Şübhələndiyim Allaha evləndikdən sonra necə inandım? - Oğuz Ayvaz

Oğuz Ayvaz

Oğuz Ayvaz

27 fevral 2025
# 13:45

Kulis.az Oğuz Ayvazın "Allaha necə inandım?" köşəsini təqdim edir.


Uşaqlıq dövrü insan həyatının saf və müdafiəsiz çağlarıdır. Hər birimiz gecələr qaranlıqdan, ildırım səsindən və ya yuxularımızda canlanan naməlum kölgələrdən qorxanda, instinktiv olaraq valideynlərimizə sığınardıq. Ata-anamızın isti qucağı bizə təhlükəsizlik, arxayınlıq hissi verərdi. Sanki onların varlığı dünyadakı bütün qorxuları sovururdu. Ancaq zaman keçdikcə bu sığınacaq formalaşır, dəyişir və daha dərin mənalar qazanır.

Böyüdükcə anlayırıq ki, valideynlərimiz də, sadəcə, insandır, onlar da həyatın sərt reallıqları qarşısında aciz qala bilirlər. Dünyanın bilinməzliyi, həyatın qaçılmaz sonluğu və taleyin gözlənilməz döngələri bizi daha güclü bir sığınacaq axtarmağa məcbur edir. Beləcə, insan ruhunun sonsuz axtarışı başlayır. Bu axtarış Tanrı və dinlərdə öz ifadəsini tapır.

İnsan ruhu zəiflik və qorxu ilə mübarizə aparmaq üçün özündən daha uca və əbədi bir gücə bağlanmaq istəyir. Bu güc Tanrının simasında təcəssüm olunur və dinlər vasitəsilə insanın daxili təlatümlərinə mənəvi bir nizam gətirir.

Qorxularla dolu dünyada Tanrı inancı bir lövbər kimidir - fırtınalı dənizlərdə bizi sakit sahillərə çəkən bir dayaq. Ədalətsizlik, ölüm, xəstəlik və bilinməyən gələcək insan ruhunda dərin bir narahatlıq yaradır. Amma Tanrıya olan inam, bütün bu xaosun içində bir qayda olduğunu, hər şeyin bir məqsədlə baş verdiyini düşünməyə imkan verir.

Bəlkə də, Tanrı anlayışı insanın yaratdığı ən ali qorunma mexanizmidir. Çünki qorxu təkcə fiziki təhlükədən doğulmaz; varlığın mənasızlığı, həyatın faniliyi və ölümün labüdlüyü də insanı əzən böyük qorxular içindədir. İnsan isə bu dərin boşluğu, sonsuzluq qarşısında hiss etdiyi titrəməni inancla doldurur.

Mənim Tanrıya inancım evləndikdən sonra baş verdi. Evliliyimə qədər ona qarşı şübhələrim vardı.

Bəs necə inandım? Tanrı gözəgörünməzliyi ilə mövcudluğunu hiss elətdirirdi. Tanrıya inanmağımı dərin izah etməyə istedadım çatmır. Amma ona inanır və bundan xoşbəxt oluram.

Günlərin bir günü, payız axşamında dostumla boş-bikar küçənin dayanacağında söhbət edirdik. İkimiz də işsiz idik, cibimizdə siçanlar oynayırdı. Küknar ağaclarının arasından qoca bir qarı bizə yaxınlaşdı:

- Bala, kömək edə bilərsiniz mənə?

Bir manat uzatdım. Əli ilə geri çevirdi.

- Pul istəmirəm, veşlərimə kömək elə.

Dəmir-dümür, köhnə vedrələr. Özü də bir topa. Üç hissəyə ayırıb, hərəsini də iplə bağlayıb ki, sürüyüb apara bilsin. Əl qərəz, nənə ilə qoşulub yolu əlimizə aldıq. Yorğun, fikirli olduğumdan əşyaları çətinliklə aparır, arada dayanıb nəfəsimi dərirdim. Hərdən arxadan nənənin səsi eşidilirdi:

“Allah səni darda qoymasın, Allah üstündə olsun”.

Maşın yolu ilə üzü yuxarı gedirdik. Maşınlardan biri saxlayıb nənəyə qurbanlıq ət verdi.

- Qismətə bax, şükür Allah sənə.

Yol boyu təngiyən nənənin dilində Allah vardı. Qəfil göyüzünə baxdım. Boz səmadan hüzur, doğmalıq asılmışdı. Tanrı bizə gülümsəyirdi.

Qarının dediyi yerə çatdıq.

- Ay nənə, sənin oğulun yoxdur?

- Var, ay bala, ruhi xəstədir. Yoldaşım da çoxdan ölüb. Bu zir-zibildən iki-üç manat verirlər. Çörək ala bilirəm.

- Sənin fotonu çəkim, yazım, bəlkə, kömək eləyənlər çıxar.

- Yox, yox, bizim nəsil o barədə sərtdi, bilsələr, yaxşı olmaz. Get, Allah köməyin olsun, Allah səni var eləsin.

Nənə ilə sağollaşdım. O isə gedişimi izləyir, hələ də dilində dua oxuyurdu mənə.

Həmin gün iyirmi dəqiqəlik nənənin dünyasına düşdüm. Bu dəqiqələr bir ömür kimi göründü mənə. Yoxsulluğun, çarəsizliyin fonunda işıqlı şəhərdə laqeyd üzlər, tələsən adamlar gördüm. Bizi görməyən adamlar. Bizi isə yalnız Tanrı görürdü və gülümsəyirdi.

Cəmi üç gün sonra iş tapdım. Maaşı da yüksək idi. Tanrı məni mükafatlandırmışdı.

# 2790 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər