İntihar etməyə qoyma!

İntihar etməyə qoyma!
23 mart 2013
# 13:47

Mirmehdi Ağaoğlu

Martn 20-də hamı kimi mən də qəbiristanlığa vəfat etmiş əzizlərimi yad etməyə getmişdim. Hər il olduğu kimi yenə də məzarlıqda molla qıtlığı vardı, ölüsü üçün yasin oxutdurmaq istəyənlər növbəyə durmuşdu. Yenə də mollalardan şikayət vardı, pulla oxuyurlar filan...

Bəs molla pulla oxumasın, nə etsin? O əgər hər cür hava şəraitində sənin əzizin üçün yasin oxuyursa, deməli haqqını verməlisən. Yox, deyirsənsə islamda belə şey yoxdu, pulla yasin oxumazlar, onda bil ki, islamda hər kəs quranı özü oxumalıdı, o zaman zəhmət çək özün oxu.

Ölümüz ölür, onu yerdən qaldırmağa molla gözləyirik, yas mərasimini mollanın rəhbərliyi və təlamiatı olmadan təşkil etmirik. Hətta yas məclisinə adamların giriş-çıxışı da molla salavatı ilə tənzimlənir.

Bununla belə mollaların cəmiyyətdə həmişə pis imicləri olub. Nə qədər müsbət missiyaya sahib olsalar belə.

Günah bəlkə də özlərindədi. Çünki Qafqaz Müsəlamanları İdarəsinin adı ancaq ildə iki dəfə mətbuatda hallanır, gündəmə gəlir.

Bir: Məhərrəmlik vaxtı.

İki: Həcc ziyarəti vaxtı.

Qeyri vaxtlar QMİ demək olarki, cəmiyyətin ictimai həyatında görünmür.

Xristian cəmiyyətlərində keşişlər cəmiyyət həyatında aktiv iştirak edirlər. Cəmiyyəti narahat edən bir sıra məsələlərdə iştirak edirlər, öz mövqelərini ortaya qoyurlar. Bəzi məsələrlərdə dövlətlə birlikdə onlar da öz layihələrini həyata keçirirlər. Misal üçün, qışın sazağında dövlət evsiz-eşiksizləri qida ilə, sığınacaqla təchiz etdiyi kimi kilsə də pulsuz xörək paylayır, evsizləri sığınacaqlarda yerləşdirir.

Hər iki fəaliyyət, istər dövlət, istərsə də kilsə tərəfindən bir-birindən asılı olmadan müstəqil həyata keçirilir. “Kerri bacı”nın son fəslini, Corc Hetsvudun növbəyə durub şam yeməyi yediyi, sonra intihar etdiyi səhnəni xatırlayın. Drayzerin bu əsəri bir əsr əvvəl yazılıb.

Martın 19-da Kürdəmirdə 18 yaşlı bir qız intihar edib. Ailəsi onu sevdiyinə vermirmiş. Sıradan bir səbəbdi. Bizim cəmiyyətdən qadının fikri, xüsusən evlənmək məsələsində dominant olmur. Normal hadisədi. Milyonlarla belə hadisə olub. Hər halda bu problemin nəsə bir çıxış yolu vardı, amma intihar deyildi.

Ötən ay Neftçalada sevgilisinə ucuz hədiyyə aldığına görə sinif yoldaşları tərəfindən ələ salınan bir oğlan intihar etmişdi.

Onlarla misal saymaq olar. Axı bu insanları intihara vadar edən nədi? Tutalım, sosial problemlər var. Bu da onları intihar etməyə vadar edir. Guya 50 il əvvəl belə sosial problem, yoxsulluq olımayıbmı? Olub. Amma intihar da bu həddə olmayıb.

İntihar mümkün variantlardan birinə çevrilib, çarəsizliyə yox.

Bəs QMİ bu məsələlərin həllində niyə təşəbbüs göstərmir? Əgər bunun bir səbəbi insanların savadlarının olmaması, azlığı, dünya görüşlərinin zəifliyidirsə, ikinci səbəbi də dini savadlarının olamamasıdır.

QMİ insanlara intiharın islamda nə qədər böyük günah olduğunu anlatsın. Qurandan, hədislərdən misallar gətirib insanları bu yoldan çəkindirməyə çalışsın.

Təşəbbüs qrupları yaradılasın. Regionlarda seminarlar təşkil olunsun. İnsaların maarıfiləndirilməsi aparılsın. Broşurlar çap olunub paylanılsın. QMİ əlindəki metod və vasitələrlərdən istifadə edib intaharların azalmasnda qatqıda bulunsun.

Bəlkə heç olmaya bu yolla insanlarda xof yaranar. Çəkinərlər özünəqəsddən. “Məhşər”də Əmir Teymur demiş qəlblərində “Allah xofu” yaranar.

Nə vaxtacan QMİ ancaq öləndə yanımızda olacaq? Nə vaxtacan mollalar ancaq ölümüzə sahib çıxacaqlar?

# 4387 dəfə oxunub

Müəllifin son yazıları

# # #