Kulis.az tanınmış tərcüməçi Firidun Ağazadənin Braziliyanın bestseller yazıçısı Paulo Koelyodan çevirdiyi iki pritçanı təqdim edir.
“A, B, C, D...”
“Hə... deməli, insanların qəlbində inam hələ yaşayır”, – Rio-de-Janeyronun kasıb rayonlarından gəlmiş insanların kilsəyə doluşduğunu görəndə keşiş öz-özünə dedi. Həmin bazar günü hamı buraya bir məqsədlə gəlmişdi: Pasxa moizələrinə qulaq asıb bayramı qeyd etmək istəyirdilər. Keşiş xeyli razı halda, qürurla mehraba yaxınlaşdı, birdən bir səs eşitdi:
– A, B, C, D...
Uşaq səsinə oxşayırdı, amma bu səs təntənəli anı pozurdu. Hamı biri-birinə baxdı, təəccüblə, həm də hiddətlə baxışdılar. Səs yenə deyirdi:
– A, B, C, D...
– O səsi kəsin orada! – keşiş dedi.
Uşaq elə bil özündə deyildi. O qorxa-qorxa adamlara baxdı, utandı, yanaqları qızardı.
– Sən nə edirsən? Görmürsən, adamların dua etməsinə mane olursan?..
Uşaq başını aşağı saldı, yanaqlarında göz yaşları gilələndi.
– Anan haradadır? – keşiş soruşdu. – O sənə deməyib ki, ibadət vaxtı nə etmək lazımdır?
Başı hələ də aşağı əyilmiş uşaq dilləndi:
– Üzr istəyirəm, Keşiş Ata, amma mən dua etməyi öyrənməmişəm. Mən küçələrdə böyümüşəm. Nə atam, nə də anam var. Bu gün Pasxa bayramıdır, dedim, bəlkə, bu gün Tanrı ilə danışsam yaxşı olar. Amma Tanrı hansı dildə danışır, bilmirəm, ona görə də, əlifbadan bildiyim hərfləri sayıram. Dedim, bəlkə, orada, yuxarıda Tanrı o hərfləri birləşdirib istədiyi sözləri, ifadələri düzəldər, sevinər, razı qalar.
Uşaq bunu deyib ayağa durdu.
– Onda, qoy, gedim, – dedi. – Mən Tanrı ilə danışa bilən adamları narahat etmək istəmirəm.
– Gedək mənimlə, – keşiş dedi.
O, uşağın əlini tutub mehrabın yanına gətirdi. Sonra adamlara tərəf çevrilib dedi:
– Bu gün moizədən qabaq xüsusi bir dua oxuyacağıq. Bu gün dua edəcəyik ki, Tanrı eşitmək istədiyi sözləri yazsın. Qoy, Onun yazdığı hər bir hərf keçmişdə etdiyimiz yaxşı işləri əks etdirsin, hansısa arzunun həqiqətə çevrilməsi üçün cəsarətlə mübarizə apardığımızı, yaxud, sadəcə, sözsüz dua etdiyimizi göstərsin. Dua edəcəyik ki, Tanrı həyatımızın hərflərini sıra ilə düzsün. Gəlin, ümid edək ki, O bu hərflərdən xoşladığı sözləri yazacaq.
Keşiş bu sözləri deyib gözlərini yumdu, əlifbanın hərflərini saymağa başladı. İndi bütün kilsə hərfləri sayırdı:
– A, B, C, D...
Sülhün mənası
Biri vardı, biri yoxdu, hər kəsin xoşbəxt yaşadığı bir krallıq vardı, amma bütün qonşu krallıqlar biri-biri ilə həmişə müharibə edirdi.
Bir gün Kral öz vəzirini yanına çağırıb soruşdu:
– Niyə təkcə bizim ölkəmiz sülh içində yaşayır?
– Çünki xalq sizdən razıdır, – vəzir cavaba verdi.
– Xalq niyə razıdır? – Kral yenə soruşdu.
– Çünki hər kəs sevdiyi işi görür.
“Qonşuluqda müharibə gedərkən sülh içində yaşamaq qorxuludur, – Kral təşvişlə düşündü. – Bir gün onlar apardıqları müharibədən yorulub bizə hücum edə bilərlər. Onlara sülhün vacibliyini necə öyrətmək olar?”
Bir gün Kral göl sahilində durub ətrafı seyr edirdi, yaxınlıqdan bir qayıqçı öz qayığı ilə keçirdi. Kral ondan soruşdu:
– Deyə bilərsənmi, qonşularımıza sülhün əhəmiyyətini necə öyrədə bilərik?
– Onların hərəsi bir dildə danışır, – qayıqçı dedi. – Bilmirəm, onlar bizi başa düşərlərmi?
Qayıqçı düz deyirdi. Amma bütün günü gölü seyr edəndən sonra axşama yaxın Kralın ağlına bir fikir gəldi.
Ertəsi gün Kral bütün camaatı bir yerə topladı.
– Sülh haqqında ən yaxşı şəkli kim çəksə, on qızıl pul alacaq, – o dedi.
Beləliklə, Kralın həyəcanlanmış təbəələri işləməyə başladılar.
İlin axırında şəkil çəkənlərin hamısı sülh haqqında çəkdiklərini Kralın yanına gətirdi, hər kəs qiymətli mükafata sahib olmaq istəyirdi.
Onların hər biri yaxşı tanıdığı materialla işləmişdi. Aralarında naxıştikən, çörəkbişirən, əsgər, hippi, rahib, cadugər, ən yaxşı şagird və ən pis şagird də vardı.
Şəkillər çox idi, amma sülh haqqında ən yaxşı rəsm hansıdır, seçmək çətin idi. Kral xeyli fikirləşəndən sonra, nəhayət, təbəələrini çağırdı ki, nəticələri elan etsin.
– Zəhmətiniz üçün hər birinizə təşəkkür edirəm, – Kral dedi. – Hər kəsin çəkdiyi rəsm gözəldir, çünki sevə-sevə çəkilib. Amma mən bir şəkli mükafata layiq hesab edirəm. Bu, ikinci yeri tutan şəkildir. O şəkildə dağların gücü, günəşin qüdrəti, evin rahatlığı, yeməyin dadı, göllərin sakitliyi, meşələrin rəngi, quşların sevinci və uşaqların məsumluğu var. Bu çox gözəl şəkildir. Mən mükafatı ona verərdim, əgər başqa bir şəkil olmasaydı. Mən inanıram ki, o başqa şəkil, həqiqətən, sülhün rəmzidir.
Adamlar Kralın seçdiyi şəkli görəndə dəhşətə gəldilər. Amma bu, Kralın seçdiyi şəkil idi.
“Məncə, Kral dəli olub”, – bir qadın deyindi.
“Doğrudanmı, o belə düşünür ki, belə eybəcər şəkil sülhün rəmzi ola bilər?” – çörəkbişirən dedi.
“Gərək elə bir adam tapaq ki, incəsənətdən başı çıxsın” – Kralın münəccimi təklif etdi.
– Siz hamınız düşünə bilərsiz ki, mən ya incəsənət haqqında heç nə bilmirəm, ya da sülhün nə olduğunu başa düşmürəm, – Kral dedi. – Bu şəkli ilk dəfə görəndə mən də dəhşətə gəldim. Elə bil bütün təbiət qəzəblidir. Amma əgər küləklərin hiddətlə az qala sındırdığı o tənha ağaca baxsanız, siz də mənim kimi görərsiz ki, orada bir budaq var, o budaqda bir yuva var, o yuvada balaca bir quş var, o quş cik-cik edib sevinir ki, indi anası ona yemək gətirəcək. Mənim üçün sülhün əsl mənası budur. Qəlbiniz sevinclə dolu olsa, sizin də ailəniz olsa və o ailə uğrunda döyüşsəniz, ətrafda nə baş verdiyinin əhəmiyyəti yoxdur, çünki sülh olsa, siz hər şeyə qalib gələrsiz.
O şəkil başqa krallıqlara da göndərildi, onlar da tədricən həmin Kralın nə demək istədiyini başa düşdülər, onların da qəlbi sülh istəyi ilə doldu.