"Beşiyin Bakıdadır, məzarın Ankarada" – Günün şeiri

"Beşiyin Bakıdadır, məzarın Ankarada" – Günün şeiri
31 yanvar 2024
# 13:05

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Kulis.az Xalq şairi Zəlimxan Yaqubun ona həsr etdiyi “Kişi” şeirini təqdim edir.

(Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr)

Yetmiş illik ayrılıq axır ki çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordun uzaq yolları, səsinlə, sorağınla,
Qırdın axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!

Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!"-deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!

Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

# 2691 dəfə oxunub

Oxşar xəbərlər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

13:47 12 noyabr 2026
"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

12:32 12 noyabr 2026
"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." -  Əli Şirin Şükürlünün metamodern şeirləri

"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." - Əli Şirin Şükürlünün metamodern şeirləri

15:00 11 noyabr 2026
"Qoy, mən də gəlim səninlə..."  - Yannis Ritsosdan şeirlər

"Qoy, mən də gəlim səninlə..." - Yannis Ritsosdan şeirlər

13:00 11 noyabr 2026
İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

12:45 10 noyabr 2026
“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər