Elza Seyidcahanı tənqid edənlər getsinlər...

Elza Seyidcahan, bəstəkar-müğənni

Elza Seyidcahan, bəstəkar-müğənni

6 dekabr 2021
# 11:20

Kulis.az Mehdi Dostəlizadənin "Artisti anlamaq" adlı yazısını təqdim edir.

Yazılan əsəri hamı oxuya bilər – başa düşən də, düşməyən də. Əsər kimlə danışmağın lazım olduğunu, kimlə danışmağın lazım olmadığını bilmir. Ona qarşı etinasızlıq və ya haqsızlıq edəndə atasının köməyinə ehtiyacı olur, özü isə nə müdafiə olunmağı, nə də özünə köməklik etməyi bacarır.

Sokrat

Ölkəmizdə irticaçılar, mədəniyyət və tərəqqinin düşmənləri hər zaman çoxluq təşkil etmiş, istənilən yeniliyə qarşı amansız mübarizə aparmışlar. Bu mühafizəkarlar mütəmadi olaraq öz solğun təbiətlərinin rəngsiz çəmənliklərində cücərən yabanı, rəngbərəng çiçəklərə təzyiqlər göstərib, onların boy atmasına imkan verməyiblər. Lakin gözləri kimi qoruduqları ata-babalarının bu sözünü unudublar: sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Bizim böyük sirkəqabımızda az çatlaq izi var, bu izlərdən biri də əməkdar artist Elza Seyidcahandır. Rəngarəng əlbisələri, əlbisələrindən də rəngarəng sənəti (halbuki libasları da sənət əsəridir) onu çiçəyə bənzətməyimiz üçün yetərli səbəbdir. İncəsənət allahı da Elzanı güllərdən, çiçəklərdən ilhamlanaraq yaradıb. Konsert zallarında yayılan məlahətli səsi, xoş təəssürat bəxş edən gül ətri kimi yayılır, könüllər oxşayan xarici görkəmi də al-əlvan çiçəkləri xatırladır. Bəs qızılgüllərin tikanları? Bəs onlar özlərini Seyidcahanın hansı xüsusiyyətində əks etdiriblər? Bu tikanlar onun şeirləridir.

O tikanlar ki, bizim əllərimizi incidir, dərimizin altında, damarlarımızın içində dövr edən qanı yerə axıdırlar. Əvvəl damla-damla tökülən, sonra bulaq kimi çağlayan qan da, irticaçılar, mədəniyyət və tərəqqinin düşmənləri olan bizlərin cılız, daşlaşmış, köhnəlmiş fikirlərimizin təmsilidir. Bəlkə də, nə vaxtsa, onun rəngarəngliyinə göz yummuşduq, onu mühafizə etdiyimiz şeylərin varlığına qarşı təhdid hesab etməmişdik. Tikanları bizi oyatdı, qoparıb atmalı olduğumuz bir zəhərli gül olduğu qənaətinə vardıq.

Sənətkarın ən xırda zərrəciyi belə sənət nümayiş etdirməlidir. Bu, xüsusi tələb deyil, sənət və sənətdən savayı olanların təbii seçmə qanunudur. Hər kəs öz daxili aləmində başqalarından, ətraf mühitdən fərqli olan nəsə gizlədir, bundan əminəm. Həqiqi sənətkar bu fərqlilikləri ortaya qoyandır. Ətraf mühitin kinayəli baxışlarından, məsxərələrindən çəkinən, qorxan, qorxaqlığı səbəbindən riyakarlığa bürünən, başqalarının xoşuna gəlmək naminə özünə aid olmayan sifətlərdən çıxış etməyə çalışan adamlar əsla sənətkar ola bilməzlər.

Bəstəkarlığından tutmuş şairliyinə qədər məşğul olduğu bütün sənət sahələrində özünəməxsus imzası ilə seçilən Elza Seyidcahan, yuxarıda bəhs etdiyimiz riyakarlardan uzaqdır. O hər şeyi səmimi şəkildə, birbaşa üzümüzə oxuyur, deyir, yazır. İndiyə qədər onun bəstəkarlığını, musiqilərini tənqid edən bir fikirlə rastlaşmamışam, əgər belə fikirlər varsa da, yəqin ki, elə iddialara çox nadir hallarda rast gəlinir. Qələmə aldığı şeirlər isə həddindən artıq tənqid, hətta təhqir olunur.

Onun şeirlərini bəyənməmək, özümüzü bəyənməməkdir. Tez-tez ələ salınan, qəlizlikdə ittiham olunan şeirlər, əslində, çox sadə, primitiv üslubda yazılmışdır. Elza Seyidcahanın qələmini tənqid edənlər, ilk öncə özlərinə baxmalı, öz davranışlarını tənqid etməlidirlər. Özlərinə bu sualı verməlidirlər ki, bu sadəlik, ibtidailik və onların bərabərində, xaos, qarmaqarışıqlıq bizdən doğmurmu? Oxuduğumuz, ələ saldığımız şeirlər bizim ən sadə həqiqətlərimizin, ibtidai gerçəklərimizin ifadəsi deyilmi? Həmin misralar bizim primitivliyimizlə səliqəsizliyimizin nəticəsidir və fikrimcə, zamanın, cəmiyyətin mövcud durumuna adekvat olmaq baxımından çox uğurlu şeirlərdir.

Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun?
Dola.
Dola.
Bizi dola.

İrticaçılar, mədəniyyət və tərəqqinin düşmənləri olan bizlərin cılız, daşlaşmış, köhnəlmiş fikirləri onun saf, təmiz duyğuları, duyğuları qədər saf olan özünü ifadə tərzinin qarşısında aciz qalıb. Qıcıqlanırıq, təhqir edirik, dözə bilmirik, həqiqətlərimiz bizi yandırır, külə çevirir. Biz o qədər murdar, kinli, məkr dolu düşüncələrin sahibiyik ki, Elza Seyidcahanın təqdim etdiyi sənət, əslində, bir mərhəmət, lütf olaraq qəbul edilməlidir. Çünki biz, çirkin xislətimizlə, qətiyyən bu gözəllikləri seyr etməyə layiq deyilik.

Elza Seyidcahan saflığı ucbatından mirvarilərini donuzlara atır, sənəti ləyaqətsizlər üçün əlçatan edir. Onun yetim şeirləri amansız qaniçənlərin əlində şillələnir, kötəklənir. Birincisinə ümid edirəm, ikincisindən isə əminəm; ya onun özü, ya da zaman bu kimsəsiz körpələrin çəkdiyi iztirablara son qoyacaq. İndi isə, şair(ə)in sərgərdan düşmüş misraları dərvişanə şəkildə, Qara Dərviş və Elza Seyidcahanın ifasında, Ramiz Rövşənin müəllifi olduğu “Dərd” şeirinin eyniadlı mahnısını zümzümə edərək, boz dünyamızı boyamaqla məşğuldur.

Qazancımız birdi bizim
Bu dünyanın dərdi bizim.
Çevrilərik dərdimizin,
O üzünə, bu üzünə...

# 3191 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #