Heyif sənə, deyirəm, heyif... Rəsul Rza!- Şahnaz Şahin

Heyif sənə, deyirəm, heyif... Rəsul Rza!- Şahnaz Şahin
7 iyun 2024
# 15:30

Kulis.az Şahnaz Şahinin Rəsul Rzaya ithaf etdiyi "Darısqallıq həddi" poemasını təqdim edir.

Bir insan şəkli tapdım,
Asdım qəlbimin üstündən.
Dərdlərini dəstələyib
Asdım qəlbimin üstündən.

Hər gün, hər saat yanıltmac,
Bir gün ayrılıq salacaq..
Ömür, həyat bir oyuncaq
Asdım qəlbimin üstündən...

Nə dedin dua olası.
Ruhuma işıq salası..
Rəsul Rza haqq qalası
Asdım qəlbimin üstündən!..

...
Qarşımda bir insan şəkli var, Ustad,
Başımda dolaşıq fikirlər kələfi..
Qulaqlarımda səslənir həyat himni :
“Ömür keçdi, gün keçdi”
Aramızda böyük yaş fərqi var
Sən... mənim atam...
Eh, bu gün hara, dünən hara
Lap mat qalır adam.
...

…Sözlərin elə bil indicə hopub
Ağ varaqlara
Yol ağzında yel vurub titrədən sarı sünbül
kimidi ürək.
Ürəyimdən gözlərimə gələn yolda
Tanımadığım kimsə var...
Ürək dözmədiyinə göz dözür,
Lap əmr alıbmış kimi
“Döz !” dözür...


…Yanağımda ilk müəllimin
sillə səddi,
Saçımda yoldan tapdığım lentin
Acı parıltısı..
Qulağımda qonşu partada oturan
qızın “Bu mənim lentimdi”
pıçıltıcı...
Sürətlə sifətimə çırpılır
qaynar qanımın qızartısı...
Pobot əsridi indi...
Şagirdə çırtma vurmağa müəllimin
nədir həddi...
...
Anadan gözəl kim var..
Anama bənzəyir bu qadın.
Bax gecə keçib gedir,
Ev sükut, hamı yatıb..
O qadındır, o ana
Gecənin bir yarısı
Qalxıb şirin yuxudan
Dolanır otaqları..
Nəfəsimi dinləyir,
Çəkib örtür üstümü.
Sığallayır telimi,
Düzəldir yastığımı..
Və rahat olub gedir..
...

... Anamın əqrəb sancan əlinə,
vaxtsız ağaran telinə,
bükülən belinə ağlayıardım...
Əlimdən bir şey gəlməyəndə isə...
öz günümə.
Qonşumuzun davada itkin düşən
ərinə,
dağılmış yulğun çəpərinə ağlayardım.

Sonsuz bir qarının sahibsiz
həyətinə....
Ondan sonrada həyəti tərk etməyən
vəfalı itinə ağlayardım...
Dünyada ölüm adlı cəlladın olduğunu
biləndə hələ çox uşaqdım
... həmin gün bitdi uşaqlıq çağım...
...


Sinəm altı qoruqdu.
Üstü varaq-varaqdı,
Məni bir səs çağırdı..
Qaçdım, çata bilmədim!

Yanıb keçdi ocaqlar,
İlıq, yumşaq axşamlar..
Pərişan qara saçlar...
Qaçdım, çata bilmədim!..
...

“Əl tutmaq Əlidən qalıb” dedilər, Ustad,
bir də “ Balığı at dəryaya”
Əl verdiyim adım əlimi kəsir indi,
dil öyrətdiyim dilimi...
Vallah hərdən nahaq qınayırıq ölümü!...
Vaxt keçir, yerimi dəyişmək istədim,
Gördüm
hələ də dünyanın darısqallıq həddi keçilməyib!..

...
Önümü qəlibə salınmış
sevgilər kəsdi, Ustad,
Canımı ölçülü –biçili
adamlar sıxdı...
Yenə də
”Ən dəhşətli nüsxə insanlar içindədir...”
...Bu gecə başım üstündə
Nurlu siman, ürəyimdə xeyir-duan,
Şeirlərinlə yol çəkirəm
ən yaxın ulduza....
Heyif sənə, deyirəm, heyif...
Rəsul Rza!...

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

Səni gözləmişdim ömrüm boyu mən - Günün şeiri

Səni gözləmişdim ömrüm boyu mən - Günün şeiri

12:55 10 dekabr 2025
Yazın ki, o çox xoşbəxtdir: çünki... - Səlim Babullaoğlunun şeiri

Yazın ki, o çox xoşbəxtdir: çünki... - Səlim Babullaoğlunun şeiri

11:25 10 dekabr 2025
Öz taleyini özün seçməliydin, Müşfiq əfəndi! - İlkin Özün yeni şeirləri

Öz taleyini özün seçməliydin, Müşfiq əfəndi! - İlkin Özün yeni şeirləri

15:00 8 dekabr 2025
Qalx, oğlum, bu nağıl yatmamaq üçündür... - Gərus Əbdülməlikianın şeirləri

Qalx, oğlum, bu nağıl yatmamaq üçündür... - Gərus Əbdülməlikianın şeirləri

12:00 7 dekabr 2025
"Qədir gecəsi də sərxoşam meydən...." - Ömər Xəyyamın rübailəri

"Qədir gecəsi də sərxoşam meydən...." - Ömər Xəyyamın rübailəri

14:30 4 dekabr 2025
Hər anın içində möcüzələr var - Leyla Əliyevanın şeiri

Hər anın içində möcüzələr var - Leyla Əliyevanın şeiri

18:10 1 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər