Kim ölübsə, gəlsin... - Aqşin Yeniseydən yeni şeirlər

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

19 yanvar 2022
# 16:30

Kulis.az Aqşin Yeniseyin “Kərgədanın orjinalı” silsiləsindən olan yeni şeirlərini təqdim edir.

Qodot gəldi

Səlim Babullaoğlu üçün

Doğuşdan qalmadır yalqızlığımız
Tək ağladığımız o andan,
Tək çəkdiyimiz o ilk ağrıdandır həyata acığımız,
Acıdığımız.

Ağlamaqmı lazım?
O zaman bir ovuc göz verin mənə.
Gülməyimimi istəyirsiniz?
O zaman bu bir cüt gözümü də çıxarın.
Bilmədiyimiz bir dil varmı?

Lal olmaq üçün.
Eşitmədiyimiz bir söz varmı
Kar olmaq üçün
Görmədiyimiz bir insan varmı
Kor olmaq üçün?..

Zavallı

Salam Sarvan üçün

Birdən onu xatırladım;
Kimsənin cəsarət edib üzünə qapı açmadığı faciələrin gecəqondusunu.
Soyulmuş dərisini bir cam şəraba dəyişən sufilərin sonuncusunu.

Birdən onu xatırladım;
İki vətəni ola-ola vətən ehtiyacı içində boğulan dahini.
Qucaqlayıb ağlayırdı, bir qarabasmanın özünü aşağı atdığı sürahini.

Birdən onu xatırladım:
Yorulmuşdu “Başını dik tutub süründüyü” misrasında.
Oturmuşdu onu axtaran izdihamın ortasında.

Birdən onu xatırladım;
“Öldürənlər əbədi ayrılıqlar deyil, müvəqqəti ayrılıqlardı” fətvasının şəhidini.
Öz sümükləri ilə yedirirdi həyətdə bir ev itini.

Birdən onu xatırladım;
Meqapolis Məcnununu,
Kimsə tutub buraxmışdı səhradan Bakıya onu.

Birdən onu xatırladım:
Bir sümük, bir dəri körpə…
Öz əlləriylə eşirdi beşik boyda goru körpə.

Birdən onu xatırladım;
Döyüşən, amma düşmən olmağı bacarmayan döyüşçünü.
Özünü öldürmək üçün saxlamışdı son gücün.

Birdən onu xatırladım;
Məhvə meylli adamı…
Yiyəsiz daxma balası, qapısı qoltuğundaydı
Ağlayanda deyirdi ki, bu xaraba yenə damır.

Birdən onu xatırladım;
Altı milyonluq şəhərdə güzgüylə tək qaldığını
Öz-özüylə danışmaqdan
İki nəfər olduğunu.
Və haraya dönüb baxsa eyni şeyi gördüyünü
Hamının, hər şeyin bir gün bir-birinə oxşayan yoxluğunu…

Səttar Bəhlulzadənin son sözləri

Səttar Bəhlulzadə üçün

Bir yağış var bədənimdə, gəmilərin bezgin səhrasından sovrulub.
Bir duman var bədənimdə, dağların dalbadal siqaretindən dolub
Bir soyuq var bədənimdə, ucuz pencəyimin cibindən qalıb…
Bir külək var içimdə, qaxac olub…

Elə bil, məndə ərsiz bir meşə solub
Elə bil, məndə aşiqsiz bir dəniz quruyub
Elə bil, məndə övladsız bir səhra ölüb.
Elə bil, bədənimdə bir meyit unudulub

Başqasına aid.

Son günlər kim ölübsə, öz içində,
gəlsin, meyitini aparsın,
məndə qalıb…

Sıfır kəşf edən adam

Kamal Abdulla üçün

Bu yalqız və kimsəsiz boşluğun ilk hüceyrəsini,
varlığın gizli hücrəsini kəşf etdi
Heçliyin altındakı fal yumurtasını kəşf etdi
Sükutun itmiş bəxt üzüyünü
Nə vaxtsa yolu buralardan düşən
Yoxluğun qurumuş təzəyini
Sonsuzluğun özəyini kəşf etdi.
Olmayanın varlığını, olanın bikarlığını kəşf etdi
Varlığın korluğunu kəşf etdi
Zamanın öz quyruğunu udan bir ilan olduğunu
Təkliyin nöqtədən ibarət təkrarlığını
Çoxluğun uzaqlaşan barbarlığını kəşf etdi.

Sıfırı kəşf edən adam
Gözəlliyin mumiyası olan qadını kəşf etdi
Yalqızlığın əcdadını kəşf etdi
Azadlığın mümkün enini uzunluğunu kəşf etdi
Xoşbəxtliyin yararsız bolluğunu kəşf etdi
Sıfırı kəşf edən adam
İlk dəfə kəşf edə bilməməyin formulunu kəşf etdi.
Sıfırı kəşf edən adam
Tanrının deyil, ölümün oğlunu kəşf etdi…

/sim-sim.az/

# 5827 dəfə oxunub

Oxşar xəbərlər

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

18:40 16 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

18:43 15 noyabr 2024
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

18:40 13 noyabr 2024
# # #