Kulis şairə Mina Rəşidin yeni şeirlərini təqdim edir.
Mən ki, çox şey istəmədim
Taleyimlə əlbəyaxa
Həmişə savaşdayam.
Min dərd məni yıxa bilmir
Bax, yenə də ayaqdayam.
Ovulsam da için-için
Yenidən quruluram.
Yol kimi çıxıb gedirəm
Çay kimi duruluram.
Sığınmağa bir evim var
Öz içimdə tikdiyim.
Mən ki, çox şey istəmədim
Nədir bunca çəkdiyim?
Gül gətirdin üstümə
Sən doğmasan, yoxsa yad
Nədən durdun qəsdimə?
Məni öldürüb sonra
Gül gətirdin üstümə.
Çiçəkləri sevsəm də
Səndən bir gül almaram.
Ay mərdi namərd edən
Mən həminki olmaram.
Eşitmirəm nə desə
Axı çoxdan ölmüsən...
Yaxında uzaq oldun
İndi hardan gəlmisən?!
Allahı necə sevdiyini...
...Allahın adını tez-tez dilə gətirən qadın,
Yoldan bir qara daşı götürsəydin
Qızımın telinə sığal çəksəydin,
Gözündəki təbəssümü qəlbimə ötürsəydin
Gözlərindən oxuyardım
Allahı necə sevdiyini...
...Bir kimsəsizə həyan olsaydın,
Gün kimi parlayıb,
bulud kimi dolsaydın,
Haqsızlıq önündə belə susmasaydın
Sözlərindən oxuyardım
Allahı necə sevdiyini...
Qəribin qapısı
Qəribin qapısını
Küləklər açıb-bağlar.
Rüzgarın sərtliyindən
Qapı-baca qan ağlar.
Qəribin qapısını
Çiçək döyməz, gün açmaz.
Nəğmə deyən o quşlar
Dərdin düyünün açmaz.
Bayramda tənhalıqdan
Yerlə-göylə danışar.
Uşaq xəyallı qoca
Tonqal kimi alışar.
Səbri böyük olsa da
Dünyayla çox davalı.
Yerindən qopmaq istər
Qapısı da havalı...
Yalan danışma, qadın
Bəzən-düzən, naz elə
Özünü aldat, qadın.
Adamlar sevmir səni
Yalan danışma, qadın.
Dilin zəhər, qəlbin ac
Gözün onda-bundadı.
İşıqsız doğulmusan
Qaranlıq qanındadı.
Bəsdi yalan danışdın
Nə özünü öyürsən.
Gül əkirsən gül kimi
Ürəyimi üzürsən.