Mühəndislikdən böyük səhnəyə - Günel Mehri

Mühəndislikdən böyük səhnəyə - Günel Mehri
27 iyun 2023
# 16:45

Kulis.az Günel Mehrinin şair-qiraətçi Xəzər Süleymanlının Yaşıl Teatrdakı konserti haqqında yazdığı "Gecə düşüncəsi" adlı yazısını təqdim edir.

25 iyun, 2023

Aylı, ulduzlu, işıqlı bir gecənin içindən keçirəm. Yaddaşımın trayektoriyasında xoş iz buraxacaq bir gecədir...

“Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı...”

Dənizlə üzbəüz dayanmışam. Sakitcə ləpələnir. Ləpələr Ay işığından gümüşü bərq vura-vura Xəzərin pıçıltılarını mənə ötürür:

“Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki...
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...”

Gözlərim dənizə zillənsə də, əslində bayaq baxdığı konsertin dalğasındayam. Barmaqlarım telefonun sensorunda gəzişir:

Salam, Xəzər.

Salam.

Konsertdən sonra necəsən?

Rahatam... Düşünürəm...

“Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş...”

Xəyalımda yeni yazımın eskizləri cizgilənir. Beynimdə yazının yan-yörəsindən boylanan suallar sıralanır. Birdən konsertdən çıxanda gördüyüm cütlüyün dialoqunu xatırlayıram:

«Səmaya bax. Nə işıqlı gecədir...”
«Hə... Bu axşam röya kimi keçdi... Səmanın gözəlliyi də o gecənin davamıdır elə bil…”

Deyirəm, röya kimi keçdi konsertin, Xəzər. Təbriklər!

Hər şey röya ilə başlamışdı da...

Yadımda...

Yaddaşımın pazlları yan-yana düzülür.

Noyabr, 2022.

Feysbukda qiraətçi Xəzər Süleymanlının paylaşımı qarşıma çıxır:

“Maraqlı bir yuxu görmüşım. Görürəm, Heydər Əliyev Sarayında konsert verirəm. Anşlaqla keçir. O qədər gözəl hisslər içində oyandım ki, qərara gəldim, bunu sizinlə paylaşım. Nə deyirsiz, sarayda musiqili şeir gecəsi edəkmi?”

Və yüzlərlə insanın istəyi ilə həmin röya gerçəkləşir. Özü də nəzərdə tutulduğu kimi bir gün deyil, düz iki gün Heydər Əliyev Sarayı şeirsevərlərlə dolub-daşır.

“Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.”

15-16 yanvar, 2023

Mən də ordayam. “Hicaz” qrupu və Xəzər Süleymanlının vəhdəti canlı musiqiylə poeziyanı elə qovuşdurur ki, zal bu tandemin möhtəşəmliyindən vəcdə gəlib haldan-hala düşür, tərki-dünya olur... Yanan qəlblərə məlhəm olan bir parç sərin su misalı unudulmaz gecə yaşayırıq... Təbəssümə qərq oluruq, kövrəlirik, fərəhlənirik. Hər rəngdə duyğu var burada:bnsani hisslərdən tutmuş, Vətənə sevgiyə, İlahi eşqə kimi...

“Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.”

Gecənin sonunda dolub-dolub boşalmış zal əhli bir növ katarsisə uğrayır və hamı bir nəfərtək ayağa qalxır, vahid əl kimi səhnədəkiləri alqışlayır. Tədbirə damğa vuran isə dəyərli Ramiz Rövşənin nitqidir.

Deyir, Xəzərə minnətdaram. Bəzən unutduğum şeirlərimi onun ifalarında eşidib xatırlamışam. Məncə, bu tədbir təkcə Xəzərin tədbiri deyil, bu, şeiriyyətin qələbəsi, poeziya bumunun təntənəsidir. Və onun ədəbiyyata illərlə belə təmənnasız xidmət göstərməsi ancaq alqışa layiqdir. Təsadüfi deyil ki, Xəzərdən sonra qiraətə maraq çoxaldı və xeyli sayda gənc qiraətçi meydana çıxdı.

Yenidən aramızdakı virtual körpüyə qayıdıram:

Nə hiss edirsən, Xəzər? Bir ildə üçüncü dəfə minlərlə insanı poeziyanın işığına toplaya bildin...

Düzünü desəm, səhnədə düşündüyüm ilk şey bu olur:həqiqətən, bu qədər insan mənə görə buradadır? Əvvəllər də bədii qiaətlə məşğul olan böyük sənətkarlar olub: Həsən Əbluç, Əminə Yusifqızı və başqaları... Amma Heydər Əliyev Sarayında “Hicaz” qrupu ilə hazırladığımız “Məni gözəl xatırla” adlı musiqili poeziya gecəsi qiraət tarixində bir ilk idi. Maraqlıdır ki, həmin sarayın səhnəsində mən birinci dəfə idi çıxış edirdim. Nələr hiss etdiyimi sözlə ifadə edə bilmirəm...

Xəzər danışır. Mənim hafizəmdə isə növbəti pazl canlanır:

May, 2019, Azərbaycan Dövlət Akademik Filarmoniyası.

Vaqif Səmədoğlunun yubiley gecəsidir. Mən də tamaşaçıların arasındayam. Səhnədə bir-birindən dəyərli qiraətçilər əyləşib, növbə ilə şairin şeirlərini səsləndirirlər. Xəzər Süleymanlı da onların arasındadır. Necə həyəcanlıdır... Təəccüblü deyil. Birinci dəfədir ki, belə təntənəli tədbirdə aparıcı qismində səhnəyə çıxır, şeir deyir. O vaxtlar bir çoxları kimi mən də onu sosial şəbəkələr vasitəsilə paylaşdığı qiraətləri ilə tanıyırdım. Anşlaqla keçən tədbir bitəndə alqışlardan bəlli olur ki, həmin gecə o səhnədə Azərbaycan poeziyasının yeni siması doğulur. Bu qəliz zamanda poeziyanı minlərlə insanın həyat tərzinə çevirən sima... Sən demə, nə qədər ehtiyac var imiş, bu qaçaqaç, qovhaqov dünyada beş dəqiqə imkan tapıb əlçatmaz bir liman kimi şeirə, sənətə sığınmağa... Və bu ehtiyacı yavaş-yavaş onun ifaları doldurur.

Bilirsən, uşaq vaxtı mən futbolçu olmaq istəyirdim. Həmişə düşünürdüm, görəsən, necə hissdir: məsələn, 6-7 yaşda futbola başlamaq, sonra kimlərinsə səni kəşf edib hansısa klubun azyaşlılardan ibarət komandasına çağırması, oradan da sevdiyin klublara qədər gedib çıxmaq və milyonların sevgisini qazanmış futbolçuya çevrilmək... Bu arzum reallaşmadı. Amma səsləndirdiyim şeirləri sosial şəbəkələrdə paylaşa-paylaşa düşünürdüm ki, bəlkə bir gün arzuladığım böyük səhnələrə çıxaram... Amma o vaxtlar bu arzum uzaq görünürdü...

Xatırlayıram...

Vaxt o vaxtdır ki, Xəzər Süleymanlı avtomobilinin sükanı arxasında səsləndirdiyi şeirlərlə bəzən ayrılıq acısını, bəzən sevginin şirinliyini, bəzən də həyatın çətinliyini dinləyicilərinə daddırır. Bildiyimiz və adını ilk dəfə eşitdiyimiz klassik və müasir şairlərin misralarını addım-addım, zərrə-zərrə beynimizə mismarlayır, ruhumuza hopdurur. Bəzən yaşadığı duyğuları kiçik video-çarxlarla çatdırır və bu videolar nəinki gənc, həm də yaşlı nəslin diqqətini çəkir. Hətta ana dilimizə bələd olan qonşu millətlər insanlarının Yutubda ən çox baxdığı videolara çevrilir. Aylar ötür, illər dolaşır və Xəzərin səsi telefonlardan efirlərə, efirlərdən böyük səhnələrə yayılır. Ev-ev, kənd-kənd, şəhər-şəhər dolaşıb insanların sevgisini qazanır. Bəzi insanlarda sənətə başqa sahədən gələn Xəzər Süleymanlının ifaları ilə bağlı fərqli düşüncələr, yanaşmalar olur ki, bu da son dərəcə normaldır. Mənə görə, sənət olan yerdə müzakirə var, müzakirə olan yerdə tənqid, tənqid olan yerdə isə inkişaf...

Xəzər mənim düşüncələrimdən xəbərsizcə öz fikirlərini bölüşməkdə davam edir:

Əslində mənə görə, bu həyatda şeir də, sənət də nisbidir. Ən önəmlisi və çətini yaşamağı bacarmaqdır.

Maraqlı yanaşman var. Mənə görə, insan sevdiyi işlə məşğul olanda və gördüyü işə görə ətrafının sevgisini qazananda hədər yerə yaşamadığını anlayır... Səncə, Yaşıl Teatrdakı konsertdən sonra o boyda insanı səhnəyə - səninlə görüşməyə qaldıran hansı duyğu idi?

Hm... Maraqlıdır ki, mən əlimdə mikrofon səhnəyə çıxanda gözümün qarşısında balaca Xəzər canlanır. Elə bilirəm, qoltuğunda ağ-qara topu mənə baxıb gülümsəyir...

Demək, bütün nailiyyətlər balaca Xəzəri sevindirmək üçünmüş... Hə, bir də doğmalarını... Onun birdən-birə mühəndislik karyerasına xitam verməsinə təəccüb edən doğmalarını... Qəribə həyat trayektoriyası var Xəzərin: həvəskar futbolçu, peşəkar mühəndis və minlərlə insanın sevgisinə nail olmuş şair-qiraətçi... Yadıma düşür ki, bu yaxınlarda bir tədbirdən foto paylaşıb yazmışdı: “Aşağıdakı binalar mühəndis kimi ən sonuncu işlədiyim tikililərdir.” O paylaşımı görəndə düşündüm ki, simvolikaya bax... Adam şeir sənəti ilə ucaldığı zirvədə dayanıb arxada buraxdığı keçmişinə təbəssüm edir. Demək, doğru yoldadır. Yaşıl Teatra təşrif buyuran böyük sənətkarlara baxıram: Ramiz Rövşən, Rafiq Əliyev, Flora Kərimova, Nazpəri Dostəliyeva, bir də gecə boyunca şeirləri, qəzəlləri sıralanan şairlərin adlarına: Nəsimi, Ramiz Rövşən, Əli Kərim, Qulu Ağsəs, Aqşin Evrən... Demək, illərlə binaların inşası ilə məşğul olmuş bu peşəkar mühəndis şeirə, sənətə təsadüfən gəlməyib. Gəlib ki, qəlb oxşayan şeirlərlə ruhumuzu inşa etsin. Belə də ki, bütün təsadüflər zərurətdən doğmur ki?..

Bir məqam diqqətimi çəkdi, Xəzər. Hər iki konsertdə səninlə birgə səhnəyə çıxan balaca qızlar...

Hə. Peşəkar xor qrupu deyil. Təklif “Hicaz” qrupunun bədii rəhbəri Eyvaz müəllimdən gəlmişdi. Hamısı bizim ansamblın uşaqları, tanışlarının balalarıdır. Mən də qardaşımın qızlarını gətirmişəm: Nuray və Bahar Süleymanovaları... Bu uşaqlar hələ balacadırlar və illər sonra başa düşəcəklər ki, necə böyük səhnələrə çıxıblar...

Eyvaz müəllim demişkən, kimlərin əməyi vardı bu konsert proqramlarında? Məsələn, fonda çarxlar gedirdi. Hətta çarxlardan birində müxtəlif obrazlarda çəkilmişdin.

Hə. Sağ olsunlar. Eyvaz Həşimovun bədii rəhbərliyi ilə “Hicaz” qrupu, yəni bas gitarada Azad Yusubov, klavişdə Elnur Hüseynov və Yusif Haxıyev, kaman ustası Xalq artisti Elşən Mansurov, tarzən Əməkdar artist Əliağa Sədiyev, solistlər Mətanət Bədəlova, Nahidə Nur, Nicat Rəsulov, Dəyanət Məmmədov, xüsusi qonaqlar Xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanov, uşaq xoru, tədbirin rejissoru Mir Sahib Qabiloğlu, çəkiliş rejissoru Elçin Məmmədov, rejissor assistenti İbrahim Ağazadə, quruluşçu operator Orxan Qurbanov və digərləri... Yəni böyük bir komandanın əməyi var bu layihədə. Bəs sən nə düşünürsən konsert barədə?

Mən... Yaxşısı budur, mən düşüncələrimi yazıya çevirim. Nə deyirsən?

Necə istəyirsən...

Telefonu söndürüb dənizə baxıram... Ay dənizin qoynunda özünə yuva salıb. İşıqlı gecədir. Müşfiqin “Gecə düşüncəsi” beynimin dəhlizlərində gəzişir:

“Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı...”

Xəzər dənizi qarşımda sakitcə ləpələnir. Gülümsünürəm. Məncə, hər insan adına layiq tale yaşayır... Sənət isə yalnız şəxsiyyətlə bütövləşəndə kamilləşir və bu məqam gözü tərəzi olan xalqdan heç cür yayınmır. Əminəm, ölkənin dörd bir yanından Yaşıl Teatra toplaşan insanları ancaq sevgi birləşdirirdi. Və indi o tamaşaçılar sevginin ötürdüyü müsbət enerji ilə konsertdən görüntülər paylaşıb yazırlar: “Var ol, Xəzər, Süleymanlı!”

25.06.2023


# 1657 dəfə oxunub

Oxşar xəbərlər

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

ADU-da “Payızın ortası” – Çin bayramı qeyd olunub

18:00 19 sentyabr 2024
Laçın şəhərində “Arşın mal alan”  filminin nümayişi baş tutacaq

Laçın şəhərində “Arşın mal alan” filminin nümayişi baş tutacaq

17:10 19 sentyabr 2024
Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

Qərbi Azərbaycandakı soyqırımlarından bəhs edən kitab təqdim edildi

16:30 19 sentyabr 2024
Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

Yaponiyada yaşayan ukraynalı Polina hamını təəccübləndirir – Ekstra Müsahibə

15:41 19 sentyabr 2024
"Musiqinin gücü"  layihəsi Milli Musiqi Gününə həsr olundu

"Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olundu

15:21 19 sentyabr 2024
Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

Antiterror əməliyyatı ilə əlaqədar virtual kitab sərgisi hazırlandı

15:04 19 sentyabr 2024
# # #