Ana söyüşünə görə vərəm olan qohumum

Ana söyüşünə görə vərəm olan qohumum
11 yanvar 2013
# 08:30

Murad KÖHNƏQALA

Sovet dövrünün 80-ci illərinin söhbətidi. Bakıda yaşayan uzaq bir qohumumuzun mənimlə tay-tuş olan Rafiq adlı oğlu Rusiyada türməyə düşmüşdü. Əhvalat da belə olmuşdu. Demək, həmin qohumum Rafiq Azərbaycandan Omsk vilayətinə köçüb təmir-tikinti işlərilə məşğul olaraq normal pul qazanırdı. Onun Bakıdakı məhəllə qonşusu olan bir cavan oğlan da həmin Rafiqin yanına, Omsk vilayətinə gedir. Qohumum onu, özü işlədiyi kimi, sovxoz-kolxozda təmir-tikinti işlərinə düzəldir. Onlar Azərbaycan fəhləsindən qat-qat çox pul qazanaraq özlərini də, vətəndəki ailələrini də dolandırırlar. Rafiqin ailə qurduğu rus qızından bir övladı da vardı.

Bir gün yeyib-içmə məclisində Rafiq yanına gələn qonşusu ilə mübahisə eləyir. Getdikcə qızışan mübahisə əlbəyaxa davaya çevrilir. Dava vaxtı qonşusu Rafiqin anasını söyür. Məclisdəkilər onları birtəhər aralayıb sakitləşdirirlər.

Gecə hamı dağılışandan sonra qohumum söyüş söyən oğlanı yaşadığı binadan bayıra çağıraraq qarnına, sonra da ürək nahiyəsinə bir neçə bıçaq zərbəsi vurur.

Sözsüz ki, onu Rusiyanın uzunmüddətli nəm türmələri gözləyirdi. Ana söyüşü üstündə öldürdüyü oğlanın qonşuluğunda yaşayan Bakıdakı anası, tələbə bacısı və özündən kiçik qardaşı, qan düşmənçiliyi yarandığına görə, mənzillərini dəyişərək həmin həyəti tərk eləməli olurlar. Yadımdadı, onlar o köhnə məhəllələrindən uzaqlarda yaşasalar da, anası və bacısı küçəyə, şəhərə çıxan kiçik qardaşın evə dönməyini həmişə həyəcanla gözləyirdi. Qorxduqları o idi ki, qanlılar öc almaq üçün istənilən zaman kiçik qardaşı şəhərin harasındasa tutub öldürə bilərlər.

Zaman keçdikcə rus qızının üstündə hökmü azalan, türmədən-türməyə köçürülən Rafiq nə qədər bağırsa da həyat yoldaşı onu 13 il gözləmək istəmədiyini bildirmiş və başqası ilə ailə həyatı qurmuşdu.

Bakıda bacısı universitetə qısıla-qısıla gedir, anası həyəcandan yeni xəstəliklər tapır, qardaşı isə qorxa-qorxa hərlənirdi. Rusiyadan gələn maddi yardım kəsildiyinə görə ailə artıq öz şuxluğunu itirmişdi. Böyük qardaşın türmədən çıxmasını gözləyən kiçik qardaşın yaşı 30-u keçsə də evlənməyi özünə sığışdırmırdı. Ağıllı və yaraşıqlı bacısına meyllənən oğlanlar isə qızın ətrafından çəkilib uzaqlaşmışdılar. Oğlunun türmədən çıxmasına 3-4 il qalmış həyəcan və kədər içində yaşayan anası dünyasını dəyişdi.

Günlərin bir günü eşitdim ki, qohumum “srok”unu başa vurub və türmədən buraxılıb. Onda mən özüm Rusiyanın başqa şəhərində yaşayırdım. Rafiqin azadlığa çıxmasından təxminən bir il keçəndən sonra Bakıya gələndə onunla görüşməyə getdim. O, uca boylu, sümüklü adam olsa da qupquru qurumuşdu. Əlləri, sifəti sümük üstünə dəri çəkilmiş kimi görünürdü. Tez-tez siqaret çəkir, dalbadal çay içirdi. Danışanda tövşüyür, quru öskürəkdə boğulurdu. Gözünü zillədiyi külqabıdan başını qaldırıb adamların, xüsusən də bacısının üzünə baxa bilmirdi. Bacısı isə hər fürsətdə onu oturduğu yerdə arxadan qucaqlayır, ağarmış seyrək saçlarını sığallayırdı. Mən başa düşürdüm ki, onda qapalı vərəm var və ömrünün bitməsinə az qalıb.

Bu kədərli əhvalatı nə üçün xatırladım? Ana söyüşünə görə adam öldürmək bizdə hələ də öz qüvvəsində qalır. Əslində dava vaxtı söyüş söymək normal bir haldı. İnsan öz emosiyasını bu yolla canından çıxara bilir. Mən, ümumiyyətlə, söyüşə pis baxan adamlardan deyiləm. Tanıyanlar məni söyüşcül adam bilirlər.

Bizim tərəflərdə söyüşü mübahisələrin bəzəyi kimi qəbul edirlər. Fikrimi bir az da aydınlaşdırmaq istəyirəm. Uzaq Şərq əlbəyaxa döyüşlərində zərbə vuranın “hiaa!” bağırtısı nədisə, söyüş də elə odu. Kimsə səni söyürsə sən də ona söyüşlə cavab ver, yaxud söyməkdən xoşun gəlmirsə söymə. Ta, söyüş üstə silaha əl atıb kimisə qətlə yetirmək nə üçün? Söyüşə bu qədər ciddi önəm verməyi düzgün saymıram. Söyüş şifahi dildə ağ qarğa sayılmamalıdı. Kim necə qəbul eləyir eləsin, mən söyüş söyən adamın səmimiyyətinə daha çox inanıram.

# 4150 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #