Sevgisiz nikahın qurbanı - Bir-birinə xəyanət edən ər-arvad

Sevgisiz nikahın qurbanı - Bir-birinə xəyanət edən ər-arvad
6 fevral 2024
# 12:00

Bu gün görkəmli rejissor Andrey Zvyagintsevin doğum günüdür.

Kulis.az bu münasibətlə Ömər Xəyyamın “Sevgisiz” filmi haqqıda yazısını təqdim edir.

Andrey Zvyagintsevin “Sevgisiz” filmi soyuq rənglərlə işlənilib.

Yəni sevgisizlik rəngində.

Dialoqlar qısa-konkret, dərd ağır, hava da pis...

Moskva. Kamera 12 yaşlı yeniyetmənin dalınca... Daha doğrusu, Boris və Jenyanın qurbanı, təsadüfən doğulmuş Alyoşa kameranı həqiqətə tuşlayır.

Əlüstü evlənmiş sevgisizlər – Jenya və Boris boşanma ərəfəsindədirlər.

Boris adətən evə gec gəlir. Söz-söhbət, təhqir, dava-dalaş... Onlardan ötrü hərəsinin öz həyatı maraqlıdır. Alyoşanın sevgisizlikdən yarandığını, onun adi bir təsadüf nəticəsində doğulduğunu təkrarlayırlar.
Özü də elə uşağın yanında.

Deyərsən, Jenyanın ağrılarına, bədbəxtliyinə səbəb Alyoşadır.

Alyoşa yaddır.

O, nə uzaq, nə də yaxın - heç bir planda yoxdur. Anası üçün Alyoşa evlilik səhvinin ifadəsidir. Ondan qurtulmaq istəyir. Görməzlik, nifrət...

Əslində, Jenyadan ötrü Alyoşa Borisin özüdür, onun boyu balaca, yaşı az olsa da, - Borisdəndir, xatirədir. Jenyaya özünü xatırladır.

Boris də Alyoşanı görmür. O, heç vaxt Alyoşanın otağına girməz, başını sığallamaz, hal-əhval tutmaz...

Əgər Alyoşa Jenyadan ötrü Borisdirsə, Borisdən ötrü də Jenyadır.

İndi Borisi bir şey maraqlandırır: Boşanmağı şirkətdə necə qarşılanacaq? Kariyerasına təsir edəcəkmi?,

Onlar hər dəfə dalaşanda uşağın gələcəyini müzakirə edirlər. Müzakirə deyəndə ki… Əslində, iksi də öyrənmək istəyir ki, uşaq kimdə qalacaq? Daha doğrusu, bu haqda öyrənmək istəmirlər.

Alyoşa eşidir, görür, fəqət susur.

Və biryolluq qaçır...

Qaça-qaça kadrdan çıxır.

Beləcə Alyoşa yoxalır…

***

Borisin də, Jenyanın da sevgilisi var.

Üstəlik, Borisin sevgilisi hamilədir.
Məsələn, Alyoşa yoxalan gün onlar əvvəlcə alış-veriş edirlər, sonra qəşəngcə sevişirlər.

Jenya da özünə çəki-düzən verir, makiyajını təzələyir, sevgilisi ilə görüşür.
Onlar əvvəlcə şam edirlər, sonra qəşəngcə sevişirlər.

Bir növ, obrazlar kişi/qadın kimi yox, sırf heyvani instinkt kimi mövcuddurlar. Sevda Sultanova ilə razıyam, personajlar qadın və kişi təyinatlarını yalnız cinsi səviyyədə yaşayırlar.
Təsadüfi deyil ki, cinsi aktlar kölgə effektilə işlənib. Bu münasibətdə seks ancaq fiziki tələbatdır: üzləri görünmür, duyğuları hiss olunmur.

Jenya gecənin ölü sevindirən çağı qayıdır, Alyoşanın otağına baxmır, eləcə yatır...

Və məktəbdən zəng gəlir.
Məlum olur ki, Alyoşa iki gündür məktəbə getmirmiş.

***

Könüllülərdən ibarət axtarış-xilasetmə qrupu, polislər...

Axtarış prosesi Borisə də, Jenyaya da təsir edir. Fəqət dərs alacaqlarmı?

Bu film, əlbəttə, sadə ailə dramı deyil. Andrey mahiyyətcə Rusiyanı, Rusiyanın timsalında həm də bizi göstərir.

Jenyanın köynəyində böyük hərflərlə yazılmış “Rusiya” elə Jenyanın özüdür. Ya da belə: Rusiya Jenyadır – sevgisiz, ruhsuz...

***

Könüllülərdən ibarət axtarış-xilasetmə qrupundan, ara-sıra görünən uşaqlardan başqa filmdə simpatik, sevimli xarakter yoxdur. Obrazların hamı sevgisiz... Məsələn, Borisin yeni sevgilisi onun evə gec gəlməyindən bezib, uşağı axtarmağın mənasız olduğunu deyir. Təsadüfi deyil ki, o özü də növbəti Alyoşaya hamilədir.

Alyoşanın aqibəti müəllimi üçün də o qədər maraqlı deyil.

Alyoşanın aqibəti nənəsi (Jenyanın anası) üçün də maraqlı deyil. O vaxtilə bu münasibətin əleyhinə olub. Alyoşanın yoxalmağı nənədən ötrü özünüsübut zəminidir.

Qayıdaq əvvələ: Jenya yeni sevgilisiylə restoranda...

Səhnə bir ayrı qadının tualetdən dönüşüylə başlayır. Qadın bu qısa yolda ondan tanışlıq üçün nömrə istəyən tanımadığı bir adama rahatlıqla nömrəsini verir.

Bu səhnə filmin havasına, Andrey Zvyagintsev estetikasına tamamilə yad üslubda çəkilib: Qadın birbaşa obyektivə baxır və nömrəsini deyir...

Andreyin qara hərflərlə altını xətləyib cinsiyyətçilik etməyini, bir növ, əxlaq mühafizəkarlığına və bu mühafizəkarlığın görünüşü şıq olsa da, içi başdan-sonacan qəlib, işlənilmiş versiyalarına əl atacağını gözləməzdim.

Məsələn, basmaqəlibin növbətisi: Qatar. Hamının başı telefonda…

Unutmayınız: nikah – yatıb durduğunuz adam haqqında rəsmi məlumatdır…

# 2891 dəfə oxunub

Müəllifin son yazıları

# # #