İntihar edən kirayəçi

İntihar edən kirayəçi
27 oktyabr 2016
# 15:47

Şəhərdə yaşayan insanlarıq hamımız. Böyük göydələnlərin, binaların içində fərqli-fərqli həyatlar, talelələr yaşayırıq. Mən həmişə avtobusda olanda binaların pəncərələrinə diqqətlə baxıram. Düşünürəm ki, orda yaşayan adamlar indi neyləyir? Nə işlə məşğuldur? Kədərlidir ya sevinclidir? Mənzillərdə yaşayan insanların ağrı-acılarını çox vaxt görmürük, bəzən eşidirik. Bəzən də bizim özümüz hadislərin mərkəzində oluruq.

Dünya kinosunda sevdiyim rejissorlardan biri də polyak əsilli Roman Polanskidir. Polanski faciəli taleyi olan rejissorlardan biridir. Uşaq yaşlarında yaşadığı acılar, tramvalar sonralar onun böyük rejissor olacağından xəbər verirdi. Biz onu “Piyanoçu” filmi ilə tanımışıq. Hansı ki, o filmdə yəhüdilərin amansız işgəncələri, güllələnməsi, heyvan kimi rəftar görməsi hamımızı ağrıtmış, sarsıtmışdır. Filmdə heç unuda bilməyəcəyimiz o dialoqu xatırlayaq:

- Xahiş edirəm atəş açmayın, mən Polşalıyam.

- Niyə bəs, o lənət Alman paltsunu geyinmisən?

- Üşüyürəm.

Bu filmdən bəhs etməyəcəm. Çünki duyğularımı ifadə etməyə gücüm çatmaz.

Polanskinin ən sevdiyim filmlərindən biri “Kirayəçi”dir. Polanski özü bu filmin baş qəhrəmanıdır. Trelkovski sadə, mədəni bir insandır. Parisdə məmurdur, kirayə ev axtarır. Bir gün bir mənzil kirayələyir. Köhnə kirayəçi intihar etmiş, ancaq ölməmişdir. Trelkovski həmin adamı ziyarətə gedir. Gördüyü mənzərə onu qorxudur. Adam mumyalanmış bir vəziyyətdə, donmuş gözləri ilə ətrafa baxır. Trelkovski onun dostu, gözəl bir qadın Stella ilə tanış olur. Bir yerdə gəzir, söhbət edir, tekila içirlər. Hətta kinoteatrda Brus Linin filmini izləyirlər, öpüşürlər.

Trelkovski evə alışmağa başlayır. Ancaq qonşuları çox qəribə, vahiməli, tutumlu adamlardır. Ev yiyəsi dönə-dönə Trelkovskiyə tapşırır ki, evdə səs-küy olmasın, başqa adamlar gəlməsin evə. Demək olar mənzillərdə yaşayan adamlar assosial, depressiv həyat yaşayırlar və Trelkovskini də öz monoton həyatlarının tilovuna salmaq istəyirlər. Köhnə kirayəçinin ölüm xəbəri gəlir, bu o deməkdir ki, Trelkovski artıq mənzildə uzun müddət yaşaya bilər. Binanın tinində yerləşən kafeyə gedən Trelkovski ordakı adamların da qəribəlikləri ilə rastlaşır. Köhnə kirayəçinin çəkdiyi siqaretdən, içdiyi kofedən, yediyi yeməkdən Trelkovskiyə də təklif edirlər, sanki onu ölən kirayəçinin yerinə qoyurlar. İlk günlərdə Trelkovski bu cür münasibətdən xoşlanmasa da getdikcə ölən adama bənzəyir.

Trelkovskinin içində getdikcə gərginlik, qorxu, halünasiyalar yaranır. O, ağlını itirməyə başlayır. Qonşular onu dəlilik həddinə gətirib çıxardır. Paranoyak bir adama çevrilir. Hər kəsdən şübhələnir, qorxur.

Sonda Trelkovski intihara qərar verir. Qadın paltarında özünü başqa birisi yerində hiss edir və özünü aşağı atır. İlk cəhddə ayağı sınsa da yenidən cəhd edir. Bu dəfə istədiyinə çatır, ölür. Bütün bu olan-bitənləri izləyən qonşuların laqeydliyi, soyuqluğu adamı lap əsəbiləşdirir. İnan bilmirsən ki, insanın ölümü bunlar üçün heç nədir.

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

# # #