son ayıyla güləşir.

Ox tutsaq da, ox atsaq da hədəfə,

Kirşəsiylə, can yayıyla güləşir.

Cığır tutduq, yol başladıq Turana,

Yol başladıq bozqır çölə, arana,

Soy artsa da, soy gəlsə də sırama,

Üç-dörd gicin min oynuyla güləşir.

Biri molla, biri quldur, ya cani,

Nə ölmədi, nə çıxmadı heç canı,

Yermi ölçür başı batmış bu Coni ?

Pilləkənin yan tayıyla güləşir.

Nə Tanrıya, nə göylərə xoş gedər,

Milyonlar da çaşbaş qalıb, çaş gedər,

Çay sozalıb, arx çəkilib boş gedər,

Tülkü boğan cır yayıyla güləşir.

Vaxtı-anı hər nəsnəsi alıbdı,

Ümidləri çalınçarpaz salıbdı,

Günümə bax, gör nə günə qalıbdı,

Bir yurdsuzun zır hayıyla güləşir.

Quzey burda, Güney orda boğulur,

Bayır-bucaq, kərkük darda, boğulur,

Harda türk var nədən zorda boğulur?

Şərin-zülmün kor qıyıyla güləşir.

Ağaca bax, gül tutsa da təzə-tər,

Yaz ağzının son ayıyla güləşir.

Ox tutsaq da, ox atsaq da hədəfə,

Kirşəsiylə, can yayıyla güləşir.

Sızlayır

Olanlar bezdirib adamı daha,

İlişib dodaqda sözüm sızlayır.

Könül də, qanadı qırıq quş kimi,

Sinəmdə meh altda közüm sızlayır.

Hələ ovulmayıb çox itin boynu,

Qurtarmır əməli, qurtarmır oynu,

Bir kimsə dartıb da çəkəmmir yaynı,

Hirsimdən, qəzəbdən üzüm sızlayır.

Kipriklər sallanb enər danüzə,

Ölüm kölgə kimi enər bənizə,

Sanki duman enər, çən enər üzə,

Bir acı damcıdan gözüm sızlayır.

Sən elə ha buda, bu kol da, kos da,

Yenə tikan-tikan, dik, ayaqüstdə,

Qatıb qanı qana neçə can üstdə,

Yaddaş it-bat olub, izim sızlayır.

Yollar daraq kimi, köçü daradı,

Ağrılar, acılar içi daradı,

Külək, sazaq tutub diki daradı,

Eniş-yoxuşunda dizim sızlayır.

Olanlar bezdirib adamı daha,

İlişib dodaqda sözüm sızlayır.

Könül də, qanadı qırıq quş kimi,

Sinəmdə meh altda közüm sızlayır.

# 2143 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
# # #