"Şeir mənim üçün" layihəsi haqqında - Günel Mehri

"Şeir mənim üçün" layihəsi haqqında - Günel Mehri
20 noyabr 2023
# 11:08

Kulis.az Günel Mehrinin "Şeir mənim üçün" layihəsi haqqında yazısını təqdim edir.

Çiskinli payız axşamı... Şər qarışan vaxtdır. Hərgünkü kimi işdən çıxıb avtomobilimə əyləşirəm. Yorğunam. Avtomobil yerindən tərpənər-tərpənməz maşın selinə qoşulur. Yoluma səd çəkən sarı, qırmızı svetafor işıqları, nizamsız-qaydasız sürücülər, üstümə gələn irili-xırdalı maşınlar, aramsız siqnal səsləri, şüşələri döyəcləyən yağış damcıları, bir yandan da bu tıxac. Gərginləşirəm. Ucsuz tıxacın sonunu görmək üçün yerimdə qurcalanıram. Bilirəm e, indi hamı darıxır: sükan arxasındakılar da, sərnişin oturacağında mürgüləyənlər də. Onlar da mənim kimi harasa tələsir. Əl atıb şüşəni endiriəm. Radionu açıram. Beynimdən “dur” əmri gələnə qədər barmağım radionun kiçik düymələrində gəzişir. Müxtəlif söhbətlər, nəyisə izah edən kişi səsləri, yüksək səslə gülən qadın qəhqəhəsi, xarici musiqilər dalğaları dəyişdikcə əvəzlənir. Növbəti dalğa: 93.3 FM. Klassik musiqi fonu... Və aramla danışan kişi səsi... Qulaqlarım diqqət kəsilir... Barmağım isə susur...

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki?
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!

Bu səs şüşənin arasından üzümə vuran təmiz hava kimi əsəbilərimə sığal çəkir. Pıçıldayıram: “Müşfiq misraları...” Yenə siqnal səsi. Böyürdən çıxan maşın yolumu kəsir. Dayanıb yol verirəm. Artıq tıxac vecimə deyil. Həmin səsin ahənginə uyğunlaşıb sakit-sakit irəliləyirəm. Bu məqamda həmin şeir bitir. Yeni şeir başlayır. Özü də başqa səsin ifasında. Bu kişi səsi də, elə misralar da tanışdır:

Birdən kürəyindən qanadlar çıxa,
Gerçəyə çevrilə xəyalındakı.
Buludlar içində gözdən itəsən,
Bərkdən qışqırasan: “Əlvida, Bakı!”

Son misranı həmin səslə sinxron deyirəm. Özü də bərkdən. Qonşu maşındakı sürücü diqqətlə üzümə boylanır. Gülmək məni tutur. Böyük bir tıxacda sükan arxasında oturub gülümsəyən xanım... Təzadlı tablodur. Bir yandan da şüşənin arasından üzümə sıçrayan yağış damlaları tıxacın ortasında maraqlı əhval yaradır. Payız axşamı, yağış və şeir üçlüyünün möhtəşəm vəhdətini yaşayıram. Düşüncələrimin şirin yerində reklam bloku başlayır. Mən isə verilişin ardını dinləmək üçün səbirsizlənirəm. “Görəsən, başqa şeirlər də səslənəcək?” Birdən xatirimə o illər gəlir. Bircə radio dalğasının var oduğu sovet illəri. Mətbəximizdəki kiçik radionun qarşısına dikilib Həsən Əbluçun, Əminə Yusifqızının dilləndirdiyi şeirlərə qulaq kəsilən başıbantlı balaca qızı xatırlayıram. Hər şey aydın olur. Bayaq radioda eşitdiyim ifalardan uşaqlığımın dadını alırmışam. Reklam bloku bitir. Anons gedir:
-Söz və səs... Dünyanın iki ən qədim yolçusu... Gözəlliklər isə məhz onların yolu kəsişəndə yaranır. Söz şeirə, səs nəfəsə çevrilir...
“Aha. Deyəsən, elə bu layihənin anonsudur...”
-...Sizə ən yaxşı səslərlə ən gözəl sözləri deyəcəyik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında Bakı Retro FM-də “Şeir mənim üçün”!
Sonra bu iki nəfərin ifasında bir-birindən gözəl başqa poeziya nümunələri də gəlir. Biri mənim üçün, biri sənin üçün, biri də onlar üçün özəl olan şeirlər, qəzəllər...

“Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?
Təxti-tacı, mülkü-malı, xanimanı neylərəm?”

***

“Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,
Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır...”

İfalar bitincə söhbətlər başlayır. Aparıcılar həyatdan, sevgidən, dostluqdan danışırlar. Şeiriyyətdən, ədəbiyyatdan, gəlmiş-keçmiş zamanlardan söhbət açırlar. Bu söhbətlərdən sevgi qoxusu gəlir. Bütövlükdə bəşəriyyətə, təbiətə, insanlara yönəlmiş bir sevgi. Sevginin qıt olduğu bu zamanda elə bil bura başqa zaman kəsiyidir. Ətrafdakı səs-küyə, qarışıqlığa, haray-həşirə zidd, ancaq rahatlıq və hüzur yansıdan bir zaman kəsiyi. Oradan ucalan retro nəğmələr, şeirlər və söhbətlər harmonik şəkildə bir-birini tamamlayıb əvvəl maşınıma, sonra içimə dolur. Yadıma gəlir, illər öncə sürücülük vəsiqəsini alanda bir xarici məqalə oxumuşdum ki, Avropa sürücüləri arasında tədqiqat aparıblar. Avtomobili idarə edərkən rep, rok tərzində aqressiv musiqilər dinləyən zaman qəza törətmək ehtimalı çoxalır. Sakit, klassik musiqilər dinləyəndə isə əksinə, maşını rahat sürürsən. Bəs görəsən, həzin musiqi, həzin şeir və həzin səsi birlikdə dinləyərsənsə, təsir effekti necə olar? Bu sualın cavabı da getdiyim yoldadır. Baxıram ki, daha tələsmirəm, hətta yaxın döngəni buraxıb, yolumu dəyişmişəm, uzun, incə bir yoldayam. Bayaqkı gərginliyimdən əsər-əlamət belə yox, yorğunluq da harasa uçub gedib. Həmin gündən etibarən tıxaclar mənə bezdirici gəlmir. Çünki tıxaclı saatların əvəzolunmaz yol yoldaşına çevrilmiş iki doğma səs var: Xəzər Süleymanlı və Kamal Yaşar.

Nə xoş bizlərə ki, Azərbaycan qiraət tarixinə yeni nəfəs gətirmiş bu iki dəyərli şəxs, poeziya adına bir-birindən maraqlı layihələr həyata keçirmiş iki sevilən imza indi də əl-ələ verib efir məkanında özünəməxsus tərzi ilə seçilən, yüzlərlə insan tərəfindən sevilə-sevilə dinlənilən belə bir radiolayihə yaradıblar. Bu fikri təsadüfən yazmıram. Sözümün canlı sübutları var. Hər gün verilişə dinləyicilərdən, özü də nəinki Azərbaycanda, həm də uzaq-uzaq diyarlarda yaşayan soydaşlarımızdan gələn təşəkkürdolu fikirləri qəsd edirəm. Onların etiraflarını eşidincə fərəhlənirəm. Demə ki, mən tək deyiləm. Bu layihəni səbirsizliklə gözləyən, şeirlərlə yorulmuş ruhunu qidalandıran mənim kimi gör nə qədər insan var. Kimisi tıxacda, kimisi əlində bir fincan pürrəngi çayı, kimisi də iş masasının arxasında onları dinləyir. Və düşünürəm ki, niyə də öz timsalımda bütün şeirsevərlərin hisslərini cəm edib qələmə almayım?..

Son olaraq bütün emosional tərəfləri kənara qoyub demək istəyirəm ki, “Şeir mənim üçün” mənə görə, çəkisi samballı, missiyası önəmli bir layihədir. Azərbaycan ədəbiyyatı adına, şeiriyyət adına böyük bir töhvədir. Klassiklərimizi yaşadan, ədəbiyyatımızı gündəmə gətirən, gənc qələmlərimizi təbliğ edən bir xəzinədir. Yeri gəlmişkən, bu xəzinədə zaman-zaman adları keçən dəyərlərdən bir neçəsinin layihə ilə bağlı fikirlərini almışam. Görək, “Şeir mənim üçün” layihəsi onlar üçün nə əhəmiyyət kəsb edir?

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu:

Məmurların düz sözünə rast gəlməmişik” - Baba Vəziroğlu vaksinasiyadan  danışdı

“Bu veriliş barədə ətrafdan eşitmişdim. Sonra özüm də dinlədim və əvvəllər yayımlandıqları radio dalğasında qonaqları oldum. Çünki bu verilişə aparıcılar ara-sıra sənət adamlarını da dəvət edirlər. Birincisi, bu layihə bizi keçmiş günlərimizə qaytarır, yəni o dövrün radio verilişlərinə. İkincisi, onlar klassiklərlə yanaşı, gənc şairlərin əsərlərini də səsləndirirlər. İndi efir məkanında ədəbiyyatla bağlı belə uğurlu və səviyyəli layihələr yox dərəcəsindədir. Ona görə də mən onları sevərək dinləyirəm və bir də dəvət etsələr, böyük məmnuniyyətlə əziz dostlarımın qonağı olaram”.

Yazıçı, şair İlqar Fəhmi:

İlqar Fəhmi: “Ora gəlib gedən adamlar əxlaqsızdı” - Video

“Ümumiyyətlə Azərbaycanda son dövrlərdə şeir qiraətinin güclənməsi, sənətçilərin məhz bu sahə üzrə fəaliyyətini genişləndirməsi təqdirəlayiq haldır. Ona görə ki, bizim xalqın şeirə, poeziyaya sevgisi danılmaz bir faktdır. Mən belə düşünürəm ki, bu gün dünyada Azərbaycan xalqı qədər poetik düşüncəni öz ruhunda saxlayan ikinci bir xalq yoxdur. Çünki başqa ölkələrə baxanda poetik düşüncənin çoxdan tənəzzülə uğradığını görürəm. Nə gözəl ki, bizdə bu qalıb. Xalq şeiriyyəti sevməkdə davam edir. Bu baxımdan qiraətçilərimizin boynuna böyük bir yük düşür: bizim poeziya kimi milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi. “Şeir mənim üçün” layihəsi də məhz bu baxımdan mənim üçün önəmlidir. İstər Kamal Yaşar olsun, istər Xəzər Süleymanlı uzun illər bu sahədə fəaliyyət göstərən insanlardır. Hər birinin geniş auditoriyası var. Onlar sadəcə şeir oxumurlar, xalqın mənəviyyatını, ruhunu diri saxlamağa çalışırlar. Xeyli sayda gənc şairlərimiz var ki, onlar məhz bu qiraətçilərin hesabına cəmiyyətdə tanınıblar, oxucu kütləsi toplayıblar. Layihə də sevilən layihədir. Əvvəlki dövrdə mənə həsr olunmuş verilişdə iştirak etmişəm. Həmişə də sevə-sevə onların dilindən öz şeirlərimi dinləmişəm. İfa tərzləri maraqlı və özünəməxsusdur. Yəni şeiri hiss edib oxuyurlar. Ruhlarına yaxın hiss etməsələr, oxumurlar. Məncə, xalqımız da elə buna görə onların ifalarını dəyərləndirir. Mən onlara uğurlar diləyirəm və əminəm ki, yeni nailiyyətlər də əldə edəcəklər”.

Şair, yazar Aqşin Evrən:

“Ümumilikdə istənilən sənət nümunəsi – fərqi yoxdur, şeir, film və ya rəsm əsəri – özü ilə bərabər həm də fərqli yanaşmalar gətirir. Bu yanaşmalar nə qədər çoxşaxəli olsa, həmin nümunə o qədər zəngin və bəşəri olur. “Şeir mənim üçün” layihəsində də mətnlərə müxtəlif yanaşmalar nəzərə çarpır. Bununla yanaşı, hər bir şeir özlüyündə başqa bir mövzuya və ya mətnə qapı rolunu oynayır. Həmin layihədə şeirlərin özləri ilə gətirdiyi mənalar gələcəkdə hansısa ədəbiyyat nümunəsinə çevrilə bilər... Bir də nəzərə alaq ki, biz “söz dünyası”ndan “göz dünyası”na keçid ərəfəsindəyik. Fikrimcə, bu cür müzakirələrdən gələcəkdə şeirin teatrlaşmasına, vizuallaşmasına keçid almaq olar”.

# 853 dəfə oxunub

Oxşar xəbərlər

Serial çəkilişi zamanı qəza baş verdi

Serial çəkilişi zamanı qəza baş verdi

18:45 29 fevral 2024
Müəllimə yol verməyən şagirdlər - Hörüklü saçı qayçılamaq olmur?

Müəllimə yol verməyən şagirdlər - Hörüklü saçı qayçılamaq olmur?

18:30 29 fevral 2024
Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

18:30 29 fevral 2024
"Naxçıvan" Universiteti  fəaliyyətini dayandırır?

"Naxçıvan" Universiteti fəaliyyətini dayandırır?

18:00 29 fevral 2024
Azərbaycan Milli İncəsənət Muzeyində növbəti mühazirə

Azərbaycan Milli İncəsənət Muzeyində növbəti mühazirə

17:30 29 fevral 2024
Əməkdar artist:  “Alim Qasımovu qısqanmışam” - Müsahibə

Əməkdar artist: “Alim Qasımovu qısqanmışam” - Müsahibə

17:00 29 fevral 2024
#
#
# # #