"Türk ədəbiyyatı"nın yeni sayı Azərbaycana həsr edildi

"Türk ədəbiyyatı"nın yeni sayı Azərbaycana həsr edildi
8 dekabr 2023
# 13:10

Bu günlərdə Türkiyədə Türk Ədəbiyyatı Vəqfinin nəzdində fəaliyyət göstərən "Türk ədəbiyyatı" dərgisinin yeni sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, dərgi Azərbaycan Yazıçılar Birliyi və «Qobustan» dərgisi ilə birgə əməkdaşlığın nəticəsi kimi Azərbaycan ədəbiyyatına həsr edilib və «Şuşa özəl sayı» kimi oxuculara təqdim olunub.

Dərginin baş redaktoru İmdat Avşar giriş sözündə qeyd edir:

“Türk Ədəbiyyatı” dərgisinin hər nömrəsi mədəni həyatımıza işıq salan bir-birindən maraqlı yazılarla zəngindir. Dərgimizin bu sayı 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə həsr olunub. Yazılarımıza keçməzdən əvvəl gözəl bir xəbəri də sizinlə bölüşmək istəyirik. Azərbaycan Yazıçılar Birliyi və “Qobustan” jurnalı ilə birgə başladığımız layihəyə əsasən “Qobustan” jurnalının 2024-cü ildə işıq üzü görəcək ilk sayı Türk Ədəbiyyatı, mədəniyyəti, incəsənətinə həsr ediləcək. Dərgimizin həm Azərbaycan Yazıçılar Birliyi, həm də “Qobustan” jurnalı ilə əməkdaşlığı bundan sonra da davam edəcək. Məqsədimiz isə Türk ədəbiyyatını qardaş türkdilli ölkələrdə daha çox tanıtmaq və qarşılıqlı ədəbi mübadilələr etməkdir. Bu işdə bizə göstərdiyi köməyə görə Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllimə və “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyevaya dərin təşəkkürümüzü bildiririk.

Dərgimizin bu nömrəsində sizləri Qarabağın baş tacı olan Şuşa şəhərinin tarixi, memarlıq abidələri, musiqişünasları, ədəbi məclisləri ilə yaxından tanış edəcəyik. İlk yazı isə prof.Okan Yeşilotun “Türkiyə -Azərbaycan əlaqələrinin gələcəyi-Şuşa bəyənnaməsi” məqaləsi ilə başlayır. Yeşilot öz yazısında Qarabağ xanlığının tarixinə və Şuşa şəhərinin yaranmasına nəzər salır, eyni zamanda Türkiyə və Azərbaycan arasında bu yaxınlarda imzalanmış Şuşa bəyənnaməsinin iki qardaş ölkəyə gələcəkdə göstərəcyi müsbət təsirindən söz açır. Başqa bir yazıda isə Azərbaycan və türk dünyasının görkəmli yazarı Anar bizləri salamlayır. O, özünəməxsus təhkiyə ilə qələmə aldığı “Qarabağ şikəstəsi” adlı yazısında Qarabağ xatirələrini o qədər səmimi şəkildə təsvir edir ki, oxuduqca Şuşanın təbiəti və insanlarının portreti göz özünüdə canlanır. İnanırıq ki, bu yazı hər kəsi duyğulandıracaq".

Dərginin bu sayında həm Türkiyədən, həm də Azərbaycandan olan tanınmış imzaların Azərbaycan ədəbiyyatı, Qarabağ zəfəri, Şuşa mövzusunda maraqlı yazıları yer alıb. Faiq Ələkbərlinin Xan qızı Natəvan, Abdullah Gündoğdunun həm Azərbaycanın, həm də Türkiyənin tarixində önəmli yeri olan Əhməd Ağaoğlu, Dilqəm Əhmədin Azərbaycanın Türkiyədə ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminli haqqında məqalələri böyük maraq doğurur.

Bu sayda Azərbaycanın zəngin musiqisinə ayrıca yer verilib. Belə ki, Vural Yıldırımın “Şuşadan dünyaya yayılan melodiya” yazısı dahi musiqiçi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki xüsusi rolundan, Aleyna Malkoç Rəşid Behbudovun bülbül kimi avazından, Sevda Nalan Gül Azərbaycan klassik musiqisinin dahi sənətkarı Qara Qarayevin sənətkarlığından söz açır. Həmçinin Günel Anarqızının “Atama” essesi, Pərvinin Şuşanın mədəniyyətindən bəhs edən “Qəhrəman Şuşa” məqaləsi, İmdat Avşarın «Şuşaya zəfər yolundan dönmək» essesi də dərgidə yer alıb.

Dərgidə yer alan Molla Pənah Vaqif, Səməd Vurğun, Rəsul Rza, Rəşad Məcid, Ramiz Qusarçaylı və Sabir Rüstəmxanlının şeirləri oxucuya Azərbaycan poeziyasının möhtəşəmliyini bir daha xatırladır.

Qeyd edək ki, bu ilin noyabr ayında AYB-nin Natəvan klubunda baş tutan Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş tədbirdə əldə edilən razılaşmaya əsasən «Qobustan» dərgisinin növbəti il üçün ilk nömrəsi Türkiyə Özəl sayı olaraq işıq üzü görəcək.

# 1440 dəfə oxunub

Oxşar xəbərlər

Öz mənşəyinə qayıdış... - Kosmosdan Yerə baxan insanın yaşadığı "Overvyu effekti" nədir?

Öz mənşəyinə qayıdış... - Kosmosdan Yerə baxan insanın yaşadığı "Overvyu effekti" nədir?

15:00 12 aprel 2026
Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər