Gənc şairə: “Ömrümdə zəmi görməmişəm”

Gənc şairə: “Ömrümdə zəmi görməmişəm”
22 may 2015
# 08:00

Kulis “Yeni ədəbiyyat” layihəsindən Könül Həsənqulu ilə müsahibəni təqdim edir.

- Könül bir az özün haqqında məlumat ver.

- İxtisasca tərcüməçiyəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Həmin ildən də Elmlər Akademiyasında müəllim işləyirəm. Hazırda orda doktorantam.

- Nə vaxtdan şeir yazmağa başlamısan?

- Əslində məktəb vaxtından yazırdım. Amma buna ciddi yanaşmırdım. İlk şeirimi evdə saxladığımız bir heyvana yazmışam. Sonradan siyasi şeirlər yazmağa başladım. Düşünün, səkkizinci sinif şagirdi necə bir siyasi şeir yazardı?

- Deyəsən, solçusan.

- Vallah, nə deyim. Bircə onu bilirəm ki, mən bərabərliyi sevirəm. Qadınca bir misal çəkim. Mən öz otağımı yığışdıranda təkcə gözümə görünən əşyaları yığışdırmaram. Dolabları açıb, gözlərini də təmizləyirəm. Və istəyirəm ki, cəmiyyətdə hər şey bərabər paylansın. Mənə maraqlıdır ki, heç vaxt görmədiyim, ucqar əyalətdə fabrikdə işləyən fəhlə necə yaşayır? Bərabərliyi mən çox sevirəm. Hər hansı bir ölkənin sərvəti hamı üçündür. Düzdür, mənim özümə dair şikayətim yoxdur, müəllim işləyirəm və bədii tərcümələr edirəm.

- Lorka da solçu idi.

- Lorka da, Sezar Valexo da...

- Bəlkə sevimli şairlərinin solçu olduğu üçün sən də bunu seçmisən?

- Lorka yaradıcılığı ilə tanış olana qədər mən artıq solçu şeirlər yazmışdım. Mənə Lorkanı sevdirən daha çox onun “Limonluqlar”ı oldu. Bir şair dostumuz vardı, Lorkanı oxuyub mənə dedi ki, sən zəmidən yazdığın kimi Lorka da limonluqlardan yazıb. Mən əvvəl düşünürdüm ki, onu səhvən həbs edib gülləyiblər. Sonra Lorkanın həyatını oxuyub gördüm ki, solçu imiş, aktiv mübarizə aparırmış.

- Bizim şairlərdən kimləri sevirsən?

- Ən çox sevdiyim şairlər Həmid Herisçi, Səlim Babullaoğlu, Vaqif Bayatlı və Qismət Rüstəmovdur. Səlim müəllimlə Qismət bəyin istiqaməti fərqli-fərqlidir, amma mən ikisini də oxuyanda eyni zövqü alıram. Yenə də qayıdıram Həmid Herisçiyə. Mən onun şeirlərini, yaradıcılığını çox sevirəm. O deyir ki, mən yaradıcı deyiləm, dağıdıcıyam. Onun “SSSR” şeirlər kitabı mənim stolüstü kitabımdır.

- Həmidin nəsri haqqında nə deyə bilərsən?

- Təəssüf ki, oxumamışam. Baxın, biz şüuraltı olaraq nə elədiyimizi heç bilmirik. Bəlkə mən heç onun nəsrini oxumaq istəmirəm? Bəlkə mən onu nasir kimi oxumaq istəməmişəm?

- Bəlkə nəsrini oxuyub onun təsəvvüründə olan obrazını dağıtmaq, məyus olmaq istəmirsən?

- Həmid Herisçi mənim təsəvvürümdə elə formalaşıb ki, onu dəyişmək mümkün deyil. O, artıq mənim beynimdə ideal şairdir.

- Könül, bayaq da qeyd etdin, sənin yaradıcılığında zəmi obrazı çox yayğındır. Amma bildiyim qədəri ilə heç vaxt zəmi görməmisən.

- Heç vaxt görməmişəm.

- Niyə? Bu da Həmidi nasir kimi tanımağı rədd etmək istəyinə bənzədi. Həmidin romanları satışda var, alıb oxumursan, maşına minib Bakıdan 100 km-lik məsafədə hara getsən zəmi görərsən. Getmirsən. Bu necə istəkdir axı?

- Əslində, əvvəllər çox istəyirdim zəmi görüm. Amma sonralar başa düşdüm ki, daha görmək istəmirəm. Kitabımın adı “O zəminin sahili”dir. Ürəyimcə ad tapa bilmirdim. Aqşin Yenisey mənə üç ad təklif etdi və onların içindən bunu seçdim. Mən artıq istədiyimi tapdım. Sonra mən kitabıma hər hansı bir rəsm əsəri qoymaq istəyirdim. Google-da axtarış elədim. Maraqlıdır ki, baxdığım zəmi şəkillərinin heç biri mənim təsəvvürümdəki zəmi ilə üst-üstə düşmədi. Mən başa düşdüm ki, kitabın üstünə başqa şey vermək lazımdır. Ona görə də gedib həqiqi zəmini görməyə dəyməz. Qoy zəmi elə mənim təsəvvürümdəki kimi qalsın. Hətta Ukrayna səfərimdə də yazıçı dostlar mənim zəmi görmədiyimi öyrəndikdə dedilər ki, bu ay zəmi gözəldir, gedib baxa bilərik, yenə də razılaşmadım.

- Səncə bir şairin adicə zəmini görmək istəməməyi və əvəzinə Google-un, texniki yeniliklərin bizə təqdim etdiyi vizual zəmilərlə kifayətlənməyi yaradıcılıqda yeni bir münasibətdən xəbər vermir ki? Yəni bundan sonra əsl ağaca deyil, kompüterimizin desktopunda gördüyümüz ağaca şeir yazılacaq, əsl çayları unudub Googledakı çay şəkillərindən təsirlənəcəyik. Bununla da sanki həqiqəti görmək istəmirsən, öz təsəvvüründə həqiqət yaradırsan.

- Əlbəttə bu həqiqətdən qaçışdı. Ola bilsin mən həqiqətdən qaçıram. Mən gözümü yumanda başqa bir zəmi görürəm. Mən heç dəqiq bilmirəm zəminin hündürlüyü nə qədərdir. İstədiyim kimi görürəm onu.

- Bəlkə sənin gözündə zəmi meşəlikdi?

- Mənə görə zəmi tanrının sonsuz mərhəmətidir. Mən anama cəmi bir şeir həsr eləmişəm. Bu kitabda isə azı 20 şeir zəmiyə həsr olunub. Növbəti kitabımda daha çox olacaq. Belə bir deyim var ki, yazarlar iki cürdür. Biri görməyincə yazmır, o biri yaşamayınca. Mənim beynim mənə kifayət edir.

- Sənin üçün nə vacibdir, şairin istedadımı, intellektimi?

- Hamısı oxucu zövqünə bağlıdır. Elə oxucular var ki, ağır intellektual şeirlər sevirlər. Elə oxucular da var ki, yalnız duyğuların çılpaq halda verildiyi şeirləri qəbul edirlər. Yəni onlar ruhən effekt almaq istəyirlər, sarsılmaq, tərpənmək istəyirlər. Mən oxucu olaraq hər ikisini sevirəm. Ona görə də bu bölgünü qəbul etmirəm. Açıq deyim ki, sevgi şeirlərini sevmirəm. Çünki bu mövzuda o qədər istedadlı şeirlər yazılıb ki, təzədən kiminsə o mövzuya qayıtması çətindir. İnsan gərək nə qədər intellektual olsun ki, bu mövzuda gözəl şeir yaza bilsin.

- Dünya ədəbiyyatından kimləri sevirsən?

- Bayaq dedim, Lorkanı sevirəm, Sezar Valexonu sevirəm. Məsələn, Valexonun şeirlərindəki ağrılar intellektual ağrılardır. Tutalım kimsə deyə bilər ki, elə pis ağrıyıram məni ailəm də atıb, sevgilim də atıb. Amma intellektual insan onu bir cümlə ilə elə ifadə edər ki, heyran qalarsan. Antonio Maçadonı sevirəm, Ximenesi sevirəm, Kortasarı, Pasternakı sevirəm. Kortasarı çox sevirəm bax o, hər ikisinin vəhdətidir. Həm fitri istedad, həm də intellektual bacarıq.

- Şairə kimi çox qlamur görünmürsən ki?

- Tanıyanlar bilir ki, mən televiziya verilişlərinə çıxmağı çox xoşlamıram. Cəmiyyətdən qaçıram. Mən istəmirəm mənim özümü tanısınlar, məni oxusunlar. Yəni şeirlərimdən görünür ki, Könül bu gün necə geyinib? Məncə görünmür. O ki qaldı yaradıcılığa, insan həyatda necədirsə yaradıcılıqda da o cür olmalıdır. Sizə onu deyim ki, mən yaradıcılıqda heç həyatda olduğum kimi ütülü deyiləm. Həyatdan fərqli olaraq yaradıcılığımda çox sərbəstəm.

- Könül, nəsr də yazırsan?

- Hazırda bir roman üzərində işləyirəm. Tam fərqli ideyadır. Onu çalışıram elə bir texnika ilə yazım ki, ideyaya xəyanət etməyim. Ona görə də çox ləng yazıram. Paralel olaraq tələbə vaxtı yazdığım yarımçıq bir romanın əlyazmasını kompüterə köçürürəm.

- Şeirdən nəsrə keçid mərhələsindəsən.

- Mən o mərhələləri sevmirəm. Əlbəttə sonradan mükəmməl nasir olan şairləri alqışlayıram. Amma mən daha çox həmişə şair qalan şairləri sevirəm.

- Fərid Hüseyn keçən dəfə müsahibəsində dedi ki, bizim gənc xanım yazarların dili çox pintidir. Sənin fikrin necədir?

- Mən dəqiq bilmirəm Fərid konkret hansı yazarları nəzərdə tutub. Mənim də oxuyub heç axıra çatdırmadığım romanlar var. Ad çəkmək istəmirəm. Əgər mən bir romanın iki səhifəsini beynimdə redaktə edə-edə oxuyacamsa nəyimə görəkdir həmin əsər? Sahilənin dili mənim xoşuma gəlir, çox rahat yazır.

- Səncə, yazıçının xarici dil bilməyinin üstünlüyü nədir?

- Yazıçı birinci öz dilini bilməlidir. Şəxsən mən yazanda başqa ədəbiyyatı düşünmürəm. Adam yazanda heç oxunulmamış, yeni bir şey yazmaq istəyir.

- Sahilə ilə bir dəfə söhbətimiz olmuşdu. Dedi ki, bizdə dil qaydalarına çox sərt yanaşırlar. Filan şey bu cür olmalıdır, vəssalam. Amma ingilislər bu sarıdan çox rahatdırlar, dil qaydalarına çox uymurlar, mən də onlar kimi etməyə çalışıram.

- Mən öz mövqeyimi deyim ki, dilçi olaraq Sahiləni çox rahat oxuyuram.

- Könül, bu yaxında Ukraynaya getmişdin? Səfərin məqsədi nə idi?

- Beynəlxalq Poeziya Forumuna dəvət etmişdilər. Forum 2 gün davam etdi. Növbəti 2 gündə isə mənim tələbələrlə görüşüm təşkil olundu. Çox gözəl təəssüratlarla gəldim. Mən orda Azərbaycana, şeirə, sözə nə qədər sayğı olduğunu gördüm. Orda müasir Azərbaycan şairləri haqqında danışdım, onların şeirlərini oxudum. Onlar mənə deyirdilər ki, şeirinizi ruscadan əlavə azərbaycancadan oxuyun. Onu deyim ki, azərbaycanca oxuyanda daha çox alqış alırdım. Bəlkə ruslara qarşı onlarda nifrət var ona görə idi, bilmirəm. Mən apardığım şeirləri Nicat Məmmədov tərcümə etmişdi. Fəridin, Qismətin, Nicatın və başqalarının şeirlərini aparmışdım. Bütün şeirləri bəyəndilər. Sonunda Qismətin “Exchange” şeirinin yazılı variantını da istədilər məndən, çox sevdilər o şeiri.

- Yaşlı şairlərdən kimlərin şeirlərini aparmışdın?

- Gənc şairlərin forumu idi deyə ancaq gənc şairlərin şeirlərini aparmışdım. Bundan başqa mənə orda mükafat verdilər. Sonra Ukrayna Yazıçılar Birliyinin nişanını verdilər, iclaslarına dəvət etdilər. Mənim çox xoşuma gəldi. Gənclərə çox diqqət ayırırlar.

- Onlarda necədir? Ukrayna Yazıçılar Birliyinə qarşı öz AYO-ları, müxalif qüvvələri var, yoxsa?

- Bəlkə də var, amma mən rast gəlmədim. Onu deyim ki, birliyin ətrafında çoxlu gənc toplaşıb.

- Bu səfərdən sonra hansı qənaətə gəldin? Ukrayna poeziyası və Azərbaycan poeziyası - hansı daha üstündür?

- Azərbaycan poeziyası yetərincə inkişaf edib. Dünya poeziyası ilə ayaqlaşa bilərik. Mən düşünmürəm ki, Azərbaycan poeziyası Ukrayna poeziyasından geri qalır. Özümüzü daha yuxarılarda görürəm. Deyək ki, Nobel almağa Azərbaycanın şansı daha çoxdur.

- Bizim də Tranströmerimiz ola bilər?

- Niyə olmur. Həmid Herisçi elə “SSSR” kitabı ilə Nobel ala bilər.

# 1347 dəfə oxunub

Müəllifin son yazıları

# # #