Emrah Serbesin yeniyetmələri

Emrah Serbesin yeniyetmələri
6 iyun 2016
# 11:47

Bizim yazıçılar nədənsə tematik hekayə kitabları çap etmirlər. Ola bilsin bir-iki istisna var, mən xatırlamıram. Bizim müəlliflərin hekayələr kitabına daha çox yaradıcılıqlarının son dövrlərində yazdıqları hekayələr daxil olur. Bir də kitabın içində silsilə hekayələr ola bilər. Ancaq hansısa bir mövzuya bütövlükdə həsr edilmiş hekayələr kitabı görməmişəm.

Milan Kunderanın “Gülməli eşqlər” adlı hekayələr kitabı var. Yazıçı bu kitaba sevgi hekayələrini salıb. Adından da göründüyü kimi kitabdakı eşq hekayələri gözlənilməz, qeyri-adi sonluqla bitir.

Tematik hekayələr yazmaq yazıçını bir qədər çətinə salsa da, onu “dar meydança”da oynamağa məcbur etsə də, nəticədə ortaya konseptual nümunə çıxır, kitab ayır-ayrı hekayələri ilə deyil, ümumi təəssüratı ilə yadda qalır. Bu zaman belə təəssürat yaranır ki, hekayə kitabı deyil, roman oxumusan.

Bu yaxında Emrah Serbesin “Erken kaybedenler” adlı hekayələr kitabını oxudum. Emrah Serbesi Türkiyənin gənc yazıçılarındandır. Gənc olmasına baxmayaraq məşhurdur. Türk ədəbiyyatından xəbərsiz olanlar onu “Behzet Ç” serialından tanıya bilər. Serial onun əsəri əsasında çəkilib, bir neçə seriyanın ssenarisini də özü yazıb.

Serbes “Erken kaybedenler” kitabını 2008-ci ildə bitirib, bir il sonra çap edilib. Kitaba daxil olan hekayələr yenicə həddi-buluğa çatan oğlanlardan bəhs edir. Hər bir hekayənin qəhrəmanı 10-14 yaşında oğlan uşağıdır. Onların dilindən hekayələr nəql olunur, onların gözü ilə hadisələrə baxılır.

Bu qəhrəmanların əsas problemi böyüklərin onları anlamaması, sevgidə yaşadıqları uğursuzluqdur. Bunun fonunda Serbes modern türk insanının həyatına girə bilir, onun qayğılarını, ictimai-siyasi həyatını əks etdirir.

Bu yaş dövrü insanın ən çətin illəridir. Uşaqlıqdan yeniyetməliyə keçid zamanı insan təkcə fizioloji deyil, mənən də dəyişir, düşüncəsi yenilənir. Yenilənmə isə birdən baş vermir, tədricən olur. Buna görə də bu yaşda insanlar gah böyük olurlar, gah uşaq, bəzən çox ağıllı fikirlər söyləyirlər, bəzən də elə uşaq olaraq qalırlar. Bir də görürsən elə fikir deyirlər ki, bunu heç yetişkin insan da dilinə gətirməz.

Serbes uşaqların bu həssas dönəmini kitabda yer alan bütün hekayələrdə əks etdirib. Biz bəzən hekayələri böyük adamın gözündən görürük, bəzən də hekayə uşağın təhkiyəsinə keçir. Nəticədə oxucu qəhrəmanın iç dünyası ilə tanış olur, onun yaşadığı təbəddülatlara şərik çıxır. Axı biz özümüz də eyni çaşqınlıqları, eyni təbədüllatları, eyni anlaşılmazlıqları yaşamışıq.

Qəhrəmanlardan biri nənəsi ilə yaşayır, digəri qardaşının sevgilisinə aşiq olur, o biri repetitoruna, başqa biri qızların özünümü, analarınımı sevdiyini bilmir.

Hekayələrdən bəziləri olduqca sakit bitdiyi halda (“Korhan abinin bacısı”), (“Cahidə”), digərlərinin sonluğu gözlənilməzdir (“Zənn etdiyin kimi deyil”).

Maraqlıdır ki, hekayələrin heç birinin qəhrəmanı qadın deyil, yəqin müəllif qadın dünyasının sirrini-sehrini verə bilməyəcəyindən, ya da saxtalıq etməkdən çəkindiyi üçün bundan qaçıb, yalnız həddi-buluğa çatan oğlanlardan yazmaqla kifayətlənib.

Tematik hekayələr kitabının üstünlüklərindən biri də budur ki, ayrı-ayrı hekayələrin qəhrəmanları sanki böyük bir pazlın hissələridir və kitabı bitirəndən sonra oxucunun gözləri önündə vahid bir obraz canlanır. Bu, müxtəlif hekayələrdən hissə-hissə toplanmış obrazdır. Bu hekayələri ayrı-ayrı oxusan o qədər təsirli olmayacaq və ya kitabı tam oxuduqda alınan təəssürat ayrı-ayrı hekayələrin təəssüratlarından qat-qat ziyadə olacaq.

“Yuxarı mərtəbədəki terrorist” hekayəsini hələ bir müddət əvvəl oxusam da açığı o qədər bəyənməmişdim. Bu dəfə kitabın içindəki digər hekayələrlə birlikdə oxuyanda tamam ayrı təəssürat yaratdı. Sanki o biri hekayələrin davamı kimi gəldi mənə.

Ayır-ayrı hekayələrdən danışmaq istəməzdim. Amma kitabda yer alan sonuncu hekayədən bəhs etməyə də bilmirəm. “Kimi sevsəm alınmır” hekayəsinin qəhrəmanı Bülent yay tətillərində atasının qaz balonu doldurma firmasında çalışır. Ona kömək edir. Bundan razı deyil, üstəlik sevdiyi qız da onu sevmir, hələ bu azmış kimi elə zənn edir ki, qızın anasının və kiçik bacısının da onda gözü var. Amma sonda xəyal qırıqlığına uğradıqda kafeyə gedib pivə içə-içə dünyadakı insanların onu anlamadığını bağıran, özünü bu dünyada tək hiss edən Bülent evə qayıdanda binanın girişindəki sensorlu lampanı çubuqla qırır. Bununla acığını cansız lampadan çıxır. Atası niyə belə etdiyini soruşduqda “Ata, o, məni görməzdən gəldi, yanmadı” deyir. Cavanlığını qətl üzündən türmələrdə keçirmiş, həyatda az acı görməmiş atası isə oğlunun başını sığallayaraq deyir: “O, məni görəndə də bəzən yanmırdı, havaya belə əl yelləməlisən, o zaman yanacaq. Ucuzundan taxıblar. Bizlik deyil.”

Serbes bu kiçik detalla başqalarının ucuz sensorlu lampa kimi bizə laqeyd olduğunu, onların bizi görməsi üçün bəzən əl yelləməyimiz lazım olduğunu deyir.

O biri hekayələri, sizə zəhmət olmasın, özünüz oxuyarsız. Məndən bu qədər.

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #