Rəşid Behbudov ona qadağa qoydu, sevgilisi onu tərk edib ölkədən getdi - “Nəsimi” filminə çəkilməsinə kim mane oldu?

Rəşid Behbudov ona qadağa qoydu, sevgilisi onu tərk edib ölkədən getdi - “Nəsimi” filminə çəkilməsinə kim mane oldu?
4 aprel 2022
# 13:00

Bu gün estrada müğənnisi, Əməkdar artist Ruhəngiz Musəvinin ad günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953-cü ilin aprelin 4-də Bakı şəhərində doğulub. Mahnı oxumağa 8-9-cu sinifdə oxuyarkən başlayıb. Sumqayıtda, orta məktəbdə oxuyanda, Oktay Kazıminin estrada orkestrində həm rəqsə gedir, həm də oranın solisti olur.

1971-ci ildə ilk dəfə dövlət televiziyasında Baba Salahovun ansamblı ilə canlı efirə çıxır. Elə həmin illər "Dan ulduzu"nun solisti olur.

***

Sonra Rəşid Behbudovun Mahnı Teatrına dəvət alır. 1971-ci ildə "Qızıl Payız" müsabiqəsinin laureatı olur.

1976-cı ildə isə ilk dəfə "Azərbaycan" gəmisi ilə Aralıq dənizinə səfərə çıxır. Estrada musiqimizi, mədəniyyətimizi, hətta milli mətbəximizi bu gəmidə təqdim edib göstərirlər. Anası bu səfərə razı olmasa da, o, birtəhər anasını yola gətirir. Burada "Miss Kruiz" keçirilir, Ruhəngiz xanım "Miss Kruiz – Miss Azərbaycan" seçilir. Bu səfərdə o, türkiyəli müğənni Nilufərlə tanış olub dostlaşırlar.

***

Müğənni Ramiz Mirişlinin, Elza İbrahimovanın, Emin Sabitoğlunun, Tofiq Quliyevin və digər məşhur bəstəkarların mahnılarını ifa edib. Ancaq ona ən böyük uğuru Tofiq Quliyevin məzəli mahnısı "Yox, yox" olub.

Ruhəngiz xanım 18 yaşında aşiq olsa da, onun məhəbbəti cavabsız qalıb. Bu haqda müğənni özü müsahibələrinin birində deyir:

“Həyat bizi sınayır” filmində baş rolda çəkilən Fikrət Quliyevi sevmişəm. O vaxt 18 yaşım vardı. Amma o mənə dost kimi yanaşıb. Ona zəng vururdum, səsini dinləyirdim, açıqcalar, məktublar göndərirdim, onsuz dayana bilmirdim, çox pak siması var idi. Fikrət mənə deyirdi ki, bu, keçicidir. Aradan 1-2 il keçdi, mənimlə görüşdü və etiraf etdi ki, həyatımın ən böyük səhvini səninlə evlənməməkdə etdim. Hətta o mənə evlilik təklifi də etdi. Artıq hər şey gec idi. Mənim etiraflarımdan üç il sonra bu hadisə baş vermişdi. Düzdür, ilk məhəbbət heç zaman yaddan çıxmır, amma buna baxmayaraq, mənim ona cavabım bu oldu: "Deməli, mən artıq efirə çıxıram, sevilirəm, buna görə sən məni sevmək qərarına gəldin? Yox, elə dost kimi də qalacağıq!"

Sonralar müğənni idmançı Çingiz Hüseynovla ailə qurur. Onların Lalə adlı bir qız övladı olur. Ancaq on ildən sonra Ruhəngiz xanım həyat yoldaşından ayrılır. Onlar ayrılsalar da, dost kimi qalmağı bacarırlar. Bu barədə müğənni belə deyir:

“Mən indiyə kimi keçmiş həyat yoldaşımla dostam. Bu hamıya çox qəribə gəlir. Həyat yoldaşı ilə, övladı ilə də bizə qonaq gəlirlər. Yoldaşının mənə böyük hörməti var, mənim də onlara böyük hörmətim var. Hətta qızım da onlara gedib-gəlir. Mənim üçün çox doğma insanlardır. Yoldaşım məndən sonra qohumu ilə ailə qurdu. Onunla cəmi iki gün yaşadı. Gördü ki, ayrı qala bilmir, zəng vururdu. Ona ürəyim ağrıyırdı, çox pis vəziyyətdə idi. Mən onu qoyub getmişdim. Hətta ayrılandan sonra mənə uşağımızı görmək bəhanəsi ilə görüş təşkil edirdi. İnsanı itirəndən sonra qədrini bilirlər. Daha sonra müğənni Sevda Əliqızı ilə 10 il yaşayıb. Bəziləri məni Sevda ilə bir yerdə görəndə təəccüblənir. Onlara deyirəm ki, mən özüm boşanmışam. Sevda ilə bacı kimiyik. Bu, qismətdir. Mənim qızım onlara gedib-gəlirdi. Qayınanam bütün şad günlərimdə iştirak edirdi. İndiyə qədər də o münasibət qalır”.

Müğənninin atası Cənubi Azərbaycandandır. Musəvi soyadı da ordan gəlir. Bu səbəbdəndir ki, çox adam elə bilir ki, aparıcı Günel Musəvi və Emin Musəvi onun övladlarıdır. Hətta Musəvi soyadına görə bir çoxları onun İran prezidentliyinə namizəd Mirhüseyn Musəvi ilə qohum olduğunu zənn ediblər.

Çoxları bilmir ki, Ruhəngiz "Nəsimi" filminə də dəvət alıb. Filmin ssenari müəllifi İsa Hüseynov çox istəyir ki, müğənni bu filmə çəkilsin. Ancaq Rəşid Behbudov bu məsələdə ona mane olur. Bu haqda Ruhəngiz xanım müsahibələrinin birində deyir:

“Rafiq Hüseynov o gecənin diktoru idi. Mənə yaxınlaşıb dedi ki, Ruhəngiz, İsa Hüseynov istəyir ki, səni "Nəsimi" filmində Şəms roluna çəksinlər. Mən Şəmsimi tapmışam. Gözlərimə inanmadım, uşaqlıqdan çox arzu etmişdim ki, filmə çəkilim. İsa Hüseynov və filmin rejissoru Həsən Seyidbəyli ilə görüşdüm. Rasim Balayev, Şeyx Əbdül, Muxtar Maniyev hamısı şahid idi. Məşqlərə getdim, foto-sınaqlar da etdik, sadəcə, dedilər ki, bircə Rəşid Behbudovun icazəsini almaq qalır. O da razılıq vermədi. Sərt şəkildə dedi ki, bura sizin üçün kinostudiya deyil, ya get kinoya çəkil, ya da müğənniliyini et. Mən pərt oldum. Şəms rolu mənə çox yaraşırdı. Qismət olmadı, o ssenari məndə qaldı. Həsən Seyidbəyli deyirdi ki, o bir az kaprizli adamdır, razı olacağına inanmıram. Müğənnilik mənim işim idi, təbii ki, buna görə filmdə çəkilməkdən imtina etməli oldum. Düzünü desək, Rəşid Behbudovda bir az qısqanclıq vardı, hərdən söz atırdı, mən dillənmirdim. O istəyirdi ki, ancaq onun oxuyanı olasan. Rəşid Behbudov öz solistini başqa yerdə görmək istəmirdi. Ancaq Rəşid Behbudov kimi böyük sənətkarla işlədiyimə görə çox xoşbəxtəm. Onunla bütün dünyanı gəzmişəm. Sonradan filmlərə dəvət etdilər yoldaşım icazə vermədi. Evdə həmişə qırğın gedirdi”.

Müğənni “Baladadaşın ilk məhəbbəti” filminə çəkiləndən sonra anası dənizdəki çəkilişlərə görə ona bərk əsəbiləşir. O, ailə qurandan sonra filmdəki çimərlik görüntüsünə görə çox utanırmış, film ekranda göstəriləndə, qayınatası bu filmi görməsin deyə onun tez yatması üçün Allaha yalvarırmış.

***

Musəvi ikinci dəfə özündən on iki yaş kiçik bir oğlanla vətəndaş nikahında yaşamağa başlayır. Müğənni həmin günləri belə xatırlayır:

“O, məni həqiqətən də çox sevirdi. Deyirdim ki, qətiyyən olmaz, sən subay oğlansan, öz yaşıdın olan bir xanımla evlən. Bir ildən sonra ailə qurduq. Mənə qədər heç vaxt evlənməmişdi. O insanın ilk sevgisi olmuşam. Təbii ki, ailələrində narazılıq oldu. O vaxt çox çətinlik çəkdim. Onları da başa düşürdüm. Ancaq mən onların oğluna sevgidən başqa heç nə verə bilməzdim. Yaxınlarına deyirdim ki, mən oğlunuzu özümdən uzaqlaşdırıram, əl çəkmir. Evlərinə geri döndüsə də, yenə mənə qayıtdı, bu dəfə isə birdəfəlik… 10 il birgə yaşadıq. O, mənim qayğımı çəkirdi, dayaq olurdu. O, iş adamı idi. Burada işləri düz gətirmədi. Ölkədən çıxıb getməyə məcbur oldu. Onunla yaşamaq mənim üçün çox maraqlı idi. İnanmıram ki, qarşıma bir daha belə insan çıxsın. Sona qədər o şəxsi sevdim. Ailələri övladımızın olmasını istəyirdi. Özüm istəmədim. 2001-ci ilin mayın ayının 3-də, ikinci həyat yoldaşımla ayrılanda hönkür-hönkür ağladım. O zaman böyük stress yaşadım. Hətta yaşamaq belə istəmirdim. Hər gün onun paltarlarını qucaqlayıb yatırdım.

İkinci həyat yoldaşımı sevmişəm. Necə istəyib, elə yaşamışam. O sevgiyə qul olmağa dəyərdi. 10 ili sevgi ilə yaşadım, o istək mənə bəs edir. İndi məni yaşadan sənətimdir. Həyat yoldaşım da, sevgim də sənətimdir. Məni sevənlər çox olub. Ancaq pis təsir edən odur ki, məni kim sevibsə, ölüb. Toylarda bəzən mənə yaxınlaşıb deyirlər ki, Ruhəngiz xanım qardaşım sizi çox sevirdi, amma indi rəhmətə gedib. Bu yaxınlarda da bir neçə nəfər eyni sözləri dedi”.

# 37851 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #