Kulis.az "Hekayə günü" layihəsindən Qafar Rüstəmin “Atamın ölümü” adlı hekayəsini təqdim edir.
Atam qəfil vəfat elədi. Bir həftə içində dağ kimi adam əriyib getdi.
Soyuqdəyməsi keçmədiyi üçün həkim müayinəsinə aparmışdım. İşə qayıtmalıydım, ona görə tez-bazar analizləri verib həkimin qəbulunu gözləyirdik. Arabir yüngülcə öskürüb xırıltıyla nəfəs alırdı.
– Əslində iki ay bundan əvvəl yaxşı həkim yanına getmişdim, – deyə köks ötürdü. – dedi Covidsən. Yaman bahalı resept yazmışdı. Ürəyim gəlmədi almağa. Getdim qonşu kənddəki Həsənağa doktorun yanına. Dedi yüngülvari soyuqdəymədi. Bir-iki iynə-dərman yazdı. Nə bilərdim bu zəhrimar çəkilib getməyəcək.
Danışdıqlarından xəbərim vardı, hətta özü də bir-iki dəfə nağıl eləmişdi. Bilmirəm yadından çıxırdı, yoxsa söhbət etməyə mövzü tapa bilmirdi, eyni hadisələri təkrarən nağıl edərdi.
İçəridəki pasient çıxandan sonra həkim bizi otağına dəvət elədi. Balaca boy, əlli yaşlarında bir qadın idi. Ağ xalat kök bədəninə tarım yapışmışdı. Boyunbağısı ətli boğazında əmələ gəlmiş bir neçə qatın düz altında sallanırdı. Köppə, ağ əlləri ilə MRT nəticələrini işığa tutub baxdı. Digər analizləri gözdən keçirib səssizcə düşünürdü. Onun susqunluğu narahatlığımı artırırdı. Mənə elə gəlirdi ki, əlüstü bir neçə dərman yazıb bizi göndərəcək, beləliklə öz həyatımıza qaldğı yerdən davam edəcəyik. Atamsa heç bir şey olamış kimi həkimə, otaqdakı əşyalara diqqətlə baxırdı. Fikri tamam başqa yerdəydi.
Həkim eynəyini burnunun ucuna tərəf endirib mənə baxdı.
– Siz kişinin nəyisiniz?
– Oğlu.
– Atanız koridorda gözləsin, özünüz gəlin.
Atam muti halda qabağıma düşüb bayıra çıxdı. Eləcənə qolundan tutub oturmağa kömək elədim. Təbiətən astagəl olan adamın xəstəlikdən sonra hərəkətləri daha da yavaşlamışdı. Ağlıma heç cür bəd ssenari gəlmirdi. Ancaq həkimin mənimlə tək başına danışmaq istəməyi xeyrə əlamət deyildi. İlk dəfəydi ki atam olduğu yerdə mən ondan daha böyük məsuliyyət altına girirdim. Bəlkə də onun haqqında çox vacib qərar verməliydim.
İçəri keçib qapını örtdüm. Həkim qayğılı nəzərlə mənə baxdı. Cəlladın baltasını endirməyini gözləyirdim.
– Atanızın bədənində çoxlu şiş var. Çox yerə yayılıb. Ola bilsin bədxassəli şişlərdir.
– Yəni xərçəng?
– O biyopsiyadan sonra bilinəcək. Ən qısa zamanda onkologiya xəstəxanasında analiz verin. Nəticəyə uyğun qərar alacaqlar.
– Bəs indi müalicə lazım deyil?
Həkim köks ötürdü. Bəlkə də ürəyində “mən nə hayda, bu nə hayda” deyirdi.
– Bu məsələnin üstünə düşün. Lazım olsa, onlar müalicə edər.
Bayıra çıxıb korridordakı skamyada sakitcə oturan atama baxdım. Onun heç bir şeydən xəbərsiz, miskin duruşu məni riqqətə gətirdi. Gözlərimin qabağı dumanlandı. Göz-gözə gəlsəydik, onu qucaqlayıb ağlayacaqdım. Şükür ki, heç nə soruşmadı. Elə bil həkimin məni otağa çağırmağı tamam normal hadisəymiş.
Asta addımlarla maşına tərəf yaxınlaşdıq. Qolunu tutduğum adam bir müddət sonra bu dünyada olmaya bilərdi, həm də birdəfəlik. Elə bil ölümün o dəmirdən sərt və soyuq üzünü indi hiss elədim.
Maşını işə salıb yola düzəldik. Hələ də həkimin nə dediyini soruşmurdu. Bu biganəlik niyə idi? Özündə ciddi xəstəlik olmayacağınımı düşünürdü? Yoxsa ölümün hələ də ondan uzaq olduğunumu? Kim yaxın vaxtda öləcəyini güman edir ki?
– Həkim dedi ciyərlərində problem yoxdur. – Boğazımı arıtılayıb sözümə davam elədim, – Amma bədənində şişlər varmış. Gərək onu yoxlatdıraq.
Torbalanmış göz qapaqları içində itib batmış gözləri daha da yumulub balacalaşdı. Nə düşündü, nə hiss etdi? Qorxdumu? Ölümlə üzbəsürət dayandığının fərqinə vardımı? Bunu heç vaxt bilə bilmədim.
Hara getdiyimizi bilərək demədim. Onkologiya xəstəxanasına çatana qədər ikimiz də susduq. Ora tamam qələbəlik idi. Xərçəng xəstəliyindən əziyyət çəkən bu qədər insan olduğunu görmək adamı dəhşətə düşürürdü. Azərbaycanda hamı buna sağalmaz xəstəlik kimi baxırdı. Hətta lənət özlərinə bulaşmasın deyə cürbəcür adlar da qoşmuşdular: “zəhrimar”, “pis xəstəlik” deyirdilər.
Qeydiyyatdan keçmək üçün sırada dayandım. O, gedib boş oturacaqlardan birində oturdu. Telefonuma zəng gəldi. Qardaşım zəng edirdi. Son dərəcə emosianal olduğuna görə kəlimələri seçərək danışmalı idim.
– Salam.
– Salam.
– Nə oldu. Sizdən səs-soraq çıxmadı?
– Vəziyyət bir az qarışıqdı
Səsi o dəqiqə titrədi.
– Nə olub.
– Bədənində şişlər var. Bədxassəli olub olmadığı yoxlanmalıdır.
– Nə danışırsan?
Səsi boğuqlaşdı. Qəhər boğurdu. Ömürböyü atamla yaşamışdı. Evlənib arvad-uşağa qarışsa belə onun yanında özünü uşaq kimi hiss edirdi. İndi atasının ölməyi onun üçün həm də kimsəsiz qalmaq demək idi.
Mənsə atama qarşı o qədər də doğmalıq hiss etmirdim. Məni sevdiyindən əmin idim. Uşaq vaxtı hər dəfə evə gələndə balaca ayı balasıyla oynayırmış kimi mənimlə oynayardı. Dərslərimi yaxşı oxumağım onu son dərəcə qürürlandırırdı. Hər valideyn kimi gələcəyim yaxşı olsun deyə canla başla çalışırdı. İndi hiss etdiyim yadlıq duyğusunun mənbəyi mənə məlum deyildi. Ən aciz vaxtında belə ona qarşı mərhəmət hissi duya bilmirdim.
“Mən qocalanda bu mənə baxmayacaq, ağzından su axır deyəcək, məndən iyrənəcək” deyib gülərdi. Mənsə onun sözlərini özümə təhqir hesab edib əsəbiləşərdim. İndi atamın öncəgörmə kimi dedikləri elə bil gərçək olmağa başlamışdı. Onun nazını çəkməyə səbrim çatmırdı. Xəstəxanada yeriyərkən qolundan tutub yanında yeriməkdənsə qabaqda tez-tələsik addımlayırdım. O da arxadan nəfəsi təngişə-təngişə gəlirdi. Arabir dayanıb toxdayır, sonra yola davam edirdi.
Qeydiyyatdan keçib həkim qəbulu üçün növbə gözləməyə başladıq. Onkologiyadakı bütün müayinə və müalicə dövlət hesabına olduğu deyilsə də, pul verməsən, adamın üzünə belə baxmırdılar.
Adamlar uzun növbə əmələ gətirmişdi. Hamıya sıra nömrəsi verilməyinə baxmayaraq xəstələr və onun yaxınları qapının ağzına doluşub izdiham yaratmışdılar. Sıranı yarıb keçmək istəyən adamlarla tez-tez dava-dalaş düşürdü. Hər kəs bir bəhanə ilə otağa tez girməyə çalışırdı.
Həkimin yanına bir saat yarım sonra girə bildik. O, otuz beş-qırx yaşlarında arıq, sakit bir kişi idi. Arxada oturan köməkçi qız gələn xəstələrin məlumatlarını kompüterə yazırdı.
Həkim sakitcə mənim dediklərimə qulaq asdı. Sözlərimi başa düşdüyündən əmin deyildim, elə bil yuxulu idi. Yorğunluqdan gözü yumulurdu. Ayağa qalxıb şişləri əliylə yoxladı, xəstənin dilinə baxdı, dərisindəki çilləri, ləkələri təəccüblü nəzərlə süzdü. Masasına keçib balaca dördbucaq kağıza bir iki otaq nömərsi yazdı.
– Gedin bu analizləri verin. Nəticələrlə birlikdə bura gəlin.
Belə basabas xəstəxanada iş aşırmaq müşkül məsələ idi. Hansı otağa getsək, uzun sıra var idi. Gözləmək üçün adamda gərək sufi səbri olsun.
Mədəm bərk guruldayırdı. Bilirdim ki, atam da acdır. Qarnına düşkün biri idi. Yemək bir az geçikən kimi evdə dava-dalaş salardı. Əsəbindən qab-qacağı yerə tulladığını bu gün kimi xatırlayıram. Bayramlarda belə şam yeməyi gec hazırlansa, deyinib hamının qanını qaraldardı. İşdən gələn vaxt nahar masanın üstündə olmasa hay-küy salardı. Təbiətən qayğılı, qorxaq olan anam onun tələbkarlığı qarşısında əzilib gözüqıpıq birinə çevrilmişdi.
Xəstəxananın içindəki balaca kafedən iki tost və çay sifariş verdim. Yaxşı qızardılmış çörək ağzımda xırçıldayanda kefim bir balaca düzəldi. Bir qurtum çay elə bil yorğunluğumu çıxardı. Atam tostu asta-asta çeynəyirdi. Naməlum istiqmətə baxıb nəsə fikirləşirdi.
– Bu gün çatdıra bilməyəcik. Axşam bizdə qalarsan. Səhər tezdən gələrik.
Başıyla razılığını bildirdi. Bakıya tez-tez gələn deyildi. Kənddəki evindən uzaq qalmaq istəmirdi. İlk dəfə bizim evdə gecələyəcəkdi.
UZİ-nin nəticələrini götürüb bayıra çıxdıq. Maşını xəstaxanadan on beş metr aralıdakı dayanacaqda saxlamışdım. Sıx dayanmış maşınlara dəyməmək üçün diqqətlə manevr edib oradan çıxdım. Şlaqbaunu qaldıran ovurdları çökmüş, qara saqqalı kişi ona tərəf uzatdığım bir manatı mexaniki hərəkətlə cibinə saldı.
Atam xəstəxanın qabağında gözləyirdi. Kənardan yorğun və halsız görünürdü. Əvvəllər gözümə hündürboy, zəhimli görünən adam indi balacalaşıb yumağa dönmüşdü. Miskin görünüşü məni yaman kədərləndirdi. Gözlərimin önü dumanlandı.
Qapını açıb güclə ön oturacağa otura bildi. Xəstəlik və səhərdən ora-bura ayaq döyməyimiz onu yaman yormuşdu. Onkologiyadan çıxıb Ziya Bünyadov prospektinə tərəf sürdüm.
Əvvəllər maşınım olmayanda kəndə taksiylə gedirdim. Kəndimiz magistiral yoldan aralı olduğuna görə taksilər birbaşa kəndə sürməzdi. Avtovağzalda düşüb başqa maşınla getməli idim. Atam həvəslə məni qarşılamağa gələrdi. Hər dəfə məndən əvvəl gəlib yolumu gözləyər, görüşəndə mütləq üzümdən öpərdi. Mənsə onu öpdüyümü xatırlamıram, bəlkə haçansa olub, amma artıq xatirimindən silinib gedib. Atamı nə vaxtsa ürəklə qucaqladığımı yadıma sala bilmirəm.
Binanın qabağına çatanda gözlərini açdı, yuxulamışdı. Qolundan tutub blokun qabağındakı pilləkənlərdən qalxmağa kömək elədim. Liftlə yeddinci mərtəbəyə qalxdıq. Arvadım qapını açdı. Süfrədə çay dəstgahı qoyulmuşdu. O, əl-üzünü yuyandan sonra çay içdi. Yemək üçün iştahı olmadığı bildirdi, yatmaq istəyirdi. Yorğun olmağına baxmayaraq anamla danışdı. Qadın həmişəki kimi nigaran idi. Yəqin ki qardaşım onun vəziyyəti barədə məlumat vermişdi. Səbrlə arvadını sakitləşdirməyə çalışırdı.
Anam qayğılanmaq üçün bəhanə tapan biriydi. Ağlına daim olmazın pis ssenarilər gəlir, xəyalında qurduğu kabus gərçəkmiş kimi onu depresiyaya salırdı. İndi ərinin “pis xəstəliyə” məruz qalmağı onu dəli etməyə bəs edirdi. Telefonda atamı təsəlli etməkdənsə mərsiyə tonunda nəsə danışır, eyni sualları təkrarən soruşurdu. O, əsbiləşib arvadını bərk acıladı. İndiyənəcən olan münasibətlərində ən öyrəncəli olduğumuz səhnə idi bu. Anam nəyəsə qayğılanır, suallar soruşur, ərininin təsəlli verməyini gözləyir, o isə əsəbiləşib həyat yoldaşını yanından qovurdu.
Bir dəfə bərk mübahisə etmişdilər. Anam “çıxıb gedirəm” demişdi. Neçə yaşımda olduğumu xatırlamıram. Bilirəm ki, onun getmə ehtimalı məni bərk qorxutmuşdu. Tək-tənha necə yaşayacağımı bilmirdim. Qorxudan başqa otağa keçib ağalayırdım. Saatlar sonra yadına düşdüm. İçimi çəkə-çəkə yatağa uzanmışdım. Yanıma gəlib niyə ağladığımı soruşdu
– Sən gedəcəksən, – hıçqırığımı boğub cavab verdim.
Gülümsədi. Kefi yaxşı idi. Hətta deyəsən barışmışdılar da.
– Elə belə demişdim. Hara gedəcəm, a bala. Buradan başqa yerim var?
İşdən sabah üçün də icazə aldım. Atam xorultuyla yatırdı. Üzünün dərisi sallanmışdı, rəngi elə bil göyərmişdi. Xorultu səsi gəlməsə, elə bilərdin ki, yataqda ölü var. Onun ölmə ehtimalı məni çox narahat elədi. Uşaq vaxtı ölüdən qorxardım, qəbirstanlıq mənə vahiməli gəlirdi. Yaş ötdükcə bunun gülünc bir şey olduğunu öyrənmişdim. İndi isə həmin qorxular elə bil yenidən baş qaldırmışdı. Bu dəfə bir az başqa cür idi, ölümün sonsuz qaranlıq üzü məni dəhşətə salırdı. İnsanın ölüm qarşısında acizliyi, ümümiyyətlə bəşərin miskinliyi ürəyimə xof salırdı. Qarşısıalınmaz bir güclə üzbəsürət dayandığımın fərqinə varırıdım.
Səhər o başdan oyanmışdı. Həmişə günə erkən başlayardı. Özü oyanmaqla qalmaz bizi də hər səhər gur səsiylə çağırardı. Yataqdan bir az gec qalxsaq, bərk əsbiləşərdi, qonşuları nümunə çəkib bizi danlayardı. “Rəşiyə bax, səhər tezdən oyanıb malın altını təmizləyir, siz mal kimi altınıza sıçıb yatırsınız”. Hər gün təkrarlanan, zəhlətökən “mərasimin” nə üçün baş verdiyini anlamaq mümkün deyildi. Bəlkə də öz aləmində uşaqlarını zəhmətkeş, bacarıqlı böyütmək istəyirdi. Biz gec oyansaq, anama da dişinin dibindən çıxanı deyərdi. “Bunlara sən üz verirsən. Sənin kimi mal olacaqlar” deyə bir-iki yüngül söyüş də yanına calayırdı.
Valideynlərimin münasibəti sonu gəlməyən deyişmə və qışqır-bağırdan ibarət idi. Çox vaxt mübahisənin səbəbini bilmək mümkün deyildi. Bir neçə konfliktli hadisəni eyni anda müzakirə edir, səs-küyləri bütün məhəlləni bürüyürdü. Heç bir ciddi hadisə dava-dalaşsız qərara bağlanmırdı. Atam hər şeyin onun istədiyi kimi olmağını, yalnız onun dediyi yoldan gedilməyini tələb edirdi. Sanki evdə də müdirlik edir, işçilərinə bir sicilləmə tapşırıqlar verirdi. Arvadı etiraz etmək niyyəti göstərsə, çox vaxt sözlə, bəzən də fiziki şiddətlə yerinə oturdurdu. Çıxardığı qan-qaraçılığa görə ona əsəbiləşirdim. Yuxuda atamla əlbəyaxa olduğumu xatırlayıram. Anamı qorumaq üçün dalaşırdım. Belə vaxtlar peşmanlıq və qorxu hissiylə oyanırdım. Əl qaldırdığıma görə peşman olurdum, həm də zəhmindən qorxurdum.
Xəstəxana yenə dolu idi. Analizləri bir təhər verib həkimin yanına qayıtdıq. O, kağızları o tərəf-bu tərəfə çevirib narahatıqla təzə qırxdığı, çopurlu üzünü qaşıdı.
– Əlövsət həkimin, yanına qalxın. Nə lazımdırsa, sizə deyəcək.
Əlövsət həkim tösmərək, əlli beş yaşlarında bığlı həkim idi. Qalın eynəyini burnuna dirəyib analizləri gözdən keçirəndən sonra atamı müayinə elədi.
– Burada yatmalısan. Əməliyyat mütləqdir. Şişi götürəndən sonra analizə göndərəcik. Sən indi bir balaca bayırda gözlə. Atam bu dəfə özü bayıra çıxdı. Addımları daha da yavaşlamışdı.
– Oğlusan?
– Bəli
– Vaxtı çox qalmayıb. Əməliyyatın faydası olan deyil. Məncə boş yerə incitməyək. Qanda trombositlər də azdır, qanı laxtalanmayacaq. Bu formada əməliyyat etmək çox risklidir.
Elə bil bədənim bir anlıq qaxaca dönüb yenidən açıldı. Tək başına qərar verə bilməzdim.
– Evdəkilərlə danışıb sizə yaxınlaşıram.
Atam oturduğu yerdə yuxulamışdı. Uzun alt dodağı daha uzanmış, qolları yanına düşmüdü. Yavaşca koridorun o biri başına keçib anama zəng elədim.
– Ana, həkim deyir ki, əməliyyatın faydası yoxdur.
– Mən bilirəm, – mərsiyə deyirmiş kimi sözləri ard-arda düzməyə başladı, – o öləcək. Boş yerə pul xərcləmə. Gətir evə, qoy burada rahat ölsün.
– Deyirəm bəlkə xəstəxanada qalsın. Lazım olsa, ağrı kəsici filan vursunlar?
– Yox, lazım deyil. Çoxlu xərc çıxacaq. Yasa, baş daşına pul lazımdır.
Anamın soyuqqanlılıqla belə riyazi hesabata girdiyini görəndə razılaşmaqdan başqa çarəm qalmadı.
Maşına minib kəndə yollandıq. Üz-gözü şişmişdi, dodaqlarında qan ləkəsi vardı.
– Deyəsən bu dəfə sağalmayacam. Amma Allahımdan razıyam. Ürəyim istəyən kimi yaşadım.
Ona qarşı hisslərim qarışıq idi. Dərin bir sevgiylə onu qucaqlamağa mane olan hiss nə idisə məni kədərləndirirdi. Magistiral yolda şütüyərkən zehnimdə bu söz təkrarlanırdı: – Sevə bilməmək kədəri. Hardan gəlib ağlıma girmişdi bilmirəm, yaşadığım duyğunu yaxşı ifadə edirdi. Onu sevməliydim, bağrıma basmalıydım, amma bacarmırdım. Bu vəziyyət məni qüssəyə boğurdu. Çox şey danışa bilərdik, çox söbətlər aça bilərdik. Lakin nə o danışacaq vəziyyətdə idi, nə də mən.
Onu kəndə qoyub səhərisi gün Bakıya qayıtdım. Bir həftə sonra vəziyyətinin yaxşı olmadığını dedilər. Bu qədər tez dünyadan köçəcəyini zənn etmirdim, ya da inanmırdım. O evi atasız görmək mənə qeyri-mümkün gəlirdi. Mən kəndə çatana qədər canını tapşırmışdı. Peşman olmuşdum. Gərək son nəfəsinə qədər şəhərə qayıtmazdım, – deyə fikirləşdim.
Elə bilirdim ki, atam öləndə hönkürtü vurub sonra özümdən gedəcəm. Amma bütün mərhələləri soyuqqanlılıqla, buzlu şüşənin arxasından izləyirmiş kimi izlədim. Elə bil öz əllərimlə atamı daşımırdım, qəbrə qoymurdum, üstünə torpaq atmırdım. Sürətlə olub bitən hadisələr baş verənləri dərk etməyimə mane olurdu. İndiysə onun vəfatından düz bir il keçib. Tez-tez yadıma düşür. Yorğun, xəstəhal bədəniylə xatirimdə canlanır. Ona qarşı hisslərimsə yenə qarışıq və anlaşılmazdır.