Lal quşlar – Fəridədən yeni hekayə

Fəridə, şair, yazıçı

Fəridə, şair, yazıçı

8 fevral 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Fəridənin “Lal quşlar” adlı yeni hekayəsini təqdim edir.

“Bu nədir belə?” – Qəbiristandan çıxan kişilərdən biri təəccüblə xırmanın üstündə uçuşan quş dəstəsini göstərdi.

***

Məryəm anasının gözündən yayınıb, böyür-başına boylana-boylana xırman yoluna çıxdı. Əyri-üyrü cığırla qaça-qaça təpədən aşağı enib özünü xırmana atdı. Axşam düşürdü. Buğda biçininə hələ bir aydan çox vardı. Bu bürküdə buralarda inə-cinə rast gəlmək olmazdı. Yal aşağı qaçdı, təntidi, sol böyründə ağrı hiss etdi, amma dayanmadı. Gecikmək olmazdı. Gənc oğlan onu gözləyirdi.

Kənd “yuxarı oba” və “aşağı oba” adlanan iki hissədən ibarət idi. Xırman aşağı obada idi.

Qız qaçdıqca donunun ətəkləri ayağına dolaşır, hərdən səndirləyirdi. Dayanıb uzun ətəklərini sağ əlinə dəstələdi. Sol əlin quş qanadı kimi açıb havada müvazinətini tarazladı və qaçmağa davam elədi. Xırmana girən kimi birbaş vəllərin yanına cumdu. Oğlan vəllərdən birinin üstündə oturub gözləyirdi. Silahı yanında idi. Qız ha boylandısa, ətrafda heç nə görmədi. Deyəsən, ov uğursuz olmuşdu.

Bayaqdan qaça-qaça gələn qız asta addımlarla, ürkək-ürkək oğlana yaxınlaşdı. Oğlan başını qaldırıb qıza baxdı. Gözləri dolmuşdu. Qız bir qədər tərəddüd etdikdən sonra donunun ətəyini aşağı buraxıb, keçib vəllərdən birinin üstündə oturdu. Daş buz kimi idi. Vəlin taxta qolu belini incidirdi. Amma vecinə deyildi. Heç biri danışmırdı. Bir neçə dəqiqəlik sükutu oğlanın pıçıltısı pozdu:

- Heç nə tapa bilmədim, heç nə. Düzənlikdə nə bir quş gözə dəyirdi, nə də bir dovşan. Təpəliklərə qalxdım. Yovşan yandırıb bütün dəlmə-deşiklərə tüstü verdim. Bircə dənə də dovşan çıxmadı. Allahın siçovuluna da rast gəlmədim. Camaat buralarda vəhşi qabanları hardan tapıb ovlayır, görəsən?

- Eybi yox, yəqin bu gün bəxtin gətirməyib. Sabah...

- Nə sabah, Məryəm? – Oğlan düz onun gözlərinin içinə baxdı, – sabah yoxdur. Bu gün mənim ilk ov günümdür. Mən bu igidlik sınağından üzüağ çıxmalıyam, atamın, qardaşlarımın yanına əliboş qayıtsam, nə baş verər, bilirsən?! Hamı məni məsxərəyə qoyar. Deyərlər, qızbibi bir dənə siçovul da tapa bilməyib. Atam başını qaldırıb obada gəzə bilməz, anam qadınların tənəsinə dözməz, qardaşlarım... Onlar bunu ömrüm boyu unutmazlar. Heç kim unutmaz bunu. Gərək, başımı götürüb gedəm onda buralardan, - səsi titrədi.

Qız da doluxsunmuşdu. Bir az yaxınlaşıb başını oğlanın çiyninə dayadı. Heç birinin danışmağa həvəsi yox idi. Sükutu qızın qəmgin pıçıltısı pozdu:

- Neynəyəcəksən?

- Bilmirəm. Düzənlikdən qayıdandan sonra gözə görünmədən bir az xarabalıqlarda gəzdim. Çarə axtarırdım. Ağlıma bacımın quşundan başqa heç nə gəlmir. Onu dilə tutub quşu mənə verməsinə razı salmalıyam. O quşu heç kim görməyibsə, onun quşu olduğunu da anlamayacaqlar. Yadımdadır, o quşu bacım doğulanda atam meşədən tapıb gətirmişdi. Balaca Vaqa quşu idi. İndi böyüyüb, əməlli-başlı quş olub. Bacım onu mənə versə, öz ovum kimi atama təqdim edərəm. Sonra bir quş tapıb gətirmək asan işdir. Bacım da qoyar onu qəfəsə. Heç kim də heç nə anlamaz...

- Narə o quşu sənə verməz, bilirsən axı. Birdən, kimsə o quşun yoxa çıxdığını anlasa... Başa düşürsən, heç bir qız bunu eləməz... Heç kim öz quşunu sənə verməz. O da ola Narə. Ona belə bir söz desən, aləmi bir-birinə qatar, səni biabır edər, daha böyük rüsvayçılıq yaranar. Yox, verməz, verə bilməz...

- Heç kim? – oğlan başını qaldırıb yazıq baxışlarla ona baxdı. Gözlərindən yalvarış və çarəsizlik yağırdı.

- Heç kim verə bilməz axı...

- Bəs, sən? Sən də verməzsən?

Qızın matı-qutu qurudu. Deyəsən, bu sualı gözləmirdi.

Buralarda doğulan hər qız uşağına doğulduğu gün balaca bir quş balası hədiyyə olunurdu. Bu quşu, adətən, ya atası, ya böyük qardaşı, ya da nəslin ağsaqqallarından biri gətirirdi. Hər doğulan qız uşağının beşiyinin yanında balaca bir qəfəs asılırdı. İçindəki balaca quş qızla bərabər böyüyürdü. Beş-altı yaşına çatandan sonra o quşa baxmaq qızın üstünə düşürdü və o vaxtdan sonra qız o quşu elə yerdə gizlədib saxlamalı, böyütməli idi ki, heç kim onu görməsin. Adına “bəkarət quşu” deyirdilər. Göyərçindən bir az böyük olan bu quşların adı “Vaqa quşu” idi. Vaqa quşları dümağ, səssiz-səmirsiz, lal quşlar idi. Meşənin dərinlikləri bu quşlarla dolu olurdu.

Bu quş qızın namusunu, iffətini təmsil edirdi. Qız ərə gedəndə qəfəsdəki quşu da özüylə bərabər ər evinə aparırdı. Zifaf gecəsi “üzüağ” gəlinin otağından çıxan ər bu quşun başını üzür, meyiti aparıb obadakı meydanda asırdı. Ayağından kəndirlə asılmış başsız quş meyiti gəlin olmuş qızın namuslu, iffətli çıxdığını bütün obaya yayırdı.

Hansısa səbəbdən quş qəfəsdən uçsa, ölsə, oğurlansa, bu, onun sahibi üçün namusunu itirməyə bərabər idi. Quşu qoruya bilməyən qız namussuz sayılırdı. Meydanda camaatın gözü önündə divan qurulur, sorğu-sual başlayır, hökm oxunurdu. Qız ağlayır, yalvarır, camaatı inandırmağa çalışırdı ki, başına gələn hadisə bədbəxt hadisədir, ya quş ölüb, ya kimsə onu oğurlayıb. Amma qızın yalvarışları, hıçqırıqları heç kimin vecinə olmurdu.

Əslində, meydanda qurulan divan, həmin sorğu-sual, ora yığışan camaat, qərar verən ağsaqqallar – hər şey, bir növ, bu işin əyləncəsi idi. Çünki quş yoxdursa, o qızın başına gələcəklər onsuz da hamıya aydın idi. Oxunacaq hökm əvvəldən bəlli idi. Amma yenə də, hər divan qurulanda qadınlı-kişili-uşaqlı hamı meydana toplaşır, xısınlaşır, gözləyir, guya fərqli bir hökm oxuna biləcəkmiş kimi dua edir, ya da lənət yağdırırdılar.

Bəzən quşu itən, ölən, oğurlanan qızlardan hansısa başına gələcəkləri əvvəldən bildiyi üçün özünü öldürürdü. Quşun yoxa çıxması xəbəri kəndin ağsaqqallarına gedib çatmadan öncə, qız ya bir kəndir tapır özünü damda asır, ya da atasının, qardaşının qəməsini tapıb öz ürəyinə sancır, beləcə, özünü “divan”dan xilas edirdi.

Amma qızın meyitindən də əl çəkmirdilər. Özünü asmış, ürəyinə xəncər soxub ölmüş qızların meyiti də meydanın ortasına çıxardılırdı. Ortaya uzadılmış meyitin baş tərəfində dayanan yaslı anaya müxtəlif suallar verilir, məhkəmə qurulur, günahlandırılır, hökm oxunurdu. Və ana meydanda ölmüş qızının əvəzinə asılırdı...

Buna görə də, qızların çoxu özünü öldürməyə ürək etmirdi. Özü onsuz da öləcəkdi, amma anasının ölümünə bais olmağa ürək etməyən qızlar öz taleləri ilə barışır, divana çıxır, rüsvay olur, sonra da asılırdılar.

Qoca qarılar danışırdılar ki, bir dəfə qızlardan birinin quşu qəfəsdə qəfildən ölür. Səhər oyananda görür ki, quş qəfəsdə canını tapşırıb. Qız dəhşət içində anasının üstünə qaçır. Anası da hadisəni ataya danışır. Qız ailənin gözünün ağı-qarası, yeganə övladı imiş. Atası qızını çox sevirmiş. Quşun murdar olmasına görə qızının asılmağına könlü razı olmur. Arvadına tapşırır ki, bunu heç kimə deməsin. Özü isə sakitcə atını yəhərləyib meşəyə yollanır. Meşədə tələ qurub bir quş tutmaq istəyir. Quşu uzun illərdir ki, heç kim görmədiyi üçün hadisədən də heç kimin xəbər tutmayacaqdı. Qızını xilas etmək məqsədilə meşəyə yollanan ata axşamüstünə qədər meşədə gəzməli olur. Tərs kimi həmin gün nə qədər tələ qursa da, tələsinə heç bir quş yaxın düşmür.

Bu müddət ərzində evdə nigaran qalan ana tez-tez yola-izə boylanır, üfüqdə ərinin qaraltısını axtarır, həyəcanla evə girib-çıxır. Onun bu narahatlığı qayınanasının marağına səbəb olur. Nə baş verdiyini soruşur. Qadın bir qədər tərəddüd etdikdən sonra sirri açıb arvada danışır. Həmin vaxt təsadüfən qapının arxasında dayanan qonşunun on dörd yaşlı qızı bunu eşidir və qaça-qaça özünü meydana atır, qabağına çıxan hamıya sirri yayır. On beş dəqiqə çəkmir ki, kənd camaatı, ağsaqqallar, qarılar, kişilər həyətə doluşur, qızın anasını, nənəsini bağırda-bağırda yıxıb-sürüyür, otağında gizlənən qızı çəkə-çəkə meydana aparıb divan qururlar...

Axşamın toranlığında kəndə girən ata uzaqdan meydanın ortasında yellənən qız meyitini görüb havalanır. Xurcunun tayında gizlətdiyi böyük bir şahin balasını açıb havaya buraxır, atını çapıb birbaş evlərinə sürür, həyətə çatan kimi arvadını səsləyir və ona heç nə demədən, heç nə soruşmadan xəncərinin qəməsini arvadın ürəyinə sancıb öldürür. Sonra da atını çapıb kənddən çıxır. Bir daha o kişidən xəbər tutan olmur...

Düzü, bu hekayəni danışan adamlar bunun nə vaxt baş verdiyini bilmirdilər, dildən-dilə, nəsildən-nəsilə ötürülə-ötürülə onlara qədər gəlib çatmış bu dəhşətli hekayə kənd camaatını qorxutmağa, vahiməyə salmağa yetirdi. Buna görə də heç kim heç kimin sirrinə ortaq olmaq istəmir, qızlar nə bahasına olursa, olsun quşlarını qorumağa çalışır, bir hadisə baş verəndə də heç kim o qıza kömək etmək fikrinə düşmürdü...

Bunu Məryəm də, sevgilisi də yaxşı bilirdi. Ona görə də oğlanın indi belə bir sual verməsi qızı çaşdırdı. Sevdiyi gəncin ondan belə bir fədakarlıq istəyə biləcəyi ağlına gəlməmişdi. Oğlan ayağa durdu. Qəmli gözlərində yaş gilələnmişdi. Qız da ayağa durdu. Oğlan əlini uzadıb qızın titrək əllərini ovuclarına aldı və “inan mənə, sadəcə bir gecə, sadəcə bu axşam... Quşu mənə ver. Atamın, qardaşlarımın gözündən düşməyim. Ovu onlara göstərim. Sabah erkəndən gizlicə meşəyə yollanacam, sənə daha gözəl bir quş tutub gətirəcəm. Heç kim heç vaxt bilməyəcək, inan mənə” – dedi.

Qız onu bərk-bərk qucaqlayıb üzünü oğlanın sinəsində gizlətdi və sadəcə “yaxşı” - deyə bildi...

***

Bir səhər tezdən qızını oyatmaq üçün otağa girən ana yatağın üstündəki boş qəfəsi görəndə, qiyyə çəkdi. Əri, oğulları otağa tökülüşdü. Məryəm pəncərənin qabağında ayaqüstü dayanmışdı. Gözləməkdən, yuxusuzluqdan və nigaranlıqdan bənizi solmuş, gözlərinin altı qapqara olmuşdu. İki gün idi ki, oğlandan xəbər yox idi. Quşu gizlincə aparıb getmiş, həmin gecə qıza başqa bir quş gətirəcəyinə söz vermişdi. Amma hələ də xəbər-ətər yox idi. Məryəm sübh tezdən gizlicə görüş yerlərinə baş çəkmişdi. Xırmanda xeyli gözləsə də, oğlan görüş yerinə gəlməmişdi.

Anası başına-gözünə döyür, üz-gözünü cırırdı. Bir neçə dəqiqədən sonra səs kəndə yayıldı. Ağsaqqallar dabanbasaraq özlərini həyətə saldılar. Qızın atası başlarına gələn utancdan gizlənmək üçün bilmirdi hara girsin. Hayharayla qızı sürüyüb evdən çıxartdılar. Divan quruldu. Qız heç bir suala cavab vermədən, daş kimi susub dayanmışdı. Gözü camaatın arasında oğlanı axtarırdı. Oğlan başını aşağı salıb sakitcə qardaşlarının yanında dayanmışdı. Məryəmin ürəyi sualla dolu idi. Nə divan vecinə idi, nə asılmaq, nə başına gələn bu rüsvayçılıq. Qız dəhşət içində idi. Onu dəhşətə gətirən oğlanın öz sözündən qaçması olmuşdu. Bütün gecə səhərə qədər pəncərədən boylanmışdı. Oğlan quş gətirməli idi. Səhərə qədər ümidlə, nigaranlıqla gözləmişdi. Anası otağa qəfil girəndə boş qəfəsi gizlətməyə macal tapmamışdı. Niyə? – sadəcə bu sualına cavab istəyirdi Məryəm – “axı, bu ikimizin məsələsi idi. Bunun bizdən başqa kiməsə isti-soyuğu olmamalı idi. Bunu biz ikimiz həll etməliydik”.

Oğlan başını qaldırıb qıza baxa bilmirdi. Sakitcə dayanmışdı. Məryəmin gözlərindəki ümid, sual artıq nifrətə, qəzəbə çevrilmişdi. Oğlan başını qaldırıb onun gözlərinin içinə baxa bilsəydi, o baxışlardakı nifrəti görə bilərdi.

Əgər oğlan irəli durub səsini çıxartsa, quşu oğurladığını desə, divan başqa hökm oxuya bilərdi. Çünki məhkəmədə hansısa oğlan çıxıb qızın quşunu oğurladığını, öldürdüyünü desə, qərar başqa cür olardı. Həmin qızı o oğlana ərə verərdilər. Və onlar mütləq kəndi tərk etməli, bir də bu obaya ayaq basmamalı idilər. Bununla da, həm qızın ailəsinin, həm də obanın namusu təmizlənmiş hesab edilirdi. Amma buna ürək edən oğlanlar yox idi. İndiyə qədər bu cür bir hadisə baş verməmişdi. Heç bir oğlan irəli durub hansısa qızı dar ağacından xilas etmək cəsarətini göstərməmişdi.

Oğlan ürəyində götür-qoy edirdi. İstəyirdi ki, irəli çıxıb həqiqəti danışsın. Amma atasının, qardaşlarının və kənd camaatının içində rüsvay olmağı gözə almırdı. Qız günahsız yerə asılacaqdı. Axı, bu qız ona kömək etmişdi, qürurunu xilas etmişdi, atasının yanında başını dik tutub gəzməyinə səbəb olmuşdu. Üstəlik, bir-birini də sevirdilər.

Amma oğlan dillənə bilmədi. Qız da heç nə demədi. Nə bir suala cavab verdi, nə də kimdənsə imdad dilədi.

...O axşam Məryəmin asılmış meyiti meydanda qayıq kimi yırğalanırdı.

***

Məryəm fızıllığı yara-yara “Əkbərin xarabası”na yaxınlaşdı. Muradı burda tapacağına əmin idi. Atasından gizlin göyərçin saxlayan Murad bir neçə il idi ki, bu xarabanı özünə məskən etmişdi. Kəndin qurtaracağında, qəbiristanlığın yanında, “köhnə xırman” deyilən ərazi yaz-yay mal-qaranın otlağına çevrilirdi. Camaat inəyi, atı gətirib burda örükləyir, axşam düşəndə də gəlib açıb aparırdılar. Balaca çobanlar keçilərini buralarda otarırdı.

Murad bu xarabalıqda göyərçin saxlayırdı. Atasından gizlin quşbazlıqla məşğul idi. Quşlara başı qarışıb dərslərini axsadırdı. Amma bu onun vecinə deyildi. Oxumaq fikri yox idi. Doqquzuncu sinfi bitirib işləmək istəyirdi.

Son vaxtlar Məryəmlə də vaxt keçirtməyə həvəsi yox idi. Fikri-zikri göyərçinlər idi. Məryəm Muraddakı dəyişikliyi hiss edəndən bəri onu güdür, hara yoxa çıxdığını öyrənməyə çalışırdı. Göyərçinlərdən xəbəri yox idi.

Bu səhər Muradın məktəb yolunu burulub xarabalığa döndüyünü görəndə gizlicə onun arxasınca düşmüşdü.

Otların arası ilə yavaş-yavaş, səssizcə addımlayıb divarın dibi ilə sinə-sinə pəncərə yerinə yaxınlaşdı. Başını uzadıb baxanda dənlənən göyərçinləri gördü. Murad bir küncdə daşın üstündə oturub onlara baxırdı.

Məryəm gəldiyi kimi səssizcə də geri qayıtdı. Muradın sirrini öyrənib, yerini də dəqiqləşdirmişdi. İndi isə bircə məsələ qalırdı – bunu atasına xəbər vermək! Atası Muradı yaxşıca danlasa, Murad yenidən dərsləri ilə ciddi məşğul olmağa başlayardı. Məktəbi bitirib universitetə girə, evlənib şəhərdə yaşaya bilərdilər.

Məryəm xırman yolundan uzaqlaşan kimi qaçmağa başladı. Özünü birbaş Muradgilin həyətinə saldı. Muradın atası hər şeyi bilməli idi!

***

Məryəm dərslərini bitirib həyətə çıxdı. Qonşu həyətə boylandı. Sakitlik idi. Çəpərdən adlayıb həyətə gəldi. Bir anlıq donub qaldı. Sanki qızı ildırım vurdu. Nə baş verdiyini anlamadı. Yerdə başları üzülmüş göyərçin meyitləri, qan gölməçəsi və qanlı lələklər vardı. Pişiklər quş meyitlərinə hücum çəkmişdilər. Hərəsi bir tərəfdə göyərçin meyiti didişdirirdi.

- Murad, ay Murad, Murad, hardasan? – Qız bağırdı və birdən gözü alça ağacına sataşdı.

Murad alça ağacından sallanırdı. Yelləncəyin kəndiri ilə özünü ağacdan asmışdı...

... Həmin axşam Muradı dəfn edib qəbiristanlıqdan qayıdan adamlar qəribə mənzərə ilə qarşılaşdılar. “Köhnə xırman”ın üstündə havada, lap alçaqdan bir dəstə quş dövrə vururdu. Səssiz-səmirsiz, dəstə ilə havada o yan, bu yana uçuşan bu quşları əvvəllər buralarda heç kim görməmişdi...

# 5756 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #