Vasvası, pinti və virusun nağılı

Mina Rəşid, şair, nasir

Mina Rəşid, şair, nasir

15 aprel 2022
# 10:00

Biri vardı, biri yoxdu, qoca bir Dünya vardı. Bu Dünya deyilən neyləmişdisə çoxu ondan narazılıq edirdi. Dünyanın dili-ağzı olsaydı deyərdi ki, mənim heç bir günahım yoxdu. Siz məni bu hala salmısınız. Müharibə, terror, aclıq, harınlıq – bütün bu fəlakətləri törədən mənəmmi? Mən kimə neyləmişəm, adımı belə bədnam çıxarmısınız.

Dünyanın dərdi azmış kimi bu yandan da virus – Covid-19 adlı bəla gəlib onu bürüdü. İndi sizə kimdən deyim, Dünyanın dərdini daha da artıran, aləmi bir-birinə vuran iki tip eybəcərdən. Onlardan birinin adı Vasvası, o biri isə tayı-bərabəri olmayan Pintidi.

Virusun gəlişi ilə ən çox ələ-ayağa düşən Vasvası oldu. O, nələr elədi, az qaldı evinin daşını-damını yuyub-üfləyib yenidən yerinə qoysun. Evdə uşaqlar nəzarət şöbəsinə alındılar, tərpənmək icazəli oldu. Arvad isə, onun işi hamıdan çətin oldu, karantində üzünə bütün qapıların bağlandığı vaxtda dərddən az qaldı havalanıb göyə uçsun. Belə bir çətin anlarda bir görün necə dəhşətli hadisə baş verdi. Belə ki, Vasvasının evinə Pinti qonaq gəldi. Pinti sanki bir yel kimi bircə göz qırpımında evə daxil oldu. Vasvası gördü iş işdən keçib daha. Qışqırmağa başladı:

- Ay haray, qoymayın indi ürəyim partlayacaq...

Pinti onlara gəlib gedəni düz bir ay olub. Amma Vasvası hələ də evi təmizləməkdə davam edir. Onun ürəyi rahat olmurdu ki, olmurdu. Bütün bunları izləyən Covid-19 həddini aşan Vasvasıya baxaraq öz-özünə dedi:

– Ay yazıq, vallah sən məndən betər virussan. Sənin o qara, kif basmış ürəyini 50 litr şampunla da yusan təmizlənməz...

Sonra da o Pintiyə nəzər saldı. Gördü ki, Pinti də həddini aşıb. Yerdən, ayaq altından noğulu götürüb körpə uşağa verir. Virus yenə özündən çıxdı və öz-özünə deyinməyə başladı:

– Ay bədbəxt, özün cəhənnəm, o körpəyə niyə zülm edirsən? Məndən qorxmursanmı gəlib yapışam boğazından, gözün kəllənə çıxa? Maskan hanı, ay başıboş? Dərin beş qəpiyə dəyməz, 100 manatı haradan alıb cərimə ödəyəcəksən? Sənə bu geniş dünya yaraşmır, deyəsən, heç kimi saymırsan. Di öl, sənə belə yaxşıdı. Qoy Həyat onun qədrini bilənlərin olsun...

Virus Pintini öldürdükdən sonra dönüb Vasvasının yanına gəldi. O, baxıb nə görsə yaxşıdı? Evdə hamı – uşaq da, arvad da qan ağlayır, əllərini göyə açıb yalvarırlar ki, ey Uca Yaradan, Sən özün bizi bu zalımdan qurtar. Virus:

– Bu da sənin payın, canını heç nəylə məndən qurtara bilməyəcəksən. Virus elə virusa yaraşır.

Beləcə, Covid-19 həm də xeyirxahlığı ilə yadda qaldı. Onun sayəsində bir külfətin də canı belə zülmdən qurtardı...

Bütün bu olanlara tamaşa edən qoca Dünya öz-özünə pıçıldadı:

– Bax, gördünüzmü, mənim bir günahım yoxdur. Deyir adın çıxınca, canın çıxsın. Üstümə şər atmaqdan qurtarın artıq, yoxsa başınıza Covid-19 kimi hələ çox bəlalar gələcək.

# 2020 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #