Məcburi köçkünlərin "işğal" etdiyi evlər... - Səidə Bəkirqızının qaçqınlarla bağlı çıxışının məqsədi nə idi?

Məcburi köçkünlərin "işğal" etdiyi evlər... - Səidə Bəkirqızının qaçqınlarla bağlı çıxışının məqsədi nə idi?
15 sentyabr 2025
# 12:00

Kulis.az Orxan Həsəninin "İşğal" yazısını təqdim edir.


Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı qəzəbli çıxışına baxdım.

Doğrudan da, otuz il öncə bəzi insanlar elə hesab eləyirdilər, Qarabağın kitabı Azərbaycanın məğlubiyyəti ilə bağlandı. Daha heç vaxt o torpaqlara qayıda bilməyəcəyik. Ümid etmək, yenidən savaşa hazırlaşmaq, nəyisə dəyişmək mənasızdır.

İrəli baxmalı, keçmişlə barışmalıyıq.

Barışmadıq.

Aradan otuz il keçdi, Azərbaycan əsgərinin ayağı yenidən Qarabağ torpağına dəydi. Azərbaycan əsgərinin ayağı Qarabağ torpağına dəyəndən sonra bir dəstə car çəkməyə başladı: bəli, Qarabağ müharibəsi bitdi.

Daha heç bir problemimiz qalmadı. Yalnız işıqlı gələcək.

Hərdən istəyirəm, mən də həyata belə pozitiv baxım.

Alınmır.

Alınsaydı, yaşamağa nə vardı!

Ancaq dünyada heç nə müharibə qədər ziddiyətləri qabarıq şəkildə göstərə, ortaya çıxara bilməz.

Ziddiyət varsa, haqqında düşünmək lazımdır.

Mərkəzində müharibə olan hər yeni akt özü ilə yeni bir reallıq, daha doğrusu yeni bir problem gətirir.

Vətən müharibəsindən sonra qazilərin istəkləri, ağır travmalara məruz qalmış insanların həyata adaptasiya ola bilməməsi, qısa müddətdə artan qazi intiharları ən ciddi problemlərimizdən biri idi. Belə xəbərləri oxuduqca, müharibədən qayıdan dostlarıma, hətta doğma qardaşıma baxdıqca düşünürdüm, doğrudan da, müharibədən heç kim sağ qayıtmır.

Müharibə həmişə onu görənlərin içində təkrar-təkrar yaşayır, illər bir-birini qovsa da, həmin zamanda ilişib qalırlar, məsələn, qollarında ölən əsgər yoldaşlarının üzü yaddaşlarından silinmir, minaatan mərmiləri adamları tikə-tikə eləyir, güllələr hələ də vıyıltıyla keçir.

Kiməsə dəyir.

Kimisə yıxır.

Kimsə qalxa bilmir.

Qardaşım 2020-dən bu yana hər payız gələndə öz-özünə deyir: yanan insan ətinin qoxusu burnumdan getmir.

Müharibədən doğan daha bir məsələ məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasıdır. Necə? Axı ermənilər azərbaycanlılar yaşayan bütün kənd-şəhərləri dağıdıb, daş daş üstündə qoymayıblar. Deməli, kənd-şəhərlərimizi yenidən bərpa etməliyik.

Bu isə zaman tələb edir.

Aradan beş il keçib. Azərbaycanlılar yavaş-yavaş bərpa olunmuş kəndlərə qayıdırlar.

Əlbəttə, qayıtmaq istəməyənlər də var.

İstəmirlər, qayıtmasınlar.

Heç kimi heç nəyə məcbur eləmək olmaz. Şuşa, Laçın, Kəlbəcər, Xocavənd bizim üçün nə qədər doğmadırsa, Bakı, Şəki, Gəncə də o qədər doğmadır.

Heç kimi şəhid, qazi adları ilə manipuliyasiya etməməliyik. Onların getdikləri yolun böyüklüyünü beş-on adamın Qarabağa köçüb-köçməməsinə endirmək olmaz.

Hərdən sosial şəbəkələrdə qayıtmaq istəməyən məcburi köçkünləri qılınclayan adamlara rast gəlirəm.

Görəsən, bu nifrətin səbəbi nədir?

Girib profillərinə baxıram, hərəsi bir rayondandır.

Hamı öz rayonuna qayıtmalıdırsa, buyur, ilk addımı sən at.

Öz rayonuna birinci sən qayıt.

Bununla belə, ortada böyük bir ədalətsizlik var; məcburi köçkünlərin "zəbt etdikləri" evlərin taleyi.

Mən məcburi köçkün ailəsində böyümüşəm. Uşaqlığım heç vaxt getmədiyim bir kəndlə bağlı xatirələrə qulaq asmaqla keçib. Gecələr qohum-qonşular babamın ətrafına toplaşar, yetmişini təzə haqlamış babam nazik barmaqları ilə oynaya-oynaya şam işığında danışardı və o danışdıqca daxalın xalça, palaz sərilmiş kərpic divarına adamların kölgəsi düşərdi, mən kölgələrin hərəkətində babamın danışdığı hadisələri görərdim və kəndimizi belə tanıyardım.

Ailəm 1992-ci ilin iki oktyabrında Xocavənd rayonunun Əmirallar kəndindən məcburi köçkün kimi çıxıb, 1996-cı ilə qədər Haramı düzünün Beyləqan rayonu ərazisinə düşən hissəsində məskunlaşıblar. Sonra Beyləqan rayonunun Aşıqlı kəndinin girişində daxal tikib yaşayıblar.

2002-ci ildə isə Norveçin neft şirkəti tərəfindən bizə tək göz, müvəqqəti sığınacaq verilib.

Biz o sığınacağı böyüdüb ev eləmişik.

Həyatımın on beş ilini o evdə yaşamışam.

Aşıqlı kəndinin girişində yaşadığımız zamanlar məndən xeyli böyük əmim oğlu həmin kəndin məktəbinə gedirdi. Xatırlayıram, yeni dərs ilinə “yerli” məktəbdə başlayan əmim oğlu sonrakı günlərdə dərsdən qaçmağa, nəhayət getməməyə başlamışdı. Mən o zamanlar uşaq idim və başa düşmürdüm əmim oğlu nə üçün dəftər-kitabını götürüb evdən çıxır və məktəb yerinə bizə gəlir, günortayacan təsərrüfat işlərində babama kömək eləyirdi. Məktəbə getdiyi vaxtlarda isə üstü-başı çirkli, köynəyi, şalvarı cırılmış gəlir və gəlib üstünün-başının çirkini bizdə təmizləyib, evə qayıdırdı.

O vaxtlar anlamasam da, illər sonra uşaqların onu qərib bilib, təkləyib döydüklərini başa düşürəm, amma bunu nə zaman ondan soruşsam, inkar eləyir.

Beləliklə, müharibədən sonra hər ailənin öz taleyi oldu, hər ailəni tale bir tərəfə atdı.

Əlbəttə, bütün ümumiləşdirmələr küfrdür. Ona görə əlimizi məcbur köçkünlərin yaxasından çəkməliyik.

Məcburi köçkünlərin "zəbt etdikləri" evlər öz sahiblərinə qaytarılmalı, onlar nəhayət bütün güzəştlərdən azad olunmalıdır.

Buyur, indi kim harada istəyir orada yaşasın.

Qarabağ problemi yalnız ermənilərin işğal etdiyi evlərin azad olunması ilə yox, həm də məcburi köçkünlərin "işğal" etdiyi evlərin azad olunması ilə bitəcək.

Vaxtımı dondururam.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər