Bu gün Xalq artisti Mirzə Babayevin doğum günüdür. Kulis.az bu münasibətlə unudulmaz ifaçı haqqında maraqlı faktları təqdim edir.
Bakının 1913-cü il iyulun 16-sı Maştağa kəndində doğulub, anası Sonaxanım bəy ailəsindən olub.
***
Mirzə Babayevdə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə Babayev böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edirmiş.
***
Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Mirzə Babayev müharibədə iştirak edib. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.
***
Sənət cameəsinin Mirzə dayısı ixtisasca memar idi. Bakıda bir çox binaların, o cümlədən Nizami adına Ədəbiyyat muzeyinin, Vətən kinoteatrının layihə müəlliflərindən olub.
***
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın, lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğun olub. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur, amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki, Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi.
***
Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk, bəlkə də yeganə şanson ifaçısıdır. Məsələn, “Bir utan qızına aşiq olarmı adam”, “Mən səni sevirəm” mahnıları zamanında əvəzsiz üslub idi. Mirzədə artistizm çox güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi. Ümumiyyətlə, sovet vaxtı Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. Mirzə Babayev axı belə deyildi, ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu. Elə şanson tərzinin özünü də qəbul etmirdilər. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazıblar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.
***
Bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: “Əgər “Kəpənək” mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq”. Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb, onu lağa qoyurdular.
***
Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: “Görün necə gözəldir?”
***
Çoxu bilmir ki, “O olmasın, bu olsun" filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə oxuyub. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib. "O olmasın, bu olsun" filmi çəkiləndə, Məşədi İbad roluna onu çəkmək istəyirmişlər, amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər.
***
50-yə yaxın filmə çəkilib, bunların çoxunda aktyor kimi iştirak edib. Rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah (“Dərviş Parisi partladır”), Mirişin atası (“Bəyin oğurlanması”), Meyxanaçı (“Dəli Kür”), Bəy (“Qaraca qız”) ən məşhur rollarındandır. Təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevin çəkiləcəyini biləndən sonra yazıb.
***
Mirzə Babayev ən uzunömürlü müğənnilərimizdəndir. Olduqca pozitiv insan olub. Görənlərə həyat eşqi aşılayıb. O, söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam". Amma o, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, artıq əvvəlki adam deyildi. Müalicə alıb sağalsa da, 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edir.
***
Kimlər gəldi, kimlər getdi bu dünyadan
Arif olan nakam getməz bu dünyadan...
Bu mahnını Mirzə Babayev qədər ürəkdən oxuyan olmayıb. Ürəkdən oxuyurdu, oxuduqlarına inanırdı və həyatını da o cür yaşayırdı. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi unudulmaz ömür yaşadı.