Məhəmməd Peyğəmbər Facebookda nə edərdi?

Məhəmməd Peyğəmbər Facebookda nə edərdi?
30 may 2014
# 12:01

Mirmehdi Ağaoğlu yazır...

Çoxdan, lap çoxdan bir kitab oxumuşdum.

Hələ də təsirindən çıxa bilmirəm.

Həyatım boyu mənə təsir edən bir neçə kitabdan biridir.

“Budda sizin yerinizdə olsaydı, nə edərdi?” adlanırdı.

Çox sadə kitab idi.

Xüsusi bölmələrə ayrılmışdı.

Bölmələr təqribən belə idi:

- Budda biri ona nifrət etdiyi zaman nə edərdi?

- Budda xəstələndikdə nə edərdi?

- Budda dieta məsələsində necə davranardı?•

- Budda böhrana düşdükdə nə edərdi?•

- Budda xəyalqırıqlığına uğradığı zaman nə edərdi?•

- Budda modern həyatın zehni dağıdan yönləri haqqında nə edərdi?

- Budda uşağı dəcəllik edəndə necə davranardı? •

- Budda kreditləri artdıqca nə edərdi?•

- Budda dayanacaqda avtobusun dolu olduğunu görsəydi nə edərdi?

- Budda işdə müdiri ilə yola getməsəydi nə edərdi?

- Buddada içki asılılığı olsaydı nə edərdi?

- Budda bir qızla tanış olsaydı nə edərdi?

- Budda ofisin tualetində siqaret çəkərdimi?

- Budda qırmızı işıqda keçərdimi?

- Budda növbə zamanı nə edərdi?

Kitabda gündəlik həyatla bağlı bu cür adi suallara cavab axtarılırdı.

Müəllif cavabları buddizmin dini kitablarında, “hədis”lərində axtarır, bunlara cavab tapmağa çalışırdı.

O kitabı oxuyandan sonra öz-özümə düşündüm.

Görəsən müsəlmanlar üçün belə kitab yazılsaydı yaxşı olmazdımı?

Kitabın adı belə olardı: “Sizin yerinizdə Məhəmməd peyğəmbər olsaydı nə edərdi?”

O vaxtdan hər dəfə nəsə eləyəndə düşünmüşəm, özümə sual vermişəm, görəsən mənim yerimdə Məhəmməd peyğəmbər olsaydı filan işi necə edərdi?

Açığını deyim ki, adam belə düşünəndə içi rahatlayır. İstər-istəməz bir qədər dayanıb səbir etməli olursan, düşünürsən, vaxt qazanırsan.

Və mütləq doğru yolu tapırsan...

Vacib deyil ki, bu obraz Məhəmməd peyğəmbər olsun. Kimi istəyirsiz onu qoyun; İsa peyğəmbər olsun, Həzrəti Əli olsun, Mirzə Cəlil olsun, Folkner olsun, lap Çe Gevara olsun...

Təxəyyülünüzü qanadlarını geniş açın və düşünün.

Məhəmməd peyğəmbər avtobusun dolu olduğunu görüb nə edərdi?

Məhəmməd peyğəmbər facebookda necə davranardı, nə cür statuslar yazardı, başqaları ilə necə davranardı?

Böyük ideallara qaçmaq lazım deyil. Zatən onları heç vaxt etmirik.

Elə gündəlik davranışlarınızdan başlayın və bir anlıq düşünün. Sizin yerinizə Məhəmməd peyğəmbər olsaydı nə edərdi?

Necə ki, mən bu yazını yazanda düşündüm. Məhəmməd peyğəmbər mənim yerimə olsaydı bu yazını yazardımı?

Baxdım ki, yazardı.

# 4767 dəfə oxunub

Müəllifin son yazıları

# # #