Ümidini 150 qram arağa bağlayanlar... - Malik Atilay

Ümidini 150 qram arağa bağlayanlar... - Malik Atilay
20 iyun 2024
# 11:30

Kulis.az Malik Atilayın "Onda yazma" adlı yeni yazısını təqdim edir.

Qələmindən vərəqə, ya da barmaq uclarından klaviaturaya keçib ekranda görünən sözlər sənin sözlərin deyilsə, içini titrətmədən gəlirsə, sözün yanğısı sinəni tonqala çevirmirsə, yazmaq istəyib yaza bilmədiyin şeylər isti yatağında birdən ağlına düşüb bədənini dekabr qarı kimi sarmırsa, sözün enerjisiylə sərxoş ola bilməyib ümidini 150 qram arağa bağlayırsansa, onda yazma...

Yazma, canım-gözüm, yazma, söz oyun-oyuncaq deyil...

3-5 nəfərin bəh-bəhi, 5-10 adamın alqışı , bir el məclisində mikrafonla keçən həyatın 10 dəqiqəsi, əlləri ağ bulud olan xanımın sevgi etirafı, dostun-tanışın "şair" kəlməsi, hansısa qərib ellərdə, qərib dillərdə azca istirahət edib, ölkənin ədəbiyyatını mafə kimi çiyninə qaldırmaq, bir ovuc pul, bir az sabun köpüyü misalı şöhrət, bir az da "müəllimlik" üçün yazırsansa, onda yazma...

Yazma, başına dönüm, yazma, şeir qızıldı, hər sarı köynək qızıl olmaz...

Qaşlarını çatıb, yumruğunu sıxıb oxuduğun bu yazı üçün mənə əsəbləşmə amma...

Cavansan, gəncsən, hələ nə görmüsən... Oxuduğun kitablar, baxdığın filmlər ruhunu cızdığa çevirməyib, "Ruhum bədəndən oynar/ Yadıma sən düşəndə" misrasının içində əsrlərdir daşıdığı o sirli dərdi xatırlayıb, yaz günü saat 6-dan sonra Qırx pilləkəndə oturub dənizə baxa-baxa siqaret yandırmamısan, özünə sual verməmisən kədərin hansı rəngdə, göz yaşının hansı halda axdığını...

Onda yazma, yazma sənin üçün deyirəm, vallah...

Yaşın artıq 55-ə çatarkən 50 boş kitab müəllifi olduğunu görəndə, onların uzağı-uzağı ən yaxınlarının evində servantı bəzəyərkən gözünə sataşan məzlumluğunu duyanda, sevgi etirafı edənlərin yox olduğunu dərk edəndə geriyə boş əllərin və artıq beyin gücünə belə bir şey yaza bilmədiyin kağızlara baxanda mənə rəhmət oxuyacaqsan. Amma nolsun...

İçindən bir alov kimi çıxıb ağ vərəqlərin buzunu əridən sözlərin olmadı, sadə qələmin vərəqdə gəzişərkən ötürdüyü enerjini görmədin, özün də olmadın bir az onu yamsıladın, bir az bundan götürdün, kimin ruhunda, dilində ürəyinə yatan nə gördünsə div misalı mədənə ötürdün amma olmadısa yenə də...

Yazma...

Onda yazma...

# 2794 dəfə oxunub

Oxşar xəbərlər

21-ci əsrin ən yaxşı rok mahnısı seçildi

21-ci əsrin ən yaxşı rok mahnısı seçildi

11:40 28 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:20 28 oktyabr 2026
"Spotify"  milyonlarla süni intellekt mahnısını sildi

"Spotify" milyonlarla süni intellekt mahnısını sildi

11:00 28 oktyabr 2026
Optik teatrdan rəqəmsal dünyaya - Animasiyanın 130 illik təkamülü

Optik teatrdan rəqəmsal dünyaya - Animasiyanın 130 illik təkamülü

10:00 28 oktyabr 2026
Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər