Kulis.az Əkrəm Əylisli ilə qısa müsahibəni təqdim edir.
- Karantin günlərini necə keçirirsiniz?
- Koronavirus günləri mənim üçün çox qəribə oldu. Əlimdə bir yazı vardı. Çoxdan yazırdım. Birdən dayandı, getmədi. On-on beş gün əzab çəkəndən sonra bir təzə mövzu tapıldı. Başladım yazmağa, yağ kimi getdi. Qəribə bir hekayədir. Həmişə yazdığım və heç vaxt yazmadığım mövzudur.
- Mövzusu nədir?
- Karantin günlərində bir alim, bir həkim, ikisi də Əylis qocasıdır. Tapışıb dərdləşirlər. Onlar bir vaxt məktəbdə eyni sinifdə oxuyublar. Ürəkləri doludur. Alim dərdli adamdır, dünyanın hər üzünü görüb. Həkim ruhi xəstələr həkimidir. Hərdən şeir yazmağı da var. Çox qüssəli hekayədir. Leytmotivi şair psixiatrın bir bənd şeiridir.
Dağların arasından,
Qəlbimin yarasından,
Dünyanın harasından,
Baxsan, Əylis görünür.
Hekayəni Allah qoysa bu günlərdə bitirəcəyəm.
Karantin günlərində kitab oxumaqdan çox danışılır. Guya hər şey kitabın başındadır. Mən bunu bir dəfə demişəm, Azərbaycanda elə ailələr var ki, evində dərslikdən savayı başqa heç bir kitab yoxdur. Bəs bu adamlar neyləsin?! Adamlara kitab oxumağı tövsiyə eləmək yaxşı şeydir, ancaq kitab oxumaqla, televizora baxmaqla günü yola vermək mümkün deyil. İndi insanlara təskinlik vermək üçün daha səmimi olmaq lazımdır.
- Əkrəm müəllim, sizcə bu nə bəladır?
- Koronavirus bir tərəfdən baxanda insanlığın səmimiyyətdən günbəgün uzaqlaşmağının nəticəsi idi. Pandemiya dünyada hər şeyi kökündən dəyişəcək. İnsanlığın başına çox bəlalar gətirəcək. Amma Allahın işini bilmək olmaz. Bəlkə də insanlığı bir çox bəlalardan hifz edəcək. Bu bəla kəsilib gedəndən sonra dünyanın daha gözəl olacağına, Əli Kərim demişkən, mənim dəli bir ümidim var.
- Sizcə, nələr dəyişəcək?
- Mənə elə gəlir ki, estetik dünyada, yəni ədəbiyyat, şeir, incəsənət, musiqidə əvvəlki kriteriyalar dəyişəcək. Bizdən sonra gələnlər bu gün bizim estetik, şedevr saydığımız əsərlərin bəlkə heç üzünə də baxmaq istəməyəcək. Ona görə də, heç kəs öz yaradıcılığı ilə öyünməsin. Olar bilər ki, bu gün bir çoxlarının təriflədiyi kitab sabah heç kəsin kitab rəfində olmayacaq. Mənə elə gəlir, yeni yaranacaq əsərlərdə mistika üstünlük təşkil edəcək.
- Özünüzü necə qoruyursunuz? Gigeynik qaydalara əməl edirsiniz?
- Əylisdə bir söz var, “sofu”, yəni çox təmizkar. Məndə sofuluq anamdan qalıb. Hər gün əl yumaq, təmizlik bizim ailəvi xasiyyətimizdir. Gündə bəlkə 50 dəfə əllərimi yuyuram.
- Koronavirus haqda hər kəsin şəxsi fikirləri var. Siz nə düşünürsüz?
- Biz hər halda hissiyyat adamıyıq. Sovet hökuməti yıxılmaq ərəfəsində də məni dəhşət götürmüşdü ki, dünyaya bir bəla gələcək, çünki səmimiyyət bitib. 1987-ci ildə “Literaturnaya qazeta”da müsahibə vermişdim. Orda bu mövzuda geniş danışmışdım. Demişdim, dövlətdəki, siyasətdəki, ədəbiyyatdakı səmimiyyət qurtarıb. Müsahibəni çap eləməmişdilər. İnsanların arasında münasibət, insani hisslər, ali hisslər yox olanda bəşəriyyətin başına bəla gəlir. Məndə bu hissiyyat həmişə yaşayır. İnsan insanlığından çıxmamalıdır. Təbiətə qarşı hücuma keçməməlidir. Avstraliyada baş verən dəhşətli yanğın olanda hiss edirdim ki, bunun axırı çətin olacaq. Balaca planetimiz var, bizə elə gəlir, çox böyük planetdə yaşayırıq. Planetin o boyda ciyərinin bir parçası yanıb getdi. Sonra siyasi aləmdə, siyasətçilər başladılar eynicinsli adamların evlənməsini qanuniləşdirməyə. Bu da Allahın və təbiətin əleyhinə olan bir şeydir.
- Homoseksualların evlənməyinə yaxşı baxmırsız?
- Bu, onların fəlakəti, onların xəstəliyidir. Bu da onlara Allah tərəfindən göndərilən zülmdür. Daha bunu rəsmiləşdirmək nəyə lazımdır?! Kim istəyir, gedib öz işi ilə məşğul olacaq, amma bunu dövlət səviyyəsində qanuniləşdirmək, elə bil, Allahı danmaq kimidir. Ondan əlavə, dünyada ədalətsizlik həddini aşanda ya təbiətin, ya da Allahın bir qüvvəsi işə qarışmalıdır.
- Bütün olanlara təbiət reaksiya verməlidir...
- Təbiətin reaksiyası olmalıdır. Mənə elə gəlir, təbiət özünü sağaldacaq. Təbiət özünün böyük həkimdir və bizim bilmədiyimiz çox şeylər var.
- Pandemiya sonrası ədəbiyyatın vəziyyəti necə olacaq?
- Ədəbiyyat elə bir şeydir ki, mənəvi mühitin vəziyyətindən doğur. Cəmiyyətdə mənəvi nüfuz necədirsə, ədəbiyyat da özünü ona bənzədir. İndiki ədəbiyyatımız mənəvi həyatımızın müxtəlif formalarda təzahürüdür. Məsələn, özündən razılıq var, xəstəhallıq var, əldəqayırma, yalançı patriotizm var, onların hamısı cəmiyyətin bir qisminin sifarişdir, bir qismi də xəstəliyidir.
- Gündəlik ehtiyaclarınızı qarşılayan var?
- Oğlum kömək edir hər şeyə. Allah canına dəyməsin. Şükür, yaxşıdır vəziyyətimiz. Allah var eləsin hamımızı.
- Sizcə, bu virus nə vaxt bitəcək?
- Mənə elə gəlir hələ tezdir. Bitməyəcək. Bu bəla nəyisə dəyişməyə gəlir. Onu dəyişməmiş getməyəcək. Yanıram İtalyanın, İspaniyanın halına. O cürə gözəl, abad ölkələr necə ağır günə düşdülər. Elə bilirəm, bir də o İtaliya olmayacaq, amma yaranacaq yeni İtaliya necə olacaq, bilmirəm.