Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman

Əvvəl qadınlar kölə olmaq üçün ərə getmirdilər- Loğman
15 iyul 2024
# 09:00

Kulis.az Loğmanın "Keçən əsrin qadınları" yazısını təqdim edir.

Keçən əsrin qadınları hakim deyildilər.
Hakim olmaq üçün ərə getmirdilər.
Keçən əsrin qadınları kölə deyildilər.
Kölə olmaq üçün ərə getmirdilər.
Sevmək üçün, sevilmək üçün gedirdilər.
Sirdaş olmaq üçün gedirdilər.
Yar olmaq, yoldaş olmaq üçün gedirdilər.
Yarını bütövləşdirmək, tamlaşdırmaq, yarımçıqlığın əlindən almaq üçün gedirdilər.
Yarını yarıtmaq üçün gedirdilər.
Ana olmaq, qadınlığı analıq zirvəsinə qaldırmaq üçün gedirdilər.

Analıq – zəriflikdən qəhrəmanlıq doğurmaqdır.
Analıq – özünü unudub doğmalarda tapmaqdır, özünü doğmaların səadətində görməkdir.
Analıq – fədakarlıq məktəbidir.
Analıqda qadınlıq unudulur, daha doğrusu, ülviləşir, yeni şəkil alır, yeni mahiyyət qazanır.
Analıq qadınlıqdan doğulsa da, qadınlığa sığmır.
O qadınlar analığı müqəddəslik taxtına çıxarmaq üçün ailə qururdular.
O qadınlar dünyaya yeni insan bəxş etmək missiyası ilə öyünürdülər.
Dünyadan qoparmırdılar, dünyanı barındırırdılar.
Dünyanı əksiltmirdilər, artırırdılar.
Dünyanı mehrləndirir, doğmalaşdırırdılar.
O qadınlar yuvanın odu, közü, hənovu idilər – ömürlərini yandırıb yuvalarını qızdırırdılar.
O qadınlar bir evin dayağı, bel sütunu, tarazlıq nöqtəsi idilər.
Xırda bir səhvdən o tarazlıq əbədilik pozula, bir ev yıxıla, bir yurd xaraba qala bilərdi.
Onlar bu müqəddəs nizamı qorumağı bacarırdılar.
Çünki mələk kimi tərtəmiz idilər.
Çünki onların isməti işıqlıydı, həyası üz qızardırdı.
O qadınlardan utanmamaq mümkün deyildi.
O qadınların üzünə dik baxmaq olmurdu.
O qadınların yanında istənilən kişi özünü itirirdi.
İstənilən kişi küncünə qısılırdı, qınına çəkilirdi, özünü yığışdırırdı.
Qeyrətinə sığınırdı, yoluna düzəlirdi...
Kişilər kişilik məktəbi keçirdilər o qadınların yanında – əsilləşirdilər.
Keçən əsrin qadınları “köhnə kişilər” tərbiyə edir, “köhnə kişilər” yetirirdilər.
Dünyaya körpə “köhnə kişilər” gətirirdilər.
O qadınların hər şeyi – gözəlliyi, incəliyi, yerişi, duruşu, baxışı, sözü-söhbəti, ədası belə insanda ləyaqət hissi, nəciblik duyğusu oyadırdı.
Çünki bunların hər biri bənzərsiz təmizlik örnəyi idi.
Keçən əsrin qadınları fədakarlıqdan yoğrulmuşdular, fədakarlıq üçün doğulmuşdular.
Fədakarlıq müqəddəs yük daşımaqdır.
Ağır yük daşımaqdır.
Ömrü-günü işıqlı niyyətə qurban verməkdir.
Ucalığı uca tutmaq üçün ömrü-günü şam kimi əritməkdir.
Ucalığa tapınmaqdır.
Ailəni səcdəgaha döndərməkdir.
Kirpiyi ilə od götürməkdir.
Pərvanəlikdir.
Sabaha inanmaqdır, sabahçılıqdır.
O qadınlar üçün hər sabah bütün yaxşılıqlara, xeyirə, sevgiyə açılan qapı idi...

Keçən əsrin qadınları müharibə gördülər, aclıq gördülər.
“Qara kağız” gördülər.
Stalin gördülər, Hitler gördülər.
Ata itirdilər, ər itirdilər.
Oğul itirdilər, yar itirdilər, amma özlərini itirmədilər.
Gözəlliyi əyləncə vasitəsinə çevirmədilər.
Ülviyyəti ehtirasların bahar tüğyanına dəyişmədilər.
Özlərini alət eləmədilər.
Özlərindən enmədilər, düşmədilər, əksilmədilər.
Dünyanın heç bir parıltısına aldanmadılar, tamah salmadılar, gözlərinin ucu ilə də baxmadılar.
İşığa yönəldilər.
Əbədiyə üz tutdular.
Ona görə zaman qadınlığı onların əlindən ala bilmədi...

Ailə - keçən əsrin qadınları üçün min illərin bağrından süzülüb gələn, incə, zərif, bənzərsiz, sevgi dolu arzular dünyasıydı.
Səadət məbədiydi, vəfa tapınağıydı.
Qadınlığın çiçək açdığı ən gözəl ortam idi.
Keçən əsrin qadınlarını ailə qədər heç bir şey təsdiq edə bilmədi.
Həya qədər heç bir şey gözəlləşdirə bilmədi.
Övlad qədər heç bir şey dünyaya bağlaya bilmədi.
Analıq qədər heç bir şey müqəddəsləşdirə bilmədi.
Fəadakarlıq qədər heç bir şey ülviləşdirə bilmədi.
Sadəlik qədər heç bir şey dahiləşdirə bilmədi.
Təmənnasızlıq qədər heç bir şey zənginləşdirə bilmədi.
Sədaqət qədər heç bir şey ucalda bilmədi.

Keçən əsrin qadınları dünyaya layiq idilər, amma dünya onlardan aldıqlarını qaytara bilmədi.
Dünya hələ də keçən əsr qadınlarının həsrətindədir...

# 136837 dəfə oxunub

Oxşar xəbərlər

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

14:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər