Orxan Şahbaz: "Səni milyonlar tanıyır, amma bir işə dərman deyilsən..." - Müsahibə

Orxan Şahbaz:  "Səni milyonlar tanıyır, amma bir işə dərman deyilsən..." - Müsahibə
28 iyul 2025
# 09:00

Kulis.az Dilşad Məmmədəliyevanın təlimçi, marketoloq Orxan Şahbazla müsahibəsini təqdim edir.

- İlk olaraq sizi öz dilinizdən tanıyaq. Qısaca olaraq Orxan Şahbaz kimdir?

- Marketinq mütəxəssisiyəm və “Zidd” kitabının müəllifiyəm. Professional sahədə işimiz marketinqdir, sosial mediada xidmətlər göstəririk, müştərilərə reklamlar çəkirik və s. , sosial tərəfdən isə seminarlar, təlimlər keçirəm.

- Necə düşünürsüz, sizi digər təlimçilərdən fərqləndirən əsas amil nədir?

- Bunu deməyim üçün gərək bütün təlimçiləri araşdırım, bu da biraz eqoistlik olar. Amma, özümdə sahib olduğum 3 əsas xüsusiyyət var- deyə düşünürəm. Birincisi, qarşıdakı insan ilə daha çox dialoqa fokuslanıram.

İkincisi, mənim fikrimdən daha çox qarşıdakı insanın münasibəti və müzakirəsi maraqlıdır.

Üçüncüsü, dialoq şəklində olan prosesləri davamlı etməyə çalışıram ki, monoloq yox, dialoq alınsın və bunun nəticəsində də daha çox öyrənə bilək. Bax, bu üç əsas detal dinləyici ilə mənim aramda effektiv əlaqə qurur.

- Cəmiyyət və gənclər haqqında danışaq, cəmiyyətimizdə gənclərin təlim və inkişaf imkanlarını necə görürsüz?

- Baxmayaraq ki, nəsillərarası olan qarşıdurmalarda yaşlı nəsillər deyir -“gənclər pozulub”, cavan nəsil deyir “yaşlılar belə...”, bunu keçid dövrü kimi qiymətləndirə bilərik. Təsəvvür edək ki, ipin bir tərəfində yaşlı nəsil və onların gördükləri, digər tərəfində isə yeni nəsil, zamanında onların əziyyətlə öyrəndiyi şeyləri daha qısa vaxtda - məsələn, süni intellektdən əldə edə bilən bir nəsil var. Məncə, bu tarazlığı qoruya bilən insan və gənclik ayaq üstə qalacaq. Yəni, söhbət nədən gedir, bir gənc özünü təkmilləşdirmə prosesində, nə qədər bacarıqlıdır, nə qədər pul qazana bilir, nə qədər özünü inkişaf etdirə bilir? Baxmayaraq ki, çoxlu problemlər var, amma mən məsələyə nikbin yanaşıram, keçmişə nisbətdə indiki gənclərin hazırcavablığı, özünü inkişaf etdirməyə çalışmağı daha üst səviyyədədir - deyə düşünürəm.

- Vurğuladığınız süni intellekt gələcəyə necə nüfuz edə bilər? Hansı sahələrə, nələrə tələbat arta bilər və ya tam tərsi ?

- Bütün sahələrdə effektiv təsirini göstərir. Amma 2 əsas detal var. Birincisi, süni intellektin hisləri yoxdu, ikincisi, o, yaradıcı deyil. Hə, gələcəkdə olsa, o başqa məsələ. Amma hal-hazırkı vəziyyət üçün o deyil. Çünki süni intellektə axtarış verəndə, yaxşı məlumat verir amma sən onu hiss etməlisən. Sənin doğulduğun yer var, ailən var, mentalitetin var, aldığın təhsil var. Bunlar insanda hissin formalaşmasına təsir göstərir. Süni intellekt bütün sistemi yığıb bir yerə, güclü sistemdir, amma o hiss məsələsi insana məxsus olduğuna görə, ön plandadır. Hisslərini və duyğularını doğru şəkildə idarə etməyi bilən insan, daha effektiv iş görə bilir.

- Sosial şəbəkələrin cəmiyyətə və gənclərə təsiri barəsində fikirləriniz nədən ibarətdir?-

- Əslində, sosial şəbəkələr insanın güzgüsüdür. Ən çox da Tiktok, ondan sonra digər sosial şəbəkələr gəlir. Sosial media insanı pozmur, əgər pozğun insan varsa, onu önə çıxarır. Bizim daxili dünyamız hansı formadadırsa, əlimizə imkan düşən kimi o formada göstərməyə çalışırıq. Mənim 33 yaşım var. Bizim dövrümüzdə heç vaxt mən "kitab oxudu, bilikli oldu, iş qurdu və varlı oldu" insanını görməmişəm. Həmişə mənə göstərilən insanlar kiminsə qızı ilə evləndi, hansısa vəzifəyə qoydular, “bacarana can qurban” "insanı" olub, akademik insanı isə ikinci, üçüncü dərəcədə görmüşəm. Cəmiyyətin kütləvi olaraq daxili ailəmi belədir, o da ekrana yansıyır, nəticədə, insan orda özünü görür, sadəcə özünü qəbul etmək istəmir.

Məsələn, Azərbaycanda ən əxlaqsız hesab edilən insanlar, həm də varlı yaşayan insanlar - sosial şəbəkədə ən çox izləyicisi olan insanlardır, eyni zamanda insanlar bir-biri ilə müzakirə edir ki, bunu izləyən kimlərdir? Qınamaq, reaksiya göstərmək, müzakirə etmək insanın içində var. Onda bir sual yaranır, tutaq ki, “X” adlı bir nəfərin beş yüz min nəfər izləyicisi varsa, onu izləyənlər də əxlaqsızdır? Burada "əxlaq" və ya "əxlaqsız" bufer rolunu oynayır. Çünki o beş yüz min nəfər də onu istəyir, ona görə fikir verirsiz, birinin əlinə pul düşən kimi göstərməyə çalışır, bahalı maşın almağa ehtiyac duyur və bunu göstərmək istəyir, göstərişə meyilli cəmiyyətin formalaşması burdan yaranır.

- Sizcə, hazırda ölkədə maarifləndirmə və şəxsi inkişaf sahəsində hansı boşluqlar var?

- Səmimiyyət işin psixoloji tərəfidir. Mənim həyatda yaşadıqlarım reallıqda və ya sosial şəbəkədə əks olunmursa, ziddiyət yaranır. Bu, bilirsiniz nəyə oxşayır? Hamı vətəni sevir, amma oğlu əsgərliyə gedəndə - "Görəsən, bu uşağı hara salacaqlar başı ağrımasın..." deyir. Bu adamlar sonra çıxıb çöldə “biz vətənimizi sevirik” deyirlər. Qeyri-səmimi səslənir, elə deyil? Demək olar hər kəsin evində bu söhbət olur. Dediyim informasiyanı öz həyatımda tətbiq edə biləndə, davranış ilə danışıq məsələsi, balans olanda orda səmimilik olur.

İkincisi qlobal informasiyalar məsələsi var. Avropadan, Amerikadan məlumat gəlir, amma bunun azərbaycanlılaşdırılmış versiyası var, nə etsən də, azərbaycanlının içindən o mentaliteti silib ata bilməzsən. Heç vaxt amerikalının qoyduğu biznes marketing qaydalarını Azərbaycanda tətbiq edə bilməzsən, çünki azərbaycanlı Makdonaldsı baykot edir, sonra gedir yenə istifadə edir. Sən bunu necə deyə bilərsən, boykot etdi amma sözünün üstündə durmadı. Nəticədə nə baş verir? Dediyi ilə etdiyi arasında ziddiyyət yaranır və bu məsələlərin üzərinə düşəndə daha yaxşı təsir göstərə bilir, əksi olanda isə problemlər yaranır

- Rus dilində təhsilin ləğv edilməsi ilə bağlı son günlər müxtəlif xəbərlər yayılmışdı, bu haqda nə düşünürsüz?

- Mən Azərbaycanda ingiliscə təhsil almışam, indi bu o deməkdir ki, mən ingilis oluram? Dil düşüncə vasitəsidir. Nə qədər çox dil bilirsənsə, düşüncən də bir o qədər geniş olur. Məsələ hansı dildə danışmağın yox, sən kimsən, hara getmək istəyirsən odur. Biri deyir “ana dilini bilməyənlər, Qarabağı aldı”, biri deyir “rus dili bilənlər daha səviyyəlidir”. Bu da cəmiyyətdə aranı qatan düşüncələrdir. Mən prosesə belə yanaşmıram, "bir insan düşünür və nəsə edə bilirsə, qalanı boş-boş düşüncələrdir" - prizmasından baxıram.

- Onda belə bir sual verim, əgər cəmiyyətdəki düşüncə sistemində bir şeyi dəyişmək imkanınız olsa, bu, nə olardı?

- Əgər belə bir imkanım olsa idi, "hər şeyə inanmayın, özünüz düşünün" - inancını uşaqlıqdan insanların beyninə yeridərdim. Özü düşünmək çox önəmlidir. Çünki sistem səni elə yetişdirib ki, sən düşünürsən ki, düşünürsən, amma sadəcə sən elə düşünürsən. Elə bil qəfəsdəsən, amma bunu hiss edə bilmirsən

- Şəxsi motivasiyanızı necə qoruyursuz və motivasiya ilə bağlı gənclərə nələri tövsiyə edərdiniz?

- Baxmayaraq ki, insanın beyin fəaliyyəti motivasiya üzərində qurulub, amma mənim motivasiyadan zəhləm gedir. Niyə zəhləm gedir? Çünki fundamenti olmayan bina çökür, burda fundament intizamdır, əgər intizam sistemi yoxdursa, nə qədər motivasiya gəlir-gəlsin, heç bir nəticə əldə etmiş olmayacaq. Bir növ intizam olanda iştahını saxlaya bilirsən, amma motivasiyada elə bir şey yoxdur. İntizamı quranda motivasiyanı sağ-sola oynatmaq olur, amma yalnız motivasiya insanı uçuruma apara bilir. İntizamda isə birinci detal insanın öz mənfi-müsbətlərini bilməsi, düzəldə bildiklərini düzəltmək, düzəldə bilmədiklərini müsbət və mənfi tərəfləri ilə idarə etməkdir. Əgər sənin yaxşı nitqin varsa və emosional birisənsə, onu idarə edə bilərsən ki, o tarazlıq qorunsun. Mənə görə hər şey oyundur. Bu oyunda qalib gəlmək üçün bacarıqlı olmalısan və bu bacarıq da intizamla əlaqəlidir.

- Ümumiyyətlə, gündəlik rutininiz haqqında bizə danışa bilərsiniz?

- Tezdən saat 5-10 arası idman, velosiped, basketbol və sair. Saat 11-dən başlayaraq iş, marketinq, planlama, məzmun, onların çəkilməsi, müştərilərlə əlaqələr... Amma indi burda bir məsələ var, axşam vaxtı dəqiq bilinmir. Təxminən, axşam saat 8-9 kimi işi bitirirəm, 11-də yatıram və adəti üzrə gündəlik eyni işlər.

- Yeni başlayan təlimçilərə nələri məsləhət vermək istərdiniz?

- Məsləhət yox, fikirlərimi bildirərdim. Nə dediyiniz yox, necə dediyiniz önəmlidir və qarşıdakı bizim nə dediyimizə yox,onu necə hiss etdirdiyimizə baxır. Bizi dinləmələri üçün onları yaxşı hiss etdirməliyik, qarşıdakı insan hiss etməlidir ki, o, sizi dinləməyə hazırdır, bu yoxdursa, artıq problem var. İkincisi, nə qədər qızıl xırdalasan da qızılın yoxdursa, artıq xırdasan, kitabda yazmışdım bunu. Yəni, pulun və biliyin yoxdursa, insanlar səni ciddi qəbul etmir, bu da çox önəmli detallardan biridir. Üçüncüsü, ən böyük detal ünsiyyət, qarşıdakını idarə etmək və fikrini çatdırmaqdır. Bu üç detal çox önəmlidir.

- Yeni çıxan “Zidd” kitabınızı qeyd etdiniz. Nəşrdə hansı əsas məqamlar yer alır, nəyə görə gənclər bu kitabı oxumalıdır?

- Əsas sual budur ki, niyə psixologiyamızla biologiyamız bir-birinə ziddir və bu ziddiyyətləri necə idarə edə bilərik? Biz doğuluruq, bizə inanclar yüklənir və biz başlayırıq idarə olunmağa. Biz başa düşürük ki, harda doğulmuşuq, vətənpərvərikmi, harda doğulmağımızdan asılı olaraq artıq qiymətləndirmə prossesimiz başlayır. Kitab bundan bəhs edir, bu ziddiyyətlər nədir, niyə insan həyatında bunlar var, niyə insan günahkar axtarır? Adicə bir nümunə - yolda görürük kimsə kimisə öldürür, biz polisə zəng edə bilərik, amma qatil bizim qohumumuz olsa, biz düşünəcəyik ki, yox elə deyil axı, bir gözləyim görüm, o elə biri deyil axı. Burda səmimiyyət itir və ziddiyyət yaranır. Bu ziddiyyət niyə var, bax, bundan bəhs edir.

- Sizcə, bugünkü dünya ilə ayaqlaşmaq üçün bir gənc ilk olaraq nələri mənimsəməlidir?

- Ünsiyyət, elastiklik, çeviklik və yaradıcı düşüncə vacibdir. Çünki artıq dövr gecə-gündüz kitab oxumaq deyil, gecə-gündüz bacarığa sahib olmaq dövrüdür. Kompüterdən də başın çıxmalıdır, proqramlardan da. İndi artıq "9-6" sistemi işləmir, bacarığın pula çevrilməsi dövrüdür, bunun da kökü ünsiyyətə dayanır, bizim nələrisə izah etməyimizin yolu ünsiyyətdən keçir, çünki artıq zaman o qədər sürətlə gedir ki, insanların artıq gözləməyə səbri qalmayıb. Danışırsan və göstərirsən. Və digər standartlar da olmalıdır: süni intellekt, prompt yazmaq məsələləri. Promptu necə yazasan ki, məsələn lazım olan informasiyanı ala biləsən, öyrəndiyin məlumatı real həyat ilə əlaqələndirib tətbiq edəsən.

- Hal-hazırda “Z” nəsli özünü necə ifadə edir ?

- Əsasən inqilabçı ruh yox, yaradıcı ruhlu gənclərdir. Bizim özümüzün komandamızda da olanlar var. Yaradıcıdırlar, haqlarını tələb edə bilirlər, daha yaxşı düşünə bilirlər. Mənfi tərəfləri isə subyektivdir. Məsələn ola bilər, bizim dövrümüzdə olan informasiya ilə onların dövründəkilər eyni deyil və s.

- İndiki dövrdə təhsil ilə tərbiyə anlayışı dəyişibmi, formal təhsilin rolu azalıbmı?

- Fundament olaraq hə, sanki indi insanlar formal təhsilə inanmırlar, onları cəlb etmir. Standartdı hər şey. Bu da ki, normaldı, bacarıq daha önəmlidir. Onsuz da diplom həmişə görüntü olub, əsas diplomun olsun, nə işləyirsən işlə, indi isə onun ən pik həddinə çatmağa doğru gedir, Artıq diplom ümumi olaraq pul qazandırmır. Məsələn, bunu həkimliyə şamil etmək olmaz, çünki o konkret ixtisasdır və sən onu öyrənməlisən. Lakin tutalım, maliyyədə oxuyursansa, sən onu kurslarla daha təkmil öyrənə bilərsən, nəinki universitetdə.

- Gəlin bir az əvvələ qayıdaq, pandemiya və post-pandemiya dövrü sizə nələri öyrətdi?

- Pandemiya olan vaxt müharibə ərəfəsi idi, onda problemlər çox idi. İşimi itirmişdim, pul gəlmirdi, şəxsi həyat ilə bağlı məsələlər, hər şey bir-birinə qarışmışdı. Pandemiyadan sonra iki ən əsas detal, onlayn çalışma planı qurmuşdum. Seminarlar, təlimlər keçirdim, sosial mediaya fokuslanırdım, daha yaxşı düşünə bilirdim ki, necə daha yaxşı iş görmək olar. Ondan sonra hər şey yavaş-yavaş qaydasına düşdü.

- Şəxsi brendləşmə rəqəmsal dövrdə necə qurulmalıdır?

- Çoxdur, sadəcə qısa olaraq deyim. Fərqləndirmə modelini misal çəkə bilərəm. Məsələn, “X” adlı bir kontent yaradırsan və fərqləndirirsən. Aktual məsələlələrə toxunmaq lazımdır. Üçüncüsü isə, informasiyanın çatdırılması və ön plana ötürülməsi, işinə, dəyərlərinə hörmət, onu saxlayaraq formalaşmaqdır. Hə, burada belə bir məsələ var ki, kütləvi mövzular ilə tanına bilərsən, amma brendləşmə olacaqmı? Çünki Azərbyacanda tanınmaq çox rahatdır, amma onu markaya çevrilməsi çətindir. Biri var sənə oturub qulaq asırlar, biri də var səni milyonlar tanıyır, amma bir işə dərman deyilsən, bax, belə detallar ola bilər və bu, artıq çox tanınmaqdır.

- Son zamanlar gənclər arasında “tükənmişlik” sindromu yayılıb. Bu barədə təlimlər verirsinizmi və bunun qarşısını necə almaq olar?

- Əslində, “tükənmişlik" təlimlərini psixoloqlar verir və bu suala da məhz onlar daha yaxşı cavab verə bilər. Mən isə onu deyə bilərəm ki, “tükənmişlik ” halları ilə qarşılaşsan da elə bir zehniyyətə sahib olmalısan ki, o vəziyyətdən çıxa biləsən. Çünki hər şey fərdidir deyə, bu onlara xas müxtəlif səbəblərdən baş verə bilər.

- Həyatınızda heç belə bir dövr olub ?

- Mütləq olub, həmişə olub. O olmasa mümkün deyil, çünki bizim cəmiyyət elə bir yerdir ki, sən burda sözün əsl mənasında tükənirsən.

- Şəxsi inkişafdan danışaq. Artıq bu trenddən çox, məncə, ticarət məhsulu halına gəlib. Bu haqda fikirləriniz nələrdir ?

- Hə, rahatdır, çünki, məsələn, insan yaxşı danışa bilirsə və qarşısındakını yaxşı hiss etdirə bilərsə, o onu inkişaf etdirə bilər zehniyyətinə mənsub olur. Tutaq ki, indi mənə çox sayda doktor və terapiya üçün müraciət olur, danışıq xoşuna gəlir, mənə “motivator” adı verir. Məsələn, desən ki, xanımlar, indiki kişilərdən ehtiyatlı olun, hər qadını başa düşəcək kişi yoxdur, vəssalam, qadınları ətrafına çəkdin, sənə yazacaqlar ki, necə gələk yanına. Bayaq dedim, nə dediyin yox, necə dediyin önəmlidir, insan hiss edir və ona uyğun qiymətləndirmə edir, mexanizm budur. Ona görə hər hiss etdiyimiz düz olmaya da bilər, manipulasiya da ola bilər . Buna diqqət etmək üçün intizam və yaxşı araşdırma lazımdır.

- Son olaraq, bayaq nəzər yetirdim “Pul alətdir, məqsəd deyil” yazısını göz önündə saxlayırsız. Nəyə görə belə düşünürsüz?

- Çünki məndə əvvəldən də belə olub. Azad olmaq həyatda lazım olacaq qədər maddi və mənəvi imkana sahib olmaqdır. Məsələn, mən istəyirəm, velosiped alım və bununla dənizə gedim. Bunun balansını qorumaq mənim üçün azadlıqdır. İstədiyin şeylər var və sən onu necə istifadə edəcəyini bilirsən. Bunun üçün də alət puldur. Yəni ki, ən yaxşı velosipedi ən yaxşı istirahət üçün alırsan. Qiyməti də bahadır standartdan yüksəkdir, amma istifadə imkanlarını geniş edir, hər şey pul deyil, pul heç nədir, mənim beynim elə çalışmır. Çünki kapitalizm dövrüdür, bizim beynimizdə son həddə pul dayanır. Pulu necə istifadə etmək məsələsi var, artıq o sənin mənəvi və özünə yaratdığın imkandan asılıdır. Mən idmanı çox sevirəm, məqsədim budur ki, ölənə qədər formada qalım, istifadə imkanım isə odur ki, premium zalda məşq edim. Burda məqsəd imkandır və yaxşı şeydir, istifadə imkanı isə pula bağlıdır. İkisini birləşdirdikdə balans yaradırsan və ona uyğun şəkildə fəaliyyət göstərirsən.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Tarixin ən məşhur oğurluğu:  Tutanxamona aid artefakt hərraca çıxarılır

Tarixin ən məşhur oğurluğu: Tutanxamona aid artefakt hərraca çıxarılır

14:30 28 iyul 2025
Orta əsr rəssamlarının əsərləri sərgiləndi

Orta əsr rəssamlarının əsərləri sərgiləndi

13:30 28 iyul 2025
Müasirlik yoxsa kökünə arxa çevirmək? - Kamil Əlisoy

Müasirlik yoxsa kökünə arxa çevirmək? - Kamil Əlisoy

13:00 28 iyul 2025
Ankarada "Şuşa" kitabının təqdimatı olacaq

Ankarada "Şuşa" kitabının təqdimatı olacaq

12:24 28 iyul 2025
Kişiliyə hər gün başqa təyinat geyindirən alfa-maskulin qaqaşlar... - Malik AtIlay

Kişiliyə hər gün başqa təyinat geyindirən alfa-maskulin qaqaşlar... - Malik AtIlay

12:00 28 iyul 2025
Castin Timberleykə görə Bakıya gəldi

Castin Timberleykə görə Bakıya gəldi

11:50 28 iyul 2025
#
#
# # #