"Səs Azərbaycan"da biabırçılıq

"Səs Azərbaycan"da biabırçılıq
10 fevral 2025
# 17:00

Kulis.az Günel Novruzun "Səs Azərbaycandı, kəs ingilis" köşəsini təqdim edir.

İtv-də yayımlanan “Səs Azərbaycan” musiqi yarışmasının növbəti mövsümü başlayıb.
Həvəslə gözləyirdim.
O qədər həvəslə ki, işin-gücün başını buraxıb popkorn da partlatmışdım, çips almışdım. Ancaq sağ olsunlar, burnumdan gəldi.


Bu cür səs yarışmaları dünyada məşhurdur, bilirsiniz. Düzünü deyim, mən ilk dəfə “O səs Türkiyə” yarışmasını görmüşdüm, sonra öyrəndim ki, bu formatda yarışma ilk dəfə Avropada təşkil edilib və hələ də davam edir. Özü də, aşağı-yuxarı hər yerdə eyni vaxtda başlayır. Adam bilmir, hansına baxsın. Ancaq əlbəttə ki, mən bir azərbaycanlı kimi “Səs Azərbaycan”ı seçdim.

İndi görək, nədir bu yarışmanın mahiyyəti, nə vaxt yaranıb, necə yaranıb?

Bildiyimiz kimi, “Səs Azərbaycan” yarışması məşhur “The Voice” formatının yerli versiyasıdır.
“The Voice” beynəlxalq musiqi yarışması isə ilk dəfə 2010-cu ildə Hollandiyada yayımlanan “The Voice of Holland” şousu ilə başlayıb. Yarışmanın ideyası məşhur televiziya prodüseri John de Mola məxsusdur.

“The Voice” formatının tarixi

2010: İlk dəfə Hollandiya televiziya kanalı RTL4-də yayımlanıb.
2011: ABŞ versiyası olan “The Voice USA” NBC kanalında yayımlanıb və populyarlıq qazanıb.
2012 və sonrası: Format dünya miqyasında geniş yayılıb və müxtəlif ölkələrdə “The Voice” adlı versiyaları təşkil edilib.
Hazırda: “The Voice” 60-dan çox ölkədə yayımlanır və dünya miqyasında ən məşhur musiqi yarışmalarından biridir.


Yarışmanın formatı

“The Voice” yarışmasının əsas fərqləndirici xüsusiyyəti budur ki, münsif iştirakçını görmədən, yalnız səsinə, oxu qabiliyyətinə əsasən seçir. Əgər onlara iştirakçının səsi, bacarığı xoş gəlirsə, düyməni basırlar və həmin iştirakçını öz komandalarına üzv etmək üçün müxtəlif cəhdlər edirlər. Hətta şirnikləndirici vəd də verirlər.

Yarış dörd əsas mərhələdən ibarətdir:

1. Görmədən seçmək (Blind Auditions) – Münsiflər iştirakçıları yalnız səslərinə əsasən seçirlər.
2. Döyüş turu (Battle Rounds) – Eyni komandada olan iki iştirakçı duet oxuyur, bir nəfər növbəti mərhələyə keçir.
3. Nokaut mərhələsi – İştirakçılar fərdi şəkildə ifa edir və münsif ən yaxşısını seçir.
4. Canlı şoular (Live Shows) – Tamaşaçıların səsverməsi ilə qalib müəyyən olunur.

“Səs Azərbaycan”
2021-ci ildən yayımlanmağa başlayıb.
Münsiflər heyəti müxtəlif mövsümlərdə tanınmış Azərbaycan musiqiçilərindən ibarət olub.
Yarışma Azərbaycanda böyük maraqla qarşılanıb və istedadlı ifaçılara səhnəyə çıxmaq imkanı verib.

Məlumatlandıq, öyrəndik. Lap yaxşı. İndi deyim, biləsiniz ki, mənim burnumdan gələn nədir.

Hə, dedim axı, işin-gücün başını buraxıb popkorn da partlatmışdım, çips də almışdım.
Ancaq iki-üç nəfərdən başqa Azərbaycan dilində oxuyan, Azərbaycan mahnısı oxuyan iştirakçı görmədim.
Guya siz ingilissiniz?
Yoxsa holland?

Niyə belə eləyirsiniz ki? Məqsədiniz nədir?
Yoxsa xarici dildə oxuyanda dünyaya çıxırsınız, dünya şöhrətli olursunuz? Ya elə bilirsiniz, xarici dildə oxuyanda sənət olur, bizim dildə oxuyanda “bozbaş”?

Yox e, bilirik də, hə, musiqinin dili, dini, irqi, cinsiyyəti yoxdur, bilirik.

Fərq odur ki, məsələn, Türkiyədəki yarışmada kimsə Azərbaycan dilində, yaxud başqa bir dildə oxuyursa, həmin performans rəng kimi, ekzotika kimi qiymətləndirilir, bizdə isə, deyəsən, bizə ingilis dili doğma dildir, Azərbaycan dili ekzotika kimi... “Deyəsən”siz, elə görünür. Mən elə gördüm.

Ay yazıqlar, siz bilmirsiniz ki, bizim dünyaya çıxara biləcəyimiz tək dəyərimiz məhz musiqimizdir?
Nədir, bizim dildə yazılmış, bizim dildə bəstələnmiş mahnılarda səsinizin imkanlarını göstərə bilmirsiniz?

Məsələn, hansı ingilisdilli mahnıda olan xüsusilik sizi bizim mahnılardan döndərir?
O mahnıların sözümü, özümü?

Biabırçılıqdır bu.

İngilis kimi geyinmək olar, holland kimi bəzənmək olar, ancaq mahiyyət etibarilə Con deyilsən, Culiya deyilsən axı.

Yaxşı, ən ingilis sənsən!

Ən çox ingilis sənsən!

Eldardan ingilisi yoxdur!

Ümumiyyətlə, sən hələ qanmırsan ki, dünyaya məhz ekzotika kimi maraqlısan!
İngilis dilini bilirsən, lap yaxşı, lap əla, ancaq sən o dillə bir ingilisi heyrətləndirə bilməzsən axı! Başa düşürsən, nə deyirəm, ay mənim ingilisim...

Biabırçılıqdır!

Münsiflərə baxın hələ. Biri dinmədi e. Biri demədi ki, ay bacım, ay qardaşım, niyə belə eləyirsiniz?

Özümüzdən, öz dilimizdən, öz mahnılarımızdan utanırıq yoxsa?

Mən bu rəzilliyə cavab tapa bilmirəm e!

Bilmirəm, bu cahilliyi, nadanlığı, nadürüstlüyü necə adlandırım ki, xətrinizə dəyməsin...

Lap elə dəysin.

# 10334 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
Qəzzanin 5 min illik irsi Parisdə

Qəzzanin 5 min illik irsi Parisdə

14:30 17 fevral 2026
"İsa Tanrı oğlu yox, sehrbaz idi!" - İntibahın ən böyük "maq"ı

"İsa Tanrı oğlu yox, sehrbaz idi!" - İntibahın ən böyük "maq"ı

13:30 17 fevral 2026
Asif Ata və Tanrı probleminin yeni fəlsəfi yozumu - Düzgün Atalı

Asif Ata və Tanrı probleminin yeni fəlsəfi yozumu - Düzgün Atalı

12:56 17 fevral 2026
Əsəri qadağan olundu, borca görə həbs edildi - O, niyə "Molyer" təxəllüsünü götürmüşdü?

Əsəri qadağan olundu, borca görə həbs edildi - O, niyə "Molyer" təxəllüsünü götürmüşdü?

12:30 17 fevral 2026
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa - “Pul əhvalatı”

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa - “Pul əhvalatı”

11:53 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər