Bu gün mərhum şair, yazıçı Zərdüşt Şəfinin doğum günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
I
Bu gecə də çiçəklər açmadı,
Quşlar
Bu sabah da susacaq...
Evlər -
Yolların sonunda dayanıb...
Evlər yolların sonudu...
Sürahilərin altından
Uşaqlar baxır...
Uşaqlar baxır
Taxtaların arasından...
Taxta sürahilər
Boyasını töküb
Və susur...
Böyüklər
Pəncərələrin önündə dayanıb
Baxırlar yolların
ən uzununa -
birini gətirməyən yol ən uzun yoldu indi...
Bu gecə də çiçəklər açmadı,
quşlar
bu sabah da susacaq....
II
Sənin olacaq ulduzu gözlə,
Bir gün göz edəcək sənə,
Gözlə,
Gözlə ki, sevinəcək bir gün
Gözlərin...
Bilirsən,
Bu gün
dua etmək üçün ən gözəl gündü -
Ümid yoxkən...
Sabah o ulduzu göründümü -
Artıq gec olacaq
Sənin olacaq ulduz
Asılmamış göy üzündən
İntihar etmiş adamın
İşıq saçan başı kimi -
Dua oxu
Duan -
Ulduzu gətirməyəcək...
Sadəcə göstər,
Göstər inamlı olduğunu...
Vəssalam...
III
Sənin evin -
Bir yolun sonunda,
Bir təpənin üstündə,
Soyuq və qaranlıq bir gecədə
Dayanıb
Səni gözləyir...
Çox balacadı -
Sənindi amma...
Çox soyuqdu -
Sonundu amma...
Gir evə -
toxunmadan hörümçək torlarına...
Onlar sənin yoxluğunun rəmzidi
Başının üstündə -
Toxunma onlara...
Hörümçəklər
Səni sevən dostlarındı...
Onlar
Səni düşünürlər
Yoxluğunu
Hər yeni ilmək atanda...
Sənin evin
Bir yolun sonunda
Bir təpənin üstündə
Soyuq və qaranlıq bir gecədə
Dayanıb
Səni gözləyir...
Gecikmə,
evə gecikməzlər...
IV
Sakitlik çökəcək bir gün şəhərə,
Kəndə sakitlik çökəcək...
Səni unutmuş olacaq zaman,
Məkan,
İnsan...
Hər şey yox olacaq bir gün -
əllərindəki ölümün adı
sənsən....
əllərdə və çiyinlərdəki ölüm
sənsən...
sən
ölüm göstəricisi
yer üzündə...
sübutusan -
qəbirlərin insanlara aid
olmadığının.
V
Bir otaq var:
balaca,
Mavi divarları və zəif işıqlı çırağı...
Hörümçək torları
Alnının yazısı kimidi...
Bilməzsən,
Bu həndəsə düşüncəli qız
Nə yazır hər gün
Yorulmadan
Evin alnına...
Və bütün milçəklərin
Onu oxumaqçün
Canlarını belə verməyə hazırdılar...
Bütün milçəklərin
İntiharçıdılar...
Oxu boşluğa yazılan sözləri
Ya da sus...
Bu otaq sənindi
Bu hörümçək sənin
Sənsə -
Milçəklər qədər olmadın....
VI
Şeytan
Cəmi altı hərfdi
Bir hərifdi
girib sənin canına,
Sən osan,
O səndi...
düşün ki, tək deyilsən
düşün ki, bir şeytan var içində
bir gün onu
əlləri və ayaqları bağlı
təhvil verəcəksən...
ya da o səni uzadacaq
qurbanlıq qoyun kimi
məbədin önünə...
Əllərini aç və
dua elə,
Bilinsin ki inanırsan...
Və onun buynuzları
Dərhal düşəcək
əllərinə...
əllərin günahkar qalacaq bircə...
VII
Gözlərin ovuc içi kimi açıq-
yolunu gözləyir
kiminsə uzanan əlinin...
Ovcunu dolduracaq ümid yoxdu deyəsən...
Qapına gələn adamlar səni sevənlər deyil-
sevgi evinin qapısı olmur...
Dua et
yağışqabağı,
Fevral yağış ayı deyil axı...
Yuxarıdan baxanda
bu anda
səndən gözəli yoxdu...
Yumma gözünü dua edəndə,
inamını göstər sadəcə
sadəcə özünə...
bağla əllərini
ancaq gözlərini yumma-
gözlərin ovuc içi kimi açıq...
VIII
Artıq yoxam göydə,
yer udub məni,
bircə başım gəzir göydə,
bilirəm...
Hara baxıramsa gözüm kor kimi
çoxdan tərk edilmiş bir ev görürəm....
Artıq yoxsan yerdə,
göy udub səni,
bircə ayaqların yerlə sürünür...
Hara baxırsansa gözün kor kimi-
gözünə ümidsiz adam görünür....
Artıq o ev yoxdu...
Artıq sən yoxsan...
Deyəsən mənim də sonumdu axı...
O evdə yaşayan,
bu göyü görən
bircə yaşayan da ölümdü axı...
Artıq heç kim yoxdu...
Artıq heç nə yox...
Fevral-mart 2011