Qocaları qocalar evinə verməli! - POLEMİK

Qocaları qocalar evinə verməli! - <span style="color:red;">POLEMİK
5 avqust 2015
# 11:09

Bizdə xeyli yekəxanalıq var. Nəyisə bəzəməyi, şişirtməyi, özümüzdən uydurmağı çox sevirik. İşə gələndə isə sıfır nəticə. Buna görə niyyətimizlə əməlimiz tərs mütənasibdir.

Bunu ən yaxşı Üzeyir Hacıbəyov ifadə edib: Başqaları siçan düzəldəndə yatarıq, dəvə düzəldəndə yatarıq... Fil düzəldəndə ayılarıq, deyərik ki, biz də fil düzəldəcəyik. Və başlayarıq fil düzəltməyə. Görərik alınmır, keçərik dəvəyə, o da alınmaz... Axırda qayıdarıq siçana.

Özümüz haqda müxtəlif əfsanələr uydururuq. Guya ermənilər, o cümlədən başqa xalqlar içki məclisində əvvəlcə valideynin sağlığına içərlər ki, birdən sonra dəmlənərlər, sağlıq demək yaddan çıxar. Biz isə ən axırda ata-ana sağlığına badə qaldırarıq. Çünki nə qədər içsək də valideyni unutmarıq. Həmişə də bu cür sərsəmləmələrlə fəxr etmişik.

İnqmar Berqmanın 1966-cı ildə çəkdiyi “Persona” filmində aktrisa Elizabet Foqlerin qulluğunda duran tibb bacısı Alma ona danışır ki, hansısa şəhərdə tibb bacıları üçün pansionat var. Onlar yaşlanandan sonra bura köçürülürlər ki, ömrünü xəstələrə sərf eləmiş bu insanlara indi başqaları xidmət eləsin.

Cəmiyyət bu addımı ilə o cəfakeş tibb bacılarına öz borcunu qaytarmış olur. İsveçlilər hələ o vaxt hətta tibb bacılarının problemini həll ediblər, onları taleyin ümidinə buraxmayıblar.

Bizdə isə nəinki tibb bacıları üçün pansionatlar, hətta qocalar evləri belə normal səviyyədə deyil. Söhbət onların təchizat sistemindən, şəraitindən getmir. Cəmiyyətin onlara münasibətini deyirəm.

Televiziyalar qocalar evlərini tamaşaçıya həmişə atılmışlar evi kimi təqdim edib. Novruzdan-Novruza, Ramazandan-Ramazana bir yığın müğənnini maşınlara doldurub aparıblar qocalar evinə. Müğənnilər də orda “Ana” muğamından, “Ata” segahından oxuyub qocaları ağladıblar. Aparıcı isə həmin qocaların övladlarını qınayıb. Pis övlad olmaqda günahlandırıb. Əlbəttə, cəmiyyət bu cür hadisələrdən də xali deyil. Kimsə pulun, hansısa marağın xətrinə qoca ata-anasını gətirib o evlərə qoyur.

Bizim qocalar evinə münasibətimiz həmişə neqativ olub. Bayaq televiziya verilişlərini dedim, ən son yerli filmlərdən olan “Axırıncı dayanacaq”da da aşılanan ana fikirlərdən biri budur. Övladlar öz valideynlərini gətirib bura atıblar, onlarla dolana bilmirlər. Valideynlərindən əl çəkiblər.

Halbuki biz qocalar evindən bəhs edən Qərb filmlərində bu atmosferi görmürük. Bu məkanlar nəsə kədərli, unudulmuş, atılmış insanlar üçün nəzərdə tutulmuş yer kimi təqdim olunmur. Əksinə burda qocalar olduqca xoşbəxt olublar, oynayırlar, şənlənirlər. Çünki övladının, nəvəsinin yanında müasirliklə, yeniliklə ayaqlaşa bilməyən, dolayısı ilə təkliyə məhkum olan qocalar burda öz həmyaşıdları ilə daha rahatdırlar. Çünki söhbətlər doğmadır, zövqlər eynidir, maraqlar oxşardır.

Qısacası biz qocalar evlərini bəyənmirik. Deyirik ki, valideynlərimizə, babalarımıza, nənələrimizə özümüz baxacağıq. Bəs nəticə?

Evdə qocalarla yola getmirlər. Televizora səs verirsən qoca danışır. Tabaka bişirmək istəyirsən, qoca deyinir ki, dişim yoxdur, mənə sup bişir. Uşağa nəsə alırsan qoca müdaxilə edir, bizim vaxtımızda belə idi, ayıbdı. Nə bilim qoca adam xəstə yatağında olur, cavanlar narazılıq edirlər, baxmaq istəmirlər, yeri gələndə deyinirlər, amma ata-anadan qorxub nənəyə, babaya qarşı səslərini qaldıra bilmirlər. Hələ mən xəstə, özü təbii ehtiyaclarını ödəyə bilməyən qocaları demirəm. Belə qocalar olan evlərdə vəziyyət lap acınacaqlıdır.

Sanki hamının alt şüurunda bu şüar səslənir: Ölüb getsəydi, öz canı da qurtarardı, bizim də canımız.

Qocalar isə ölmək istəmirlər. Hələ ölmək istəyən bir qoca görməmişəm, əksinə insan qocalanda həyata daha çox bağlanır, daha çox yaşamaq istəyir. Demirəm onlara qarşı nifrət olur, nifrət olmur, amma bezginlik, yorulma halları həmişə var.

Vəziyyət getdikcə daha acınacaqlı hal alacaq. Çünki yeni texnologiyaların təsiri ilə yaş qruplarının dünyagörüşləri arasındakı fərqlər daha da dərinləşməyə başlayır, insanların tənhalaşması, özgələşməsi pik həddə çatır. Daha 8 yaşında uşaqla 13 yaşında uşaq bir yerdə oynamaq istəmir. Maraqlar müxtəlifliyi artıb.

Əgər 50-70 il əvvəl bizlərdə Alber Kamyununun “Yad”ındakı Merso kimi adamlar yox dərəcəsində idisə, bunların sayı getdikcə artacaq, kütləvi hal alacaq. Bu gedişlə nə bilmək olar, bəlkə bizim ədəbiyyatın da öz Mersoları – Mirzələri yarandı.

Dəfələrlə bu cür halların şahidi olmuşam. Kəndlərimiz, şəhərlərimiz bu cür ailələrlə doludur. Nəticədə cavanlar da bədbəxt olurlar, qocalar da. Səbəb isə çox sadədir. Sonra deyərlər ki, filankəs ata-anasını qocalar evinə verdi. Halbuki o qocalar nəvələrindən çox həmyaşıdlarının yanında xoşbəxt olurlar.

Amma cırtqoz olmasaq, reallıq hissini itirməsək, həqiqəti çılpaqlığı ilə dərk edə bilsək, saxta Şərq dəyərlərindən, mentalitet buxovlarından azad ola bilsək, görərik ki, dünyada valideynini az və ya çox istəyən, içki məclisinin əvvəlində sağlıq deyən xalq söhbəti boş şeydir.

İnsan hər yerdə insandır. Afrikada buşmen də valideynini eyni məhəbbətlə sevir, Şimalda eskimos da. Sadəcə eyni problemi yaşayan bəzi xalqlar optimal variant fikirləşib tapıb, bəzi xalqlar isə yox. Heç ermənilər də içəndən sonra valideynlərini unutmaqdan qorxmurlar. O bizik içəndə valideyni unuduruq. Bu mövzuda bir lətifə danışım söhbəti yekunlaşdıraq.

Deyir, toyda bir oğlan içib sərxoş olur, gəlib müğənniyə “Ana” segahı sifariş verir. Özü də barmaqlarının arasında tüstülənən siqaret, musiqiçilərin stoluna söykənib kədərli poza alır. Toydakılar da bu “piyan”a görə girinc qalıblar, oynaya bilmirlər, gözləyirlər ki, nə vaxt çıxıb gedəcək, camaat da öz “Tərəkəmə”sini oynayacaq. Bu dəm oğlanın anası toyxananın ağzından çığırır ki, a gədə, a gədə, gəl tay, heyvanlar qaldı bayırda, həyət-bacanı dağıtdılar...

Kişi də toyxananın bu başından o başına anasına bağırır: “Koppayoğlunun qızı, imkan ver muğamatımıza qulaq asaq.”

# 2352 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #