Kolleksiyaçı Ruslan Rəhimov: “Bir milyon kibriti olan adam var”

Kolleksiyaçı Ruslan Rəhimov: “Bir milyon kibriti olan adam var”
7 iyun 2016
# 09:00

Uşaq vaxtından pul, marka, maraqlı əşya toplamağı xoşlasam da, bu həvəsimi sonradan yarımçıq saxlayası oldum. Açığını deyim, kolleksiyaçılıq mənə o qədər də asan görünmədi. Onun yeniləməli, mütəmadi təmizləməli, yeni kolleksiyalar axtarıb tapmalı, almalısan. Bax bu kimi çətinliklərə görə kolleksiyaçılıq həvəsim yarımçıq qaldı.

Ruslan Rəhimov isə mənim kimilərindən deyil. O, uşaq vaxtı rəngli daşlar yığmaqla oyanan həvəsini indi peşəkar səviyyəyə çatdırıb. Bizimlə müsahibəyə də Ruslan ürəkdən razılaşdı, üstəlik özü ilə kolleksiyalarının bəzilərini gətirdi.

Fotoqrafımız Nicat şəkil çəkənə kimi Ruslan kolleksiya nümunələrinin bir neçəsi haqqında əvvəl məlumat versin, sonra da keçək müsahibəmizə.

- Mən nadir kitablar toplayıram. Onların bəziləri burdadır. Bax bu, 1914-cü ildə çap olunmuş “Hophopnamə”dir. Bu biri kitab isə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəridir. Əski əlifbada çıxıb. Keçən dəfə bir muzeyə getmişdim, gördüm ki, kitabı tərsinə qoyublar.

- Məndə “Füyuzat” jurnalının bütün sayları var, onları gətirmədim. Əvəzində 90-cı illərdə çap olunan qəzetlərin ilk saylarını gətirmişəm. Bunların içində “Azadlıq”, “Yeni Müsavat”, “Bizim yol”, “Mənlik” qəzetlərinin ilk sayı var. Ümumilikdə məndə yüz çeşiddə, üç yüzdən çox qəzet var. Bu jurnal isə “Pioner”dir. Bunun da ilk saylarını saxlayıram.

- Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” adlı bu kitabını Türkiyədə keçirilən hərracdan almışam. Rəsulzadənin avtoqrafı var, kitabı Yahya Kemal Beyatlı üçün imzalayıb: “Türk şairi-möhteremi Yahya Kemal Beyatlıya takdim.” Bu gördükləriniz isə Rəsulzadənin kart-vizitləridir.

- “Fahişəlik və səbəbləri” adlanan bu kitab isə 1927-ci ildə nəşr olunub. Oxumuşam, əvvəlcə fahişəliyin tarixindən danışır, sonra da fəsadlarından.

- Bu dəftər isə 1920-ci ildə nəşr olunub. Üstündə Leninin şəkli olsa da əski əlifba ilə “Türk dili” kəlməsi yazılıb. Bakıda, “Maarif” nəşriyyatında çıxıb.

- Bunlardan başqa məndə keçən əsrin əvvəllərinin sağlamlıq arayışları, təyinat kağızlarının nümunələri var. Bax bu bir mollanın hansısa məscidə təyin olunması ilə bağlı Bakı qaziliyinin sənədidir.

- Bu biri isə işıq pulu qəbzidir. Bu kimi sənədləri araşdırıb ötən əsrin əvvəllərində Bakı sakinləri nə qədər işıq sərf etdiklərini müəyyənləşdirmək olar.

- Bu əlyazmanı isə Əbülfəz Elçibəy 1990-cı ildə latın qrafikası ilə yazıb. Bunu da saxlayıram.

- Ruslan, kolleksiyaçılığın əsas xüsusiyyəti nədir, kimlər kolleksiyaçı ola bilər?

- Kolleksiyaçılığı xoşxassəli xəstəlik adlandırardım. Tanıdığım heç bir kolleksiyaçı normal deyil (gülür), hamısında anormallıq var. Bunu təbii ki, pis mənada demirəm. Deyilənə görə insanda xüsusi toplayıcı gen var, o geni üstün olan insanlar kolleksiyaçı olur. Bir şeyi alıb yığırsan və həzz yaşayırsan.

- Rəsulzadənin imzası ilə kitab almısan. O kitabı alanda məqsədin nə idi, həzz yaşamaq?

- Mən Məmməd Əmin Rəsulzadənin o kitabını alanda dəhşətli dərəcədə xoşbəxt oldum. Bunu sözlə ifadə etmək çətindir.

- Bu sevincini səninlə ailədə paylaşan olur?

- Yox. Deyirlər nəyinə lazımdır? Mən hələ elə bir kolleksiyaçı görməmişəm ki, ailəsi ondan razı qalsın. Tanıdığım bir çox kolleksiyaçının ailəsi bu işə yaxşı baxmır. Çünki bu ailənin büdcəsindən ayrılan puldur. Təbii ki, ailəmə də vaxt ayırıram, amma həftədə iki dəfə şənbə və bazar günləri kolleksiyaçıların klubuna gedirəm. Ora getməsəm özümü rahat hiss edə bilmirəm. Kolleksiya pula başa gəlir.

- Gəl etiraf edək ki, bunların çoxu dividenti olmayan kolleksiyalardır.

- Düzdü, mən kolleksiyamdan bəzi şeyləri satmışam. İnqilab öncəsi Bakı açıqcalarını toplayırdım. Azərbaycanda olan çox hörmətli kolleksiyaçılardan birinə təklif etdim, o da aldı. Amma sənin dediyin kimi, kolleksiyaçılar çox vaxt kolleksiyalarını satmaqdan xoşlanmırlar.

- Gəlir gətirən kolleksiyalar da olur?

- Bunun biznesi ilə məşğul olanlar da var. Bəzən mən də bir kolleksiyadan iki və ya daha çox olanda satıb əvəzinə başqasını alıram.

- Səndə Rəsulzadənin kart-vizitləri, imzalı kitabı, açıqcalar, pullar var. Azərbaycan mətbuatının ilk nümunələri, “Füyuzat” jurnalının bütün sayları var. Bunları harda nümayiş etdirirsən?

- Mən bunları paylaşmağı, nümayiş etdirməyi xoşlamıram. Yığdıqlarımı baxmaqdan özüm həzz alıram.

- Orxan Pamukun məşhur “Məsumiyyət muzeyi” romanında kolleksiyaçılarla bağlı hissələr var. Bəzi kolleksiyaçılar evi o qədər doldurur ki, sonra nəyisə axtaranda tapa bilmir. Bəziləri hətta kolleksiyalarının altında qalıb ölür.

- Məndə elə deyil, evin bir hissəsində kolleksiyalarım üçün yer ayırmışam. Rayondakı evimizdə də müəyyən şeylər saxlayıram. Bəzilərini də işdə saxlayıram. Mən kolleksiyalarımı açıb baxanda inanılmaz zövq yaşayıram. Kolleksiyaçılar çox paxıl olurlar, göstərmək istəmirlər, bir-birlərinə qarşı da paxıl olurlar.

- Bu vaxta kimi əldə etdiyin ən bahalı kolleksiyan nə olub?

- Əgər tək bir nüsxədən söhbət gedirsə, ən bahalı kolleksiyam Rəsulzadənin imzalı kitabı olub.

- Neçəyə almısan, məbləği deməyəcəksən?

- Yox. Mən bunu sirr saxlamağı xoşlayıram. Kolleksiyalarıma xərclədiyim məbləği eşitsələr deyərlər ki, bunun başı xarabdır. Heç evdə də məbləği demirəm. Bu vaxta qədər kolleksiyama xərclədiyim pula bahalı bir xarici maşın almaq olar.

- Elə kolleksiyan varmı ki, sənin üçün dəyəri yoxdu?

- Əlbəttə. Məndə Mirzə Kazım bəyin “Türk-tatar dili” kitabının 1846-cı ildə nəşr olunmuş ikinci genişlənmiş variantı var. Mən buna necə dəyər biçim! Bu kitab dünyanın bir çox kitabxanasında belə yoxdur.

- Yazıçılar, rejissorlar, tarixi mövzuları işləyənlər kolleksiyaçılarla əməkdaşlıq edirlər?

- Bəli, tarixi mövzuda işləyənlər arasında mənə və dostum Dilqəm Əhmədə müraciət edənlər olur. Bayaq sizə göstərdiyim qəzetlərlə bağlı mənə bir neçə dəfə alimlər müraciət edib kömək istəyiblər. Mən də qəzetlərin PDF-lərini vermişəm onlara. Sənədli film çəkənlər müraciət edirlər. Məsələn, teatr haqqında sənədli film çəkəndə, 1918-ci ilin dəvətnamələrini, biletlərini, Cəlil Məmmədquluzadənin “Ölülər” kitabını və başqa kitabları istifadə etmək üçün vermişəm.

- Təmənnasız?

- Əlbəttə. Onlar tariximizi öyrənirlər, mənim nə təmənnam olasıdır? Bilirsiz, Azərbaycan tarixi ilə bağlı kolleksiyalar Azərbaycandan kimdəsə olanda yanmıram, elə ki, hansısa kolleksiya xaricdə olur, onu alıb ölkəyə gətirməyə çalışıram.

- Kolleksiya hərracları harada olur?

- Biz daha çox Türkiyədən alırıq. Bu hərraclar həm real, həm də virtual olur.

- Dünyada ən qeyri-adi kolleksiyaçılar kimlərdi? Bayaq, kinder yığanları deyirdin.

- Kinder yığmaq qeyri-adi deyil.

- Butulka qabaqları yığanlar da var.

- Adi dəftər yığandan, butulka etiketlərini yığanlara qədər, müxtəlif növ kolleksiyaçılar var. Kinder dedin, bu gün araşdırmışam, kinderin 30-40 il öncə çıxan oyuncaqlarının indi qiyməti yoxdur. Özü də kinder yığanların arasında professorlar, adlı-sanlı adamlar, tanınmış adamlar var.

- Səncə yaşlı adamın kinder oyuncaq yığması normaldırmı?

- Mənim üçün normaldı, cəmiyyət üçün bilmirəm. Əgər maddi imkanım əl versəydi qurğuşun əsgərlər yığardım.

- Dünyada qurğuşun əsgər yığanlar çoxdur?

- Əlbəttə, dünyada geniş yayılıb. Azərbaycanda da var.

- Azərbaycanda ən maraqlı kolleksiyaçılar kimlərdi?

- Ad çəkmək istəmirəm, ümumi deyim, bizdə kolleksiyaçı var ki, İkinci Dünya Müharibəsi ilə bağlı pal-paltar, əsgər uniforması, paqon yığır. Üstəlik, onun maraqlı xüsusiyyəti budur ki, kolleksiyaları haqqında araşdırma aparıb kitab yazır. Bax, bu cür kolleksiyaçıları çox sevirəm, onlar daha məhsuldardırlar. Kolleksiyalarının cəmiyyətə də faydası toxunur. Başqa bir kolleksiyaçımız Səfəvi dövrünün sikkələrini yığır. Bir tanışım var, iddia edir ki, bir milyon kibrit qutusu var. Deyir, bir ev dolusudur. Azərbaycanda bir kolleksiyaçı da var, Birinci və İkinci Dünya Müharibəsi ilə bağlı Yaponiya medallarını yığır.

- Kolleksiyaçılarda ifrat axtarmaq həvəsi olur.

- Mən gündə ən azı bir saat saytlarda axtarış edirəm, vaxt tapdıqca şəhərdəki əntiq dükanlarını gəzirəm.

- Kolleksiyaçılar arasında intriqalar olur?

- Əlbəttə. Ən yaxın dostum, kolleksiyaçı Dilqəm Əhmədlə aramda rəqabət var. Dünən bir şəxsiyyət vəsiqəsi tapmışam, orda millət bölməsinə azərbaycanlı yox, türk yazılıb, nadir sənəddir. O sənədi dostum əldə etmək istəyirdi, amma mən almışam.

- Kolleksiyaçı olmayan adamlara nə məsləhət görərdin?

- Evlərində ata-babalarından qalma hansısa əşya varsa atmasınlar, peşəkarlara göstərsinlər. Bəzən görürsən kiminsə evində köhnə bir qələm var, tullayır, halbuki onu qələm toplayan kolleksiyaçıya versən, sevincindən uçar. Bu yaxında eşitdim ki, bir yaxın qohumumuz çardağı yığışdıranda orda çoxlu kağız pul tapıb. Nikolay dövrünün pulları imiş. Həmin qohumum o pulları gərəksiz əşya kimi yandırıb. Bəlkə də o pulları satsaydı filan qədər qazanardı.

- Bəlkə də bu laqeydlik bizim insanların bu cür hobbilərə maraqlarının olmamasından qaynaqlanır.

- Ola bilər. İndiyə qədər tariximizin çox dəyərli nümunələri məhv olub. Azərbaycanda 20-40-cı illər arasında 6 mindən çox kitab çap olunub. Mən əlimdəki kataloqa əsaslanaraq deyirəm, bəlkə də çoxdur. Hanı o kitablar, hardadır?

- Azərbaycan tarixi ilə bağlı sahib olmaq istədiyin ən qiymətli kolleksiya nədir?

- İstəyərdim ki, Azərbaycanda 40-cı ilə qədər çap olunmuş bütün kitablar kitabxanamda olsun. Təəssüf ki, tapa bilmirəm. Kolleksiyaçı kimi ən böyük arzum budur. Çünki digər istədiyim kolleksiyaları yığıb qurtarmışam.

# 3332 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #