Quzu verib kredit almaq

Quzu verib kredit almaq
28 noyabr 2013
# 12:25

Mirmehdi Ağaoğlunun “Gəlin çinar”ı

Yazıçı Əkrəm Əylisli yeni hekayəsi “Gəlin çinar”ı Kulis.Az-a təqdim edərək hekayənin sonluğunun Kulis yazıçıları tərəfindən təkrar yazılmasını xahiş etmişdi.

Kulis.Az Mirmehdi Ağaoğlunun yazdığı sonluğu təqdim edir.

Başqa sonluqlar da çap edildikdən sonra Əkrəm Əylislinin sonluğu dərc ediləcək.

Əkrəm Əylislinin yarımçıq hekayəsi

Qan Turalının sonluğu

Birdən Orxanın yadına düşdü ki, atasıyla əmisi keçən ay süfrə başında uzun müddət kredit barədə danışmışdılar. Bu söhbətdən bir həftə sonra isə rayon mərkəzindən qalstuklu bir cavan oğlan gəlmiş və kamali-ədəblə mal-heyvanı, həyətin ağaclarını, evin müxəlləfatını sayıb sonalamışdı. Bundan sonra Orxanın atası həmin qalstuklu cavan oğlanla rayona getmiş, axşama cibində bir cəngə pulla evə qayıtmışdı. Həmin axşam atası ilə əmisi yenə süfrə başında idilər və bu uğurlu işi qədəhlərini toqquşduraraq qeyd edirdilər. Orxan atasının işinin düzəlməyini bir də bundan bilmişdi.

Orxanın yoxluğundan şər qarışan vaxtı xəbər tutdular. Orxan bu vaxtlar adətən ya evdə dərs oxuyardı, ya da anasına heyvanları farağatlamağa kömək edərdi. Bunların heç biri olmayanda isə o ancaq uşaqlarla talada futbol oynayardı.

Orxanı kəndin yuxarı başında yaşayan əmisigildə də yox idi. Həmin gecə bütün kənd axtarışa çıxsa da Orxanı heç yerdə tapmadılar. Müəmmalı burası idi ki, həmin gün kənddə Orxanla birlikdə babasının ona bağışladığı alnı qaşqa quzu da yoxa çıxmışdı.

Məktəbin ilk zəngi vurulsa da siniflər bomboş idi. Müəllimlər də, məktəblilər də kənddə ayağı yer tutan hər kəs artıq on ildir çayxana kimi fəaliyyət göstərən, yalnız seçkilərdən-seçkilərə içi adamla dolan klubun qarşısındakı meydanda yığışmışdı. Dünəndən polisə və mətbuata da xəbər verilmişdi. Bir azdan bütün kənd axtarışa çıxacaqdı. Camaat qruplara bölünür, qrup rəhbərləri təyin olunurdu.

Birdən kəndin ayağında bir qaraltı göründü və o qaraltının görünməsi ilə də sanki qələbəliyin içinə bomba düşdü. Gələn çoban Məlik idi, Orxanın əlindən tutmuşdu, çiynindən isə Orxanın quzusunun ayaqları sallanırdı.

Orxanın yox olma səbəbini eşidəndə ən çox Həsən kişi pərt oldu və başını aşağı salaraq evlərinə doğru getdi. Kənddə isə həyat bir azdan öz axarına düşdü; məktəblilər məktəbə, işi olanlar iş-gücünə, işsizlər isə adəti üzrə çayxanaya yollandılar. Amma hamı bir şeyi danışırdı: Gəlin çinarın biznesmenə satılmamağını istəyən Orxan quzusunu götürüb rayon mərkəzi aparırmış ki, orada girov qoyub bankdan kreditə pul götürsün və bu pulu Həsən kişiyə verərək Gəlin çinarı bu tamahkar biznesmenin baltasından xilas eləsin. Yaxşı ki, qaranlığa düşərək çöl yolunda azan Orxan çoban Məlikə rast gəlib. Tərslikdən çoban Məliyin telefonunun “zaryadka”sı da bitibmiş, kəndə xəbər verə bilməyib...

Hə, kənd camaatı bir də onu danışırdı ki, Həsən kişi əlinə bel götürüb Gəlin çinarın ətrafına çəkilmiş çəpəri sökürmüş. Biznesmen də əlini-qolunu ölçərək onun yanında var-gəl edirmiş. Amma camaat da yaxşı bilirdi, yaxşı bilirdi ki, Həsən kişini bu işə ehtiyac ürcah eləsə də sözübütöv adamdır, satmıram deyibsə acından ölər, amma satmaz.

O hadisədən sonra kənddə nə o biznesmeni görən oldu, nə də onun qara, heybətli maşınını.

# 4729 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #