Süleyman Rüstəm kimdir?

Süleyman Rüstəm kimdir?
12 mart 2025
# 10:29

Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. Xalq şairinin hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. O, yaradıcılığında Azərbaycanın dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.

Kulis.az xəbər verir ki, bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 119 il ötür.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.

# 6391 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər