Rüşvət aldığına görə dərisi soyulan hakim - 7 dəhşətli rəsm əsəri

Rüşvət aldığına görə dərisi soyulan hakim - 7 dəhşətli rəsm əsəri
18 iyul 2024
# 21:00

Özündə ölümü və dəhşəti ehtiva edən rəsm əsərləri çox olub. Bu cür rəsmlər adətən mifologiyadan, dindən və rəssamın xəstə təfəkküründən doğurdu.

Kulis.az incəsənət tarixinin ən qorxunc yeddi rəsm əsərini təqdim edir.

1. “Velaskesin “Papa X İnnokentiyin portreti”nə etüd” – Frensis Bekon, 1953-cü il

Bu məşhur qorxunc əsər ispan rəssam Dieqo Velaskesin “Papa X İnnokentiyin portreti” əsərinin “korlanmış” versiyasıdır. XX əsrin qalmaqallı rəssamlarından olan Frensis Bekon iyirmi il ərzində Velaskesin əsərinə müxtəlif versiyalar çəkib. Maraqlı cəhət isə budur ki, Bekon orijinal rəsmi ömründə cəmisi bir dəfə, özü də, ona müxtəlif versiyalar çəkəndən sonra görüb.

2. “Kəsilmiş başlar” – Teodor Jeriko, 1818-ci il

Adından da göründüyü kimi, Jeriko bu əsərində kəsilmiş insan başlarını təsvir edib. Yeri gəlmişkən, Jerikonun ən məşhur əsəri böyük qalmaqal doğuran “Meduzanın bədəni” rəsmidir. Üstəlik, rəssam emalatxanasında insan bədəninin hissələrini, həmçinin, kəsilmiş kəllə də saxlayırdı.

3. “Oğlunu yeyən Saturn” – Fransisko Qoyya, təqribən 1819-1823-cü illər

Yunan mifologiyasındakı Titan Kronos, başqa adla Saturn onu devirəcəklərindən qorxduğu üçün uşaqlarını yeyirdi. Qoyyanın əsərində həmin proses təsvir olunub. Özü də, Qoyya bu əsəri birbaşa evinin divarına çəkib, yəni, onu başqalarının ixtiyarına vermək istəməyib (Qoyyanın bu cür on dörd əsəri var). Qoyya öləndən sonra Salvador Martines Kubels bu əsəri kətana köçürüb, amma heç kim ona sahib olmaq istəmədiyi üçün əsər Madriddəki Prado Muzeyinə hədiyyə edilib.

4. “Gecə qarabasması” – Henri Füsli, 1781-ci il

Bir çox tədqiqatçının fikrincə, bu əsər özündə dəhşəti, seksuallığı və xəstəliyi ehtiva edir. Əbəs yerə bu rəsm üzərindən çıxış edərək yuxular haqqında psixoanalitik nəzəriyyələr yaratmayıblar. Deyilənlərə görə, Ziqmund Freyd bu əsərin reproduksiyasını Vyanadakı mənzilinin divarından asmışdı.

5. “Marsiyin cəzalandırılması” – Tisian, təqribən 1570-76-cı illər arası

Tisianın axırıncı əsərlərindən olan “Marsiyin cəzalandırılması” rəsmində satir Marsiyin öldürülməsi təsvir olunub. Satir Marsiy tanrı Apollonu inadla musiqi yarışmasına çağırır və uduzduğu üçün cəza kimi onun diri-diri dərisini soyurlar.

6. “Meduza” – Karavaco, 1597-ci il

Karavaconun qorxunc və qeyri-adi rəsm əsəri Meduzanın başının Persey tərəfindən kəsilməsini təsvir edir. Rəsmin iki versiyası mövcuddur: biri şəxsi kolleksiyadadır, ikincisi isə Florensiyadakı Uffitsi muzeyində saxlanılır. Rəssam Meduzanın simasında öz avtoportretini çəkib.

7. “Kambizin məhkəməsi” – Jerar David, 1498-ci il

Əsərdə rüşvət aldığı üçün dərisi soyulan fars hakim Sisamna təsvir edilib. Herodotun yazdığına görə, hakim Sisamna rüşvət alıb haqsız hökm çıxardığı üçün II Kambizin əmriylə diri-diri soyulub. Onun dərisi isə növbəti hakimin – Sisamnanın oğlunun oturacağı stula üzlük kimi çəkilib.

# 5688 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

18:32 26 noyabr 2026
Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü

17:49 26 noyabr 2026
Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

16:43 26 noyabr 2026
53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər