“Yevlax görüşü”nün şitini-şorunu çıxaranlar

“Yevlax görüşü”nün şitini-şorunu çıxaranlar
22 sentyabr 2023
# 16:05

Kulis.az Nihat Pirin "Yumor haqqında didaktika dərsləri" adlı yeni yazısını təqdim edir

Bakının mərkəzi küçələrinin birində yaşı-başı, əqli-şüuru, geyimi-keçimi yerində olan gənc bir zənan əlində “Yevlaxlı ər axtarıram” yazılan lövhə tutub elədən-beləyə, belədən-eləyə gəzir.

Üstəlik, bu bambılı hərəkətini həmin çevrədəki adamların görməsi ilə kifayətlənmir, onu videoya çəkən kəslərin kamerasına hələ bir poza da verir. Bu da sosial media üçün nəzərdə tutulub.

O sosial media ki, Qarabağda yaşayan erməni sakinlərin nümayəndə heyəti ilə Azərbaycan tərəfinin görüşünün Yevlaxda olacağını eşidən böyük bir kəsimə öz bambılılıqlarını geninə-boyuna nümayiş etdirmək üçün meydan verib.

İyirmi birinci əsrin lap ucundaca və üstəlik, sosial şəbəkənin yazılı media ilə yaba-kitman davasına çıxdığı dönəmdə (Böyük mənada qalib gəldiyi vaxtda) orada yazılan hər yazını, fikri, postu müzakirə eləməkdən yana deyiləm, şəksiz.

Amma bu yazını oxuyan ateist qütb bir yana, bir yaradanın varlığını qəbul edənlər üçün deyim ki, Allah haqqı, adam yorulur.

Bezir, tükənir, iyrənir, lap belə zinhara gəlir.

Bundan öncəki yazımda sosial media hesablarımı dondurduğumu və özümü çox məsud-bəxtiyar hiss etdiyimi yazmışdım.

Amma səd əfsus.

Səd əfsus ki, iş elə gətirdi, məcbur (!) qayıtdım və qayıtdığıma elə peşman oldum, elə peşman oldum, ifadə etməkdə çətinlik çəkirəm.

Qayıtmağımla da elə haqqında bəhs elədiyim sosial şəbəkənin birində xalqımızın yumor hissinin çox bayağı və noxudlu bozbaş təbirində olduğu barədə geniş müzakirəyə göz və diqqət şahidliyi etdim. Düzü, bu qisimlə heç də razı deyiləm. Bizim yumor hissimiz kifayət qədər uğurludur.

Hətta bu uğurluluq diaqnozunu şitini-şorunu çıxardığımız “Yevlax görüşü” sərsəmliklərini gördükdən sonra da öz qüvvəsində saxlayıram.

Fəqət yumor və yumorçuluq (!) anlayışında yanıldığımız çox incə bir məqam var: o da ki sərhəd.

Sərhədlərimizin tamı tamlığına bərpa olunduğu bu tarixi günlərdə yumor sərhədlərimizi də öyrənmək üçün, ən azından, cəhdlər etməyimiz bizi, sizi və hamımızı son dərəcə məmnun qılardı, düşünürəm.

Hər mövzuya ironiya ilə yanaşmaqdan da yanayam. Olsun.

Dedik axı, yumor güclü silahdır.

Məsələn, az müddət öncə yerli film-seiral sektorunun raxit bir zaman yaşadığı vaxtda mövzu, rejissor işi və aktyor oyunu hesabına çox böyük kütlə qazanan detektiv serialı barədə də, aşağı-yuxarı, eyni şeyi etmişdik (etmişdiniz), indi də.

Və o mövzunun da şitini-şorunu çıxarmağınız barədə sizlərə (bizlərə) eyni ton və ritorikada irad bildirib köşə qələmə almışdım, indi də.

Orada söhbət mövzunun (guya möhtəşəmliyin (?)) şitini-şorunu çıxarmaqla görməmiş situasiyası yaratmaq idisə, indiki halda situasiyanın adı bambılılıqdır.

Bundan öncəki iki abzasda özümü sizlərdən (görməmiş və bambılı kəsimdən) ayırmadım, gördünüz. O səbəbdən də, sonuncu xahişimin sizi incitməməsi diləyi ilə:

Bu dəfə and yerim yoxdur, ona görə də ateistlisi, deistlisi və hətta mazoxistlisi, fərqi eləmir, hər kəsədir müraciətim: etdiyiniz zarafatları güzgü qarşısında əzbərdən yüz dəfə deyin. Reaksiyanız necə olacaqsa, o cür də davranın.

Nihat Pir,

xüsusi olaraq, bambılı adamlar üçün

# 6199 dəfə oxunub

Oxşar xəbərlər

500 illik “Möcüzələr kitabı” hərraca çıxarılır - Qədim insanlar dünyanın sonunu necə təsəvvür edirdi?

500 illik “Möcüzələr kitabı” hərraca çıxarılır - Qədim insanlar dünyanın sonunu necə təsəvvür edirdi?

13:04 24 noyabr 2026
Tanınmış şoumen infarkt keçirdi

Tanınmış şoumen infarkt keçirdi

12:32 24 noyabr 2026
“Kəlağayı Bayramı” adlı konsert proqramı keçirildi

“Kəlağayı Bayramı” adlı konsert proqramı keçirildi

12:26 24 noyabr 2026
Qadağan olunmuş 12 min  kitab  ictimaiyyətə təqdim olunur

Qadağan olunmuş 12 min kitab ictimaiyyətə təqdim olunur

12:03 24 noyabr 2026
"Betmen"in avtomobili hərraca çıxarılacaq

"Betmen"in avtomobili hərraca çıxarılacaq

11:39 24 noyabr 2026
Məşhur müğənni vəfat etdi - Səbəb

Məşhur müğənni vəfat etdi - Səbəb

11:07 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər