Uşağı döyən müəllimə nə cəza verilməlidir?

Uşağı döyən müəllimə nə cəza verilməlidir?
12 sentyabr 2024
# 21:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bayaq internetdə gəzişəndə belə bir xəbər çıxdı rastıma:

“Zaqatalada DƏHŞƏT: autizmli uşağı mərkəzdə döydülər - ŞOK VİDEO”

Xəbəri açıb oxudum, videogörüntüyə də baxdım...

Fikirlərim o qədər qarışıqdır ki, heç bilmirəm hardan başlayım, nədən başlayım.

Min arzu-kamla dünyaya uşaq gətir, min əzab-əziyyətlə böyüt, üstündə əs, yanından yel ötməyə qoyma, axırda da müəllim tutub döysün uşağı.

Uşağın autizmli olmağı məsələni bir az da qəlizləşdirir. Əlbəttə, heç sağlam uşaqlarla da elə rəftar etmək olmaz. Birmənalı! O ki qaldı qüsurlu uşaq ola.

Adı üstündədir də: xüsusi qayğıya ehtiyacı olan uşaq.

Özü də görüntülər adi bağçada-zadda çəkilməyib a, Psixoloji Reabilitasiya Mərkəzində çəkilib. Yəni, o müəllimin ixtisası sırf budur, işi məhz bu cür uşaqlarla işləməkdir.

Autizmli uşaq. Cəmisi üç yaşı var. Bapbalacadı e, bu boyda. Adamın əli necə gələr onu vurmağa?

Anası deyir, qızı evdə öz-özünü vururdu deyə, gedib mərkəzin kameralarını açdırıb. Yenə yaxşıdır ana vaxtında buna diqqət yetirib. Yoxsa ki, nə bilirsən haçana qədər davam edəcəkdi bu?!

Müəllimi dindirsən, yüz dənə səbəb gətirəcək. Problemim çoxdu, əsəbiyəm, kreditimin vaxtı gecikib, ərimlə dava eləmişəm, qaynanam danlayıb, dünən toyuğumuz yumurtlamayıb...

Amma bunların heç biri uşaq döymək üçün səbəb deyil. Ümumiyyətlə, uşaq döyməyin səbəbi ola bilməz. Danlaya bilərsən, nəyin səhv, nəyin düzgün olduğunu göstərə bilərsən, bu qədər.

Az qala, hər il tədris mövsümündə bu cür xəbərlərlə rastlaşırıq. Bağçalarda, məktəblərdə uşaqlar döyülür. Əksərinin videogörüntüləri paylaşılır, müəllimlər layiqli cəzalarına çatır. Amma təəssüf ki, ibrət olmur...

Hər dəfə eyni şey.

Hər dəfə...

Ümumiyyətlə, adamlar başqasının uşağını döyməyə özündə necə ixtiyar görür? Hardan bu fikrə düşür ki, mənim uşaqları döyməyə haqqım çatır? Müəllim deyiləm? Vəssalam da.

Amma daha bilmirlər ki, indi XIX əsrin axırları deyil. Mollaxanalar da çoxdan məktəblə əvəz olunub. Daha dərs oxumayanların ayağını falaqqaya keçirtmirlər. Hesab cədvəlini əzbərləyə bilməyənlərin də başına qapaz ilişdirmirlər. O “tədris metodu” çoxdan tarixə qovuşub. Daha valideynlər də uşağı məktəbə aparanda müəllimə “əti sənin, sümüyü mənim” demir.

Yox e, sən müəllimsən. Dərs deyib, savad öyrətməkdən başqa tərbiyə də verməlisən uşaqlara. Şiddət göstərmək haçandan tərbiyə vermək üsulu olub? Bəlkə, universitetdə ixtisas dərslərindən əlavə uşaq döymək dərsi də keçirlər?

Yadınızdadırsa, bir neçə ay qabaq məktəbli qız sinif yoldaşına təzyiq göstərib videoya çəkmişdi. Alnına söyüş yazmışdı, başında yumurta sındırmışdı... Bu cür müəllimlərin dərs dediyi uşaqlar elə olacaq da. Başqa necə olmalıdır ki?

Nə bilim e, fikirlərim çox dolaşıqdı. Yəqin, yazımdan özünüz də hiss edirsiniz.

Uşağın valideynləri hüquq-mühafizə orqanlarına müraciət edib. Məsələnin tezliklə həll ediləcəyinə, müəllimin layiqli cəza alacağına inanıram. Və inanmaq istəyirəm ki, bundan ibrət götürənlər də olacaq. Çox istəyirəm buna da inanım...

# 4757 dəfə oxunub

Oxşar xəbərlər

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

17:42 2 iyul 2026
"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

17:00 2 iyul 2026
Milli Xalça Muzeyində moda nümayişi  -  “Zamanın naxışları”

Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları”

16:30 2 iyul 2026
Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

16:00 2 iyul 2026
Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

15:30 2 iyul 2026
Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

15:10 2 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər