Şeytan insanları təkləyən, Tanrı birləşdirəndir - Fəxri Uğurlu yazır...

Şeytan insanları təkləyən, Tanrı birləşdirəndir - Fəxri Uğurlu yazır...
23 mart 2023
# 10:00

Kulis.az Fəxri Uğurlunun Dostoyevskinin “İdiot” romanı haqqında növbəti yazısını təqdim edir.

Əvvəli ötən sayımızda...

Nastasya Filippovna infernal qadın (inferna - yunan dilində cəhənnəm deməkdir), xalis cəhənnəm mələyidir. Onun incidilmiş mənliyi qisas hikkəsiylə od tutub yanır. Bu qadını İncildəki Mariya Maqdalinanın Dostoyevski yaradıcılığında yeni bir keyfiyyətlə zühuru saymaq olar. Bundan əvvəl Maqdalı Məryəm “Cinayət və cəza”da Sonya Marmeladovanın timsalında zühura gəlmişdi. Fəqət Sonya dinc, fədakar, taleyinə boyun əyən, özünü qurban verməyə amadə, hətta bundan zövq alan, xristian əxlaqına sadiq, bədənini satmağa məcbur olsa da, ruhunun bakirəliyini qoruyan bir qızdır. Qürurlu, hikkəli Nastasya məsum, miskin Sonyanın tam tərsidir, o, zorlanmış taleyinə görə özünü bütün bəşəriyyətdən haqq-hesab istəməyə, yoluna çıxan hər kəsdən qisas almağa haqlı sayır.

Nastasya Filippovna başqalarını vurmaq üçün özünü silaha çevirən kamikadzeyə bənzəyir. Günah hissi onun içini o qədər zədələyib ki, ən həyasız, ən ədəbsiz qadın kimi davranmaqdan mazoxistik bir zövq alır, halbuki çox gözəl təlim görüb, çoxlu kitab oxuyub, kübar cəmiyyətdə özünü necə aparmalı olduğunu lap yaxşı bilir. Suç duyğusu belədir, savada-biliyə, cahilə-alimə baxmır, gərək onun haqqını ödəyəsən, gecə-gündüz onu yedizdirəsən, yoxsa o sənin içini yeyib axırına çıxacaq. Şübhəsiz, günah hissi cəza tələb eləyir, onun yemi elə budur. Nastasya Filippovna da cilovunu əlinə yığası, günahlarını qırmanclayası, ruhuna sirişt olmuş cinləri döyüb-döyüb öldürəsi bir zalımın axtarışındadır.

Sağa-sola cəhənnəm qığılcımları səpələsə də, onun başlıca niyyəti özünü cəzalandırmaqdır. Roqojinə açıq-aşkar deyir ki, bilirəm, yiyələnəndən sonra məni öldürəcəksən. Bunu bilə-bilə taleyinə vurulmuş düyünün açıldığı məqamda - knyaz Mışkinlə nikah bağlayıb kilsədən çıxanda yenə Roqojinə qoşulub qaçır, necə deyərlər, qılınca çapır. Rus ədəbiyyatşünasları bunu Mışkinin saf adına ləkə salmaq istəməyən Nastasya Filippovnanın fədakarlığı kimi yozmağa çalışsalar da (əminəm ki, müəllif özü də bu fikirdə olub), mən burada fədakarlıq yox, günahkarlıq aktı görürəm. Mazoxizmin xüsusiyyəti budur: xəstəyə yaxşılaşdığını, sağaldığını deyəndə onun halı daha da pisləşir.

Bundan başqa, Nastasya Filippovna yaxşı bilir ki, Roqojin onu rahat yaşamağa, xoşbəxt olmağa qoymayacaq, buna görə də ölümə könüllü getməyi üstün tutur. Həm də onun axtardığı bu deyildimi? Doğrudur, knyaz Mışkini tanıyandan sonra cəhənnəm mələyinin üzünə başqa bir aləmin də qapıları açılmışdı, fəqət günahkar qadın o qapıdan girməyə özünü layiq bilmir, məsum insanın adını ləkələmək istəmir (bir daha vurğulayım ki, mən bu yozuma inanmıram, ancaq hər halda romanın, roman müəllifinin məntiqi bizə belə deyir). O, general qızına məktublar yaza-yaza onu Mışkinlə evlənməyə həvəsləndirir, hətta özünün də bir ömür boyu onların yanında olub, onların haləsində dolanmaq istədiyini dilə gətirir.

Qürurlu general qızı sonda bu qayğıkeşliyi, bu fədakarlığı, bu yengəliyi özünə təhqir bilir, Nastasya Filippovnadan oyundan çıxmasını tələb eləyir. Hikkəli, vüqarlı iki qadın üz-üzə gəlir, Aqlayanın təhqiramiz münasibətinə dözməyən Nastasya general qızının üstünə od çiləyir, knyazın qarşısına şərt qoyub ondan seçim istəyir. Mışkin iki qadından daha bədbəxtini, daha çox əzab çəkmişini seçəndə Aqlaya dəhşətə gəlib görüş yerindən qaçır, üçlü oyundan biryolluq çıxır.

***

Halbuki ona qədər knyaz Mışkin bu iki qadının ikisini də sevdiyini deyirdi. Eyni vaxtda iki qadını sevmək olarmı? Dostoyevski məntiqindən yola çıxsaq, xristian məhəbbətiylə olar. Məsələn, elə həmin Roqojinin hər gözüylə bir qadına baxdığını təsəvvür eləyə bilərikmi? Çətin. Belə çıxır ki, gerçək eşq, əsl məhəbbət konkret ünvan tanımamalıdır, əgər tanısa, demək, həqiqi ilahi sevgi deyil, saxtadır, imitasiyadır. Şeytan insanları təkləyən, Tanrı birləşdirəndir. Roqojinə Nastasyadan ayrısı gərək deyil, ancaq Mışkinin xisləti başqadır. Necə ola bilər ki, həyat səhnəsinə Allahın xəlifəsi, İsanın xələfi kimi çıxan bir kəs birini sevə, başqalarını yox? Bəs onun ədaləti? İlahi sevginin ünvanı ola bilməz, əgər olsaydı, onda ədaləti olmazdı.

Nastasya Filippovna romanda subyekt deyil, obyektdir - üç, belə demək olarsa, sevginin, üç tip münasibətin, üç dünyagörüşün obyekti, üç xəttin hədəfi: ruhani-intuitiv xətt (Mışkin), irrasional-instinktiv xətt (Roqojin), bir də praqmatik-realist xətt (İvolgin).

Ardı var...

# 1985 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

15:09 10 oktyabr 2024
Yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi - Maraqlı faktlar

Yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi - Maraqlı faktlar

14:30 10 oktyabr 2024
Qarmon ifaçısından aparıcılara sərt açıqlama - “Söz tapmırlar"

Qarmon ifaçısından aparıcılara sərt açıqlama - “Söz tapmırlar"

13:01 10 oktyabr 2024
“Şərqşünas alim Aida İmanquliyeva”  adlı kitab sərgisi keçirilir

“Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir

13:00 10 oktyabr 2024
AYNA-dan Ədalət Şükürova cavab

AYNA-dan Ədalət Şükürova cavab

12:07 10 oktyabr 2024
"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

11:22 10 oktyabr 2024
# # #