Etiraf edim ki, lap körpəlikdən, bağçaya getdiyim vaxtlardan qorxu hissi canıma hopub. Təkliyi çox sevirdim. Bu da yəqin qorxu ilə bağlı idi. Ailəmizdə hamılıqla süfrəyə oturanda, çox zaman “toxam”-deyib, yeməkdən qaçardım. Ata-anam məni danlayıb, tənbeh etsə də, bu, artıq vərdiş halını almışdı. Yadımdadı, həyətdə uşaqlar “top-top”, “yeddi şüşə” oynayanda mən onlara qoşulmazdım. Qaynayıb-qarışmadığıma görə, heç kim məni öz komandasına götürmək istəmirdi. Üstəlik də, adımı “fərsiz” qoymuşdular. Mən də bu adla razılaşmışdım, başqa yolum yox idi. Sonra məktəbə getdim, yenə də təklik, qorxu hissi...
Tənəffüsdə uşaqların səs-küyündən, qaç-qovundan uzaq idim. Partaya yapışıb qalırdım, yerimdən durmağa qorxurdum, elə bilirdim uşaqlar gülüb, məni məsxərəyə qoyacaq. Çəlimsiz, qara bir qız, üstəlik də fərsiz və qorxaq.
***
Sonra bütün uşaqlar kimi pis-yaxşı böyüdüm. Qorxaqlığım az-çox getsə də, tədricən başqa bir hissin girovuna çevrildim. Bu da, özümə olan inamsızlıq və əzizlərimi itirmək qorxusu oldu. Lakin getdikcə bu hisslə, necə deyərlər, doğmalaşdım. Gördüm ki, məhəbbət kimi, qorxu da insani bir hissdi. Kim deyirsə heç vaxt, heç nədən qorxmuram, mən o insanın səmimiliyinə inanmıram. Qorxu, hardasa insanı insanlıq ayağında saxlayır, onu pis əməllərdən çəkindirir. Qorxduğumuz bir çox əlamətlər, hadisələr var. Deyirlər, insanın sevdiyini itirməsi, dişini çıxarmağa oxşayır. Ağrısı o an yaşanar, yoxluğu ömür boyu. Doğmaların, ürəyinə yaxın bildiklərin xəstəliyi ömrünə, gününə ağrı, əzab qatır. Yox, yox, qoy Tanrı bunu mənə tezliklə yaşatmasın. Düşünmək belə istəmirəm, bəlkə də dəli olaram. Qəribədi, yaş üstə yaş gəldikcə, doğmaların varlığını, dəyərini, daha çox bilir, dərk edirsən. İllər öncə olan bir hadisə kimi...
***
Ailədə dörd uşaq olmuşuq. Əvvəl anam, sonra isə, atam işdən qayıdardı. Mətbəxin pəncərəsinə üzümüzü söykəyib, hər gün axşamüstü anamızın yolunu gözləyirdik. O, qapıdan girən kimi, üstünə yüyürər, atılıb-düşər, bir sözlə, çox sevinərdik. Təəssüf ki bu işıqlı günlər çox çəkmədi. Anam cavan yaşında dünyasını dəyişdi. Onda böyük qardaşım Rusiyada hərbi məktəbdə oxuyurdu. Biz iki bacı, bir qardaş isə, məktəbli idik. Anamın vaxtsız ölümü biz uşaqları çox sarsıtmışdı. Lal-kar kimi ora-bura vurnuxurduq. Yası yola verən atam, yaxın qohum-əqrəba yenə də öz iş-gücündə idi. Həyat davam edirdi, lakin bizim üçün yox. Çəkdiyimiz sarsıntısını və əzabı heç kim bizim kimi hiss edə bilməzdi. Evimiz bumbuz idi, elə bil həyat bizim üçün donmuşdu. Daha çox özünə qapılan isə, 12 yaşlı bacım idi. Hər gün anamın işdən qayıdan vaxtı yaxınlaşanda, adəti üzrə, tez pəncərə önünə qacardı. Qardaşımla mən onu tənbeh edir, qışqırır, hətta əl də qaldırırdıq. Elə bil, anasızlığımızın baiskarı balaca bacımız idi. O, isə israrla deyirdi: “Dayanın indi ana gəlsin, deyəcəm ki, bunlar səhərdən məni döyür”.
O hadisəni indi də yadıma salanda çox kövrəlirəm. Atam, bibim nə qədər desə də, bacım anamın ölümüylə barışmır, gecələr körpə uşaq kimi ağlayırdı. Bir gün yenə necə oldusa bacımın sızıltısına dözə bilmədik, qardaşımla onu döydük. Qəribədi ki, o, nəinki ağlamadı, heç cınqırını belə çıxarmadı. Sakitcə hamama keçib, qapını arxadan bağladı. Hardasa, 10-15 dəqiqə keçdi. İçəridən səs-səmir gəlmirdi. Ürəyimizə qara-qura fikirlər gəldi. Onu nə qədər səsləsək də, bizə hay vermədi. Qorxudan qapını qardaşımla yumruqlayır, qışqırırdıq. Atamız işdə olduğundan, qonşuları köməyə çağırıb əziyyətlə hamamın qapısını sındırdıq. O, aseton şüşəsini sıxaraq, yarıbühuş halda yerdə uzanmışdı. Hamamın qapısına iri bir “Günəş” çəkmiş, altından da bu sözləri yazmışdı: “Əlvida, Günəş, daha səni görməyəcəm, mən anamın yanına gedirəm!...”
****
Biz o günləri, ayları çox çətinliklə, əzabla yaşadıq. Onda təcili yardım həkimləri bacımın mədəsini yuyub, onu sağaltdılar. Lakin, o qorxu, sarsıntı uzun müddət bizimlə yaşadı. Yaxınlarda bacımın qəfil xəstəlik xəbəri o ağrılı günləri yadıma saldı.
Artıq o illər arxada qalıb. Biz qızlar ana olmuşuq. İndi də evdə hamamın qapısını açanda balaca bacım yadıma düşür. Qapının üstündə o Günəşi görür, ani olaraq fikrə gedirəm. Ancaq tez də keçmişlə bağlı kədərli fikirləri başımdan çıxarmaq istəyirəm. Əvvəldən istəyirdim ki, bütün olanları övladlarıma danışım. Hər dəfə də fikrimdən daşınıram. Qorxuram uşaqlarım bu əhvalatdan xəbər tutandan sonra mənim kimi o Günəşi qapıda axtarsınlar. Düzü bilmirəm...