Bütün ölülərin yadigar qoyub getdiyi qol saatı - Səttar Temuçinin yeni şeirləri

Bütün ölülərin yadigar qoyub getdiyi qol saatı - Səttar Temuçinin yeni şeirləri
8 dekabr 2023
# 17:00

Kulis.az Səttar Temuçinin yeni şeirlərini təqdim edir.

Gələrsən?

Qar üstündə ayaqların toz olub,
Gedişin də bilinmir.
Sən gedəndə hamiləymiş günəş də,
Hansı ara doğub amma bilinmir.
Ölüb yəqin "Sabah" adlı körpəsi,
Gecələri ruh şəklində sabahların kölgəsi.
Ölünəsi gündü vallah, hava alatorandı,
Yağış elə əsəbidi, buludlar qaşqabaqlı,
Tüpürürlər göydən mənim üzümə,
"Mən dilənçi deyiləm" qışqıran küləklərin,
Əllərini şimşəklər kəsib atdı üstümə.
Bu necə gündü belə,
Sən nə yaman getmisən,
Sən nə ya-man get-mi-sən...
Sən gedirsən, düşmən olur günəş mənə,
Düşmən olur bulud mənə, yağış mənə,
Mən ki axı getməmişəm,
Gəl, sən Allah.
Gəl danış bu səfehləyən yağışa,
Gəl danış bu başıxarab günəşə,
De ki, olan olub, ölən ölüb,
Və sən, mən, yağış, günəş - hamımız,
Gedək, ölən "Sabah"ların qəbrinə,
Ölüb gedən sabahlara ağlayaq.
Göy guruldasın...
Buludlardan biraz da normal yağışlar yağsın...
Qoy kənara nifrətini,
Ölümüz var,
Gələrsən?

Zaman

Bir şair düşün,
Ən gözəl misranı deyəcəyi an,
Əcəl yapışa boğazından.
Bir quş düşün,
Uzaq düşə yuvadan,
Qanadından zaman damlaya,
Bütün ölülərin yadigar qoyub getdiyi
Qol saatına.
Və zaman yenidən axa...
Ölülər o quşun qanadlarının üstündən
Baxa... Baxa... Baxa...
Paslanmış baltanın çürümüş sapından yapışan,
O qədim biləklərin üzərində sıx meşələr yaranar.
O tüstüsü dayanmayan bacalarda leylək yuva salar.
Sarmaşıqlar sarılar sarıldığın adamların baş daşına,
Tək başına qalarsan, adam tək başına...
Yatağda itlər oynaşar,
Evində ilan dolaşar,
Gecə gündüzlə dalaşar,
Ayıra bilməz ulduzlar...
Qarışqalar evindəki son çörəyi yavaş-yavaş,
Aram-aram daşıyarlar.
Pəncərələrin sınar küləkli bir gündə,
Sevdiklərinin şəkili düşər masanın üstündən,
Ocağın və siqaretin yan-yana.
Əvvəl yana-yana olardı...
Dibçəklərdə güllər yalnız sənsiz belə solardı.
Bir saat düşün,
Şairin qolunda,
Şair ölər,
Zaman durar,
Şeirlər öz yolunda...

Düşüş

Bu gün fəlsəfi şeirlər yazmağı düşündüm ,
Sonra sən yadıma düşdün.
Sonra baxdım ki, yarpaqlar düşür ağaclardan,
Əllərimi açdım, yağışlar düşür uzaqlardan,
Taqətim düşür bu havalarda.
Kim deyir ki, payız şairlərin havasıdır,
Bu palçıqlı yollarda,
Şütüyən maşınların ətrafında ,
Sənin qədər islanıram mən də.
Bu şəhər lap gözümdən düşür.
Sənin qalxdığın binaların lap başına
Başqaları da qalxır,
Amma...
İndi düşürəm sonuncu dayanacaqda,
Bəlkə nə vaxtsa sənə də şeirlər yazaram.
Bəlkə nə vaxtsa sən yazarsan, hə?!
Bu düşə-düşdə könlümə elə düşmüsən ki...
Allah heç düşmənimi də bu günə düşürməsin, vallah...

Salam

Mən indi oturmuşam,
Hə, oturmuşam.
Kafedəyəm, çay içirəm...
Biraz yuxarıdan baxsan mənə,
Xəzərə yaxın bir yerdə,
Biraz da yuxarıdan baxsan,
Dünyada bir yerdə,
Biraz da qalx, qorxma
Onda görərsən ki,
Mənim oturmağım da,
Durmağım da,
Ölməyim də,
Heç bir şey ifadə etmir...
Yalnız Tanrı üçün yuxarıdan baxmaq
Zövq verir.
Sən bu şeirdə qafiyə axtaranda,
Mən artıq oturmurdum...
Gözündən nə qədər şey qaçır, insan
Sən oturmaqla durmaq arasındakı zaman dilimində,
Gözümdən elə düşürsən ki,
Səni sevməyim üçün sadəcə bir səbəb de.
De ki, salam
Mən indi oturmuşam,
Hə, oturmuşam...

# 2318 dəfə oxunub

Oxşar xəbərlər

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

12:00 11 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

12:00 9 yanvar 2026
"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski  nə söyləmişdi?

"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski nə söyləmişdi?

15:00 8 yanvar 2026
Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

12:01 8 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər