“Nəsrə dürtülmək şair kimi acizliyimin hiyləsidir” – Aqşin Yenisey yeni romanından danışır

“Nəsrə dürtülmək şair kimi acizliyimin hiyləsidir” – Aqşin Yenisey yeni romanından danışır
20 dekabr 2019
# 17:39

Kulis.az Aqşin Yeniseyin bu günlərdə çap olunan “Tale və Tarix” romanı haqqında söhbəti təqdim edir.

- Azərbaycanda nəsrdən şeirə keçmək ənənəsi var. Bir çox tanınmış imzalar şeirlə başlayıb ömrünün daha kamil çağlarında nəsrə keçiblər. Bu yaxınlarda müsahibənizdə demişdiniz ki, “şair kimi tükənmişəm”. Bu ikinci romanınızdır. Bu o demək deyil ki, Aqşin Yenisey nəsrə keçir?

- Dünya nəsrində var bu ənənə və artıq müzakirə mövzusu deyil. Nə xoşbəxt o şair ki, ömrünün axırına qədər yazmaq istədiyi hekayələri, esseleri, romanları şeir misrasına sığdıra bilir. Mənim şeirlərim, əslində, yazmaq istədiyim nəsr əsərləri idi, sadəcə, onları misraya yerləşdirməyə gücüm çatırdı. Gəncliyin gözəlliyi güclü olmağındadır. İndi o güc yoxdur. Nəsrə dürtülmək mənim şair kimi acizliyimin hiyləsidir. “Şair kimi tükənmək” məsələsinə gəlincə, bunu öz dilimdən eşitmək istəyən xeyli axmaq oxucularım var, düşünürəm ki, onları da sevindirmək lazımdır. Hazırda bir hekayələr və bir şeir kitabım hazırdır. Məişət zibilliyindən çıxa bilsəm, çapa verəcəyəm.

- Pasternakdan qalan belə bir fikir var: “Şair nəsri”. Bəzən sizin yazdıqlarınız haqqında bu ifadəni işlədirlər. Sizcə belə bir məfhum varmı, varsa özəlliyi nədən ibarətdir?

- Mixail Baxtinin “Dostoyevski poetikasının problemləri” adlı məşhur kitabı var. Nəinki nəsr, bütün sənət poetikadan qidalanır. Poetikası olmayan, amma sənətdə yeri olan kim var? Hüqo da şair idi, amma dünyanın ən gözəl romanlarını yazdı. Şair olmayan yazıçılar pis yazıçılardı. Ağac düşmənləridi. Heç “şair olmayan” Kafkanın “Qəsr” romanının, yaxud heç “şair olmayan” Bulqakovun “Master və Marqarita” romanının ilk cümlələrini xatırlayın. Mən bu cümlələrin önündə bir neçə “gənc ədiblər məktəbinin” şair təqaüdçüsünü qurban kəsərdim. Zarafat edirəm, mən insanın qurban verilməsinə qarşıyam.

- Ədəbiyyatşünas Maral Yaqubova Kulisdə yayımlanan “Bit” hekayəniz haqda yüksək fikirlər söyləmişdi. Hekayəni yeni dil və üslub hadisəsi adlandırmışdı. Siz necə düşünürsünüz, Aqşin Yeniseyin nəsri Azərbaycan ədəbiyyatında nə dərəcədə yenidir və nəsrimizin harasındadır?

- Mən həyatda olduğu kimi, sənətdə, ədəbiyyatda da harada olduğumu bilmirəm. Daha doğrusu, bu, məni maraqlandırmır. Öz yerini bağıra-bağıra göstərənlərdən də zəhləm gedir. Maral xanım bu hekayə haqqında mənə bu yaxınlarda bəyəndiyini yazdı. İstər bu hekayə olsun, istər digərləri, mən nəsrdə bizim Şərqə xas olan “min bir xırdavat”çılıq ənənəsindən yararlanmağı sevirəm. Milan Kundera buna “çoxsəsli nəsr” deyir. Nəsrdə hadisəçiliyi, hədisçiliyi rədd edirəm. Hitlerin qorxusundan “avtoritet” anlayışını bütün sahələrdə aşağılayan və ədəbiyyatda da “müəllif öldü” deyən Avropa düşüncəsini rədd edirəm. Mətn müəllifin özüdür! Mətn müəllifdə parazit həyatı yaşayan bir varlıqdır. Mən öləndə o məndən ayrılıb başqalarının canına yapışacaq. Müəllif mətndə üslubun başqa adıdır. Üslubu olmayan, özünü ənənə qarovulçusu kimi aparan ədəbiyyatı rədd edirəm.

Görüntünün olası içeriği: açık hava ve yazı

- İstərdim, “Tale və Tarix” romanı haqda danışardınız... Bu roman mövzu, üslub, dil xüsusiyyətlərinə görə nəsrimizin harasındadır və nə dərəcədə yenidr?

- “Tarix və Tale”ni metanarrativ üslubda yazmağa çalışmışam. Həqiqət dediyiniz hər şey bu romanda öz mənasından xilas edilib. Həqiqətlər, müqəddəs dəyərlər, dərin mənalar bu romanda Qavroşluqla məşğuldurlar. İlk dəfə böyüklərinizdən gizlin gördüyünüz bir işi xatırlayın. Bu romanda insanlığın söykəndiyi bütün həqiqətlər öz gizlin azadlıqları ilə iştirak edirlər. Məsələn, bir an təsəvvür edin ki, insan özü-özünə nəzarət funksiyasını itirir, bu zaman bizdən azad olan əxlaqımız özünü necə aparardı? Yaxud düşünün ki, inancımız acıqlı müsəlmanın qardaşımızın evindən qaçır, sizcə, bizim müsəlmandan xilas olan azad inancımızın ilk işi nə olardı? Və ya Məcnunun zülmündən xilas olan sevgi ilk rastına çıxan fahişəyə Məcnun haqqında nələri danışardı? “Tarix və Tale” bu cür axmaq-axmaq suallara cavab axtaran ağıllı bir romandır.

- Romanın yazılmağında Ankarada yaşamağınızın xüsusi rolu oldumu?

- Əlbəttə. Burada demək olar ki, adada yaşayan Robinzon kimi tək-tənha qalmışam. Ankara məşhurlaşmaq həvəsimi öldürdü. Bu, çox müdhiş bir sakitlikdir. Mən bu sakitliyin ruhanisiyəm. Biz Bakıda bir-birimizə kömək etməklə yanaşı, həm də bir-birimizə mane oluruq. Hərəmizin əlində bir araq şüşəsi bir-birimizin əlinə, ayağına dolaşırıq. Danışmaq yazmağın düşmənidir. Danışan cəmiyyət olmalıdır, fərd yox. Bizdə cəmiyyət susur, fərd üyüdüb-tökür. Mən Ankarada fərdin sükutunun dadına baxdım. Özümü, az qala, otağımda mağarada özünə xoşbəxtcəsinə düyü qaynadan Tibet rahibi kimi hiss edirəm.

- Son dövrlərdə belə bir tendensiya var ki, Aqşin bədiyyatdan daha çox fəlsəfəyə köklənir. İstər köşə yazılarınızda, istərsə də nəsrinizdə bunun müşahidə olunduğu deyilir. Siz necə düşünürsünüz?

- Fəlsəfəsi, nəzəri əsası olmayan nəsr folklor nümunəsidir. Nəzəriyyəni aşağılamaq bir az da onu bilməməkdən irəli gəlir. Köçəri xalqlar, adətən, günlük, işlək mexanizmlərə üstünlük verirlər. Bu, o xalqları təmsil edən sənətkarlarda da özünü göstərir. Nəzəri, fəlsəfi olmaq, oturaq olmaq deməkdir. Etnik instinktimiz bizi fəlsəfəyə, nəzəriyyəyə xor baxmağa məcbur edir. Romanda, şeirdə fəlsəfə olmaz deyənlərin, sadəcə, geyiminə, saç düzümünə, restoranda sifariş verdiyi yeməyin adına baxın. Harasa tələsən bir obraz görəcəksiniz. Mənim və yazılarımın tələsən yeri yoxdu.

- “Tale və Tarix”in bədiiyatı daha çoxdur yoxsa fəlsəfəsi?

- Baxır, kim hansını axtaracaq. Şəxsən mənə görə bu romanın nə fəlsəfəsi var, nə bədiiliyi. Ümumiyyətlə, bu kitabın azadlıqdan başqa heç nəyi yoxdur.

# 8908 dəfə oxunub

Müəllifin son yazıları

# # #