Murad Köhnəqala tamadanı şərh edir

Murad Köhnəqala tamadanı şərh edir
15 yanvar 2013
# 08:30

Bir müddət Rusiyanın Xabarovsk şəhərində yaşadıqdan sonra, iş elə gətirdi ki, şəhərdən bir az aralı olan Priamursk qəsəbəsində məskunlaşmalı oldum. Qəsəbədən şəhərə elektrik qatarı ilə 20 dəqiqəyə gəlirdim.

Hərdən Xabarovskda yaşayan kəndçilərimin kirayələdiyi evə qonaq gedər, birlikdə yeyib-içərdik. Bilmirəm bu dəbi kim salmışdı, Azərbaycandan gələnlər özləri ilə bu uzaq məkana toy video-kasetləri gətirərdilər. Vətəndən ötrü darıxanlar kənd toylarına baxıb özlərini toydakıların yanında təsəvvür eləyər, təskinlik tapardılar. Beləcə, uşaqların kirayələdiyi həmin evdə müxtəlif rayonlarımızın kənd toylarının video-kasetləri yığılıb qalmışdı.

Bir gün mən orada olanda, işğal altında olan hansısa rayonumuzun başqa yerdə məskunlaşmış kəndçilərinin toy kasetini qoydular. Toyu dilli-dilavər bir tamada idarə eləyirdi. Yadımdadı, tamada el şairi Bəhmən Vətənoğlunun qartal haqda yazdığı bir şeiri deyib arxasınca mənasını xırdalayırdı. Şeir belə başlayırdı:

Qartal, o zirvədən belə en, belə,

İnsanam, zirvədə mən olmalıyam!

Günəş yandıranda ana torpağı

Duman olmalıyam, çən olmalıyam!

Şair demək istəyir ki, insan qartaldan da ucalıqlara layiqdi! Ona görə qartalı qovub özü o zirvələrdə məskən salmaq istəyir. Şair üzünü zirvədəki qartala tutub deyir, ayə, sən kimsən o zirvədə oturasan? Hansı işinə, əməlinə görə zirvədə olmalısan, insanlar üçün, bəşəriyyət üçün neyləmisən axı sən? Bəli, zirvədə mən olmalıyam, çünki mən insanam! Şair demək istəyir ki, bütün dünyada ən ali varlıq insandı. Zirvələr hansısa yırtıcı bir quşa yox, insana məxsus olmalıdı. Dağ zirvəsi səndən ötrü zarafat-zaddımı? Yoxsa, dimdiyi əyri bir quş uçub gedib ora qonursa, bu, o demək deyil ki, biz dağlarımızın qarlı zirvələrini onlara verməliyik! Ona görə şair deyir, qartal, sən o zirvədən belə en, oraya özüm qalxacam. Necə qalxacam? Öz əqlimlə, savadımla, bacarığımla, dişimlə-dırnağımla, vətənə olan məhəbbətimlə! Nə olsun adın qartaldı? Axı, sən insan ola bilməzsən, insan kimi yaşaya, yarada bilməzsən! Ancaq gör, insan nələr yaradır? Yol getmək üçün maşın yaratmışıq, uçmaq üçün təyyarə yaratmışıq, yer şumlamaq üçün traktor yaratmışıq, uca binalara daş qaldırmaq üçün qaldırıcı kranlar düzəltmişik! Zalım oğlu, sən insanla nə bəhsə girirsən? Sənə deyirəm, düş o zirvədən, demək, düşməlisən! Ta, burda ikinci söhbət ola bilməz! Zirvə mənimdi, vəssalam!

(Tamada danışdıqca qızışır, başını yuxarı qaldırıb sanki zirvədəki qartalla söhbət eləyirdi. Axırda “Sənə deyirəm, düş o zirvədən!” deyəndə, mikrofon olmayan əlini yelləyərək qartalı zirvədən aşağı çağırırdı.)

Gör, indi şair qartalı zirvədən aşağı salandan sonra nə deyir? Deyir:

Günəş yandıranda ana torpağı,

Duman olmalıyam, çən olmalıyam!..

Sözə bax, haa! Şair ana torpağı yanmaqdan qorumaq üçün özünü günəşin qabağına verir. Yəni, işdi, birdən ola bilər günəş lap isti olsun, torpağı yandırsın, onda şair duman, yaxud çən olmağa razıdı, təki ana torpağa heç nə olmasın! Gör, haa! Şairdəki ürəyə bax, şairdəki ilhama bax, şairdəki istəyə bax, şairdəki vətən eşqinə bax! Duman-çən olum ki, ana torpağı qoruya bilim! Həm də burda incə bir məqam var! Torpağı, vətəni, təbiəti bu qədər sevən şair nə üçün bayaq qartalın yerinə zirvəyə qalxmaq istəyirdi?

Ona görə ki, dağların o üzündə düşmən tapdağı altında olan cənnət torpaqlarımız var! Ona görə də şair zirvəyə elə-belə, kef üçün çıxmaq istəmir, qalxıb həmin torpaqlarımıza, o cənnət təbiətimizə bir nəzər salmaq istəyir. Həm də o zirvələrdən itirilmiş, əldən getmiş cənnət torpaqlarımıza gecə-gündüz keşik çəkmək istəyir! Yoxsa, qartal nə qanır vətən nədi, yurd nədi, insan qəlbi nədi, təbiət nədi? Qartal o zirvəyə çıxıb ki, yuxarıdan baxsın görsün, harda hansı canlı qımıldayır, cumub əyri dimdiyini başına çaxsın, parçalayıb udsun. Ancaq insan o zirvəyə tamam ayrı fikirlə, tamam ayrı istəklə, tamam ayrı arzu ilə çıxmaq istəyir. Bax budu, şairin bizə demək istədiyi! Bax budu, şairin insanlara, vətəndaşlara, hər birimizə və bütün bəşəriyyətə aşıladığı!..

# 3181 dəfə oxunub

Müəllifin son yazıları

# # #