Akif Əlizadə: "Məsləhət oldu ki istefa verim, Ramiz Mehdiyev gəlsin" - Müsahibə

Akif Əlizadə:   "Məsləhət oldu ki istefa verim, Ramiz Mehdiyev gəlsin" - Müsahibə
10 yanvar 2025
# 12:03

APA “Əsrin yaşıdı” adlı yeni layihəyə başlayır. Layihənin məqsədi qocaman şəxsləri yaşadıqları dövr, şahid olduqları tarixi hadisələr, gördükləri tanınmış şəxslər, keçmiş adət-ənənələr, həyat tərzi barədə danışdırmaq, xatirələrini öyrənməkdir. “Əsrin yaşıdı” layihəsinin ilk qonağı Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadədir.

- Sizin kimi uzunömürlü, həyatı doya-doya yaşamış insanları görəndə möcüzə ilə qarşılaşmış kimi oluram. Fikirləşirəm ki, Allahın verdiyi ömür payına sadiq qalmaq, onu bacardıqca uzun yaşamaq..., bax budur, Allaha əsl ibadət, əsl dua.

- Tamamilə haqlısınız. Lap ürəyimdən xəbər verdiniz. Mən ömür boyu Allah-taalaya şükür eləmişəm. Şükür eləmək çox vacibdir. Narazı qalmaq qətiyyən olmaz. Bilirsiniz necə? Mən rus dilində oxumuşam.

Mir

- Məktəbi?

- Elə hamısını. Məktəbi də, AZİ-ni (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-M.A.) də. Sovet vaxtı idi də. Daha 90 il keçib. Sovet 70 ildən sonra dağıldı, Sovet dağılanda mənim yaşım 70-di.

- Sovetdən təxminən 33 yaş böyüksünüz.

- Hə (gülür).

- 12 yaş da kiçiksiz.

- Elədir. Sözüm onda yox. Nə demək istəyirəm? Lermontovun “Üç palma” adlı şeiri var. Əsas məğzi ondan ibarətdir ki, Allaha naşükür olma. Naşükür oldunsa, Allah əlində olanı da alıb aparar. Onu mən əzbərdən bilirəm.

- Hələ də unutmamısınız. Məktəb vaxtı öyrənmisiniz?

- Xeyr. Atam o şeiri çox sevərdi. Müharibə vaxtı, 41-45-ci illərdə mənim 10 yaşım olanda atam babamla söhbət edərdi, mən də dinləyərdim. Babam şeyxülislam olub. Evdə oturardıq, gecələr... Yəqin ki, siyasətdən söhbət edərdilər. Özü də fars dilində danışırdılar ki, biz başa düşməyək. Amma hiss edirdim ki, maraqlı şeylər danışırlar. Atam da bu şeiri həmişə əzbərdən deyərdi.

(Şeirin məzmununu danışandan sonra bir hissəsini əzbərdən söyləyir).

Demək istəyirəm ki, siz söhbəti həqiqətən yaxşı başladınız. Doğrudan da 91 illik ömrümdə həmişə Allaha şükür etmişəm və inanmışam. Ömür boyu mən günəşə inanmışam, o şüalarını saçmasa da, mən hər zaman sevgiyə inanmışam, onu hiss etməsəm də, mən hər zaman Allaha inanmışam, o, sükuta dalsa da, mən hər zaman insanlara inanmışam, onlar inamı itirsələr də. Bax bu fikir ömür boyu mənim həyat amalım olub.

- Dediniz atanız bu şeiri çox sevirdi. Yəqin ki, atanızla babanızın fars dilindəki sirli söhbətləri həm də zəmanədən şikayət tonunda olurdu. ADR dövrünün şeyxülislamı gəlib ateist mühitə düşmüşdü, gözlərinin qabağında məscidlər dağıdılırdı. Belə bir totalitar şəraitdə atanız da babanız qədər sıxılardı. Bu çətinliklərə rəğmən yenə şükür edirdilər?

- Bəli, şükür edirdilər. Babam Nəcəfdə (İraq- red.) oxumuşdu, ruhani insan, üləma idi. Fars, ərəb dillərini mükəmməl bilirdi, rus dilini az-maz öyrənmişdi.

- Nə əcəb 37-də sürgün edilməmişdi?

- Allahın işidir. Babamın dalınca “KQB” 3-4 dəfə gəlmişdi, nə əcəbsə tutmamışdılar. O, 1944-cü ildə ikinci dəfə şeyxülislam olanda Mircəfər Bağırova şikayətlənmişdilər ki, “Müsavat”ın şeyxini təzədən vəzifəyə qoyursan? Amma Bağırov heç kəsə qulaq asmamışdı. 1944-cü ildə Stalinin qərarı ilə məscidlər təzədən açıldı. O dövrdə babamı yenidən şeyxülislam seçdilər və 1954-cü ildə vəfat edənə qədər fəaliyyətini davam etdirdi.

- Siz özünüz ilk dəfə nə vaxt məscidə getmisiniz?

- Mən birinci dəfə babamla məscidə getmişəm. İndi olmasın, mənə dedi ki, gəl aparım. Məhərrəmlik günləri idi. Mən onda təəccüb elədim.

- Siz axı məktəbdə ateist təhsil alırdınız, babanız isə...

- Babam bizə maneçilik yaratsın, ya dövlətin əleyhinə danışsın, heç vədə etməzdi. O bilirdi ki, Sovet hökuməti yetim-yesir dövlətidir, onları öyrədir. Biz də rus məktəbinə gedirdik. Babam bir dəfə də olsun, hətta mən imtahan verəndə... Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi bizim evin ikinci mərtəbəsində yerləşirdi. Boşluq, sakitlik olurdu deyə mən qalxıb orda imtahana hazırlaşırdım. Bir dəfə də olsun babam mənə deməzdi ki, o nədir oxuyursan, gəl, molla ol. Amma bir-iki dəfə mənə demişdi ki, gəl sənə ərəb-fars dillərini öyrədim, mən vurdum özümü... İndi başa düşürəm ki, böyük səhvə yol vermişəm. Amma evimdə Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Quran var. Haçan darıxsam, başqa kitab oxumaq istəməsəm, Quranı ixtiyari yerdən açıb oxuyuram.

- Əzbər bildiyiniz surə, yaxud ayə var?

- Əsas “Fatihə” surəsidir də. Onu mən bilirəm.

(Fatihə surəsini oxuyur).

- Babanız evdə də Allah, din barədə danışmazdı?

- Yox. Çünki o bilirdi ki, din qadağandır. Heç vədə.

- Uşaq vaxtı babanızın dünyagörüşünə lağ edirdiniz ki, qoca kişidir, geyiminə-keçiminə, düşüncəsinə bax. Belə deyim, müəyyən mənada sizdə Pavel Marozovçuluq olub?

- Yox, eləmirdim. Nə mən, nə qardaşım, nə məndən böyük bibim uşaqları, nə də əmim oğlu heç vədə elə şey eləməzdik. O haqda qətiyyən söhbət olmazdı.

- Bəs küçədə-bayırda sizə qarşı tənə var idi?

- Atama və qardaşıma qarşı var idi. Qardaşım Tibb Universitetində prorektor işlədiyi zamanlar rüşvətin qabağını almaq istəyəndə ona deyirmişlər ki, molla nəvəsi gəlib, bizi işləməyə qoymur. Atam da ehtiyatla dolanırdı. Çünki hər addımda qadağa vardı. Məscidə filan getməzdi.

- 1944-cü ildə məscidləri niyə açdılar?

- Onu şəxsən Stalin yoldaşın qərarı ilə açdılar. Stalin özü seminariyanı bitirmişdi. Öncədən Allaha inanan adam olub. 44-cü ildə düşündü ki, qələbəyə doğru gedir, xalqın ümumi əhval-ruhiyyəsini qaldırmaq üçün bu addımı atdı, məscid və kilsələr açıldı. Çünki onun informasiyası var idi, “KQB”si işləyirdi ki, küncdə-bucaqda olsa da insanlar dinlə məşğuldurlar.

- Bakıda yalnız Təzə Pir məscidi açıldı?

- Bəli.

- Və babanızla məscidə getdiniz.

- Getdim. Orda olan ab-havanın, sakitliyin mənə çox böyük təsiri oldu. Çoxu qocalar idi, mən də uşaq. Fikir verdim ki, qadınlar ayrıdır, kişilər ayrı. Özü də qadınlar yuxarı mərtəbədə otururdu, kişilər aşağı. Babam minbərə çıxdı, moizə elədi.

- Moizəsi yadınızdadır?

- Məhərrəmlik vaxtı idi. Sonra bir-iki dəfə Novruz bayramı vaxtı da məsciddə olmuşam. Amma nə danışdığı yadımda qalmayıb.

- Böyüyəndən sonra da məscidə getmisiniz? Çünki rəhbər vəzifələrdə çalışmışınız deyə bir az düz gəlməzdi.

- Yox, sonralar məscidə getməmişəm, xaricdə olanda turist kimi kilsələrdə olmuşam.

- Yəni heç vaxt məscidə getmək ehtiyacı duymamısınız?

- Xeyr. Amma hər gün səhər idmana çıxanda özüm üçün dua edirəm, onu biləsiniz.

- Ömrünüzün ən gözəl illəri sovet dövründə keçib, üstəlik rəhbər vəzifələrdə çalışmışınız. Özü də sovet hökuməti bir elm adamına nə verə bilərsə, sizə bəxş edib. Həmən dövlətin isə rəsmi ideologiyası allahsızlıq olub. Belə çıxmırmı ki, qəlbinizin dərinliklərində Allaha inanmaqla Sovet hökumətinə xəyanət etmisiniz?

- Bəli, elə çıxır. Rəsmi ideologiya allahsızlığı təbliğ etsə də, ürəyimdə həmişə fikirləşmişəm ki, Allah var. Çünki bu boyda səma, kosmos, Ay, Günəş sistemləri və sair hamısı sonsuz bir yoldur. Sonsuz bir yol nədir? Bunları düşünəndə istər-istəməz o qənaətə gəlirsən ki, yaradıcı qüvvə var.

- Alim, geoloq kimi də belə düşünürsünüz?

- Bəli. Elə şeylər var ki, dərk etmək olmur.

“İsbat etmişəm ki, təkamül Allahın iradəsi olmadan baş verməz”

- Belə çıxır ki, torpaq Allahın varlığını qəbul edir?

- Bəli. Qəbul edir, “Allah var” deyir. Geologiya din baxımından yaranmış xalis möcüzədir. Hətta canlıların təkamülü Allahın varlığını təsdiq edir. Mənim sahəm Paleontologiya olub. Qədim heyvanların qalıqlarını araşdırmışam və isbat etmişəm ki, təkamül Allahın iradəsi olmadan baş verməz.

- Sovet dövründə bunu açıq demək olurdu?

- Açıq demək olmasa da 44-dən sonra dövlətin dinə qarşı münasibəti bir qədər zəiflədi. Düzdür, açıq deyilmirdi, amma bir az yumşalma əmələ gəldi. Amma 44-dən qabaq dindarlara qarşı mübarizə tüğyan edirdi. Mənim yadımdadır, gecə “tıqq” olan kimi atam deyərdi ki, gəldilər kişini aparmağa. Daim o qorxu ilə yaşayırdıq ki, bu gün gəlib babamı aparacaqlar. Üç-dörd dəfə bizim evə gəliblər. Bizim ailədə daim repressiya qorxusu olub.

- Ətrafınızda çox adamı aparmışdılar?

- Çoox. Hətta Mir Mövsüm Ağa üçün gəlmişdilər.

- Yeri gəlmişkən, Mir Mövsüm Ağanın da bacısı nəvəsisiniz.

- Bəli, atamın dayısı idi. Mən uşaq vaxtı onların evinə çox getmişəm. 1947-ci ildə atam rəhmətə getdi, anam soyudu, daha bizi onlara aparmadı. Anlamıram niyə. Amma atam sağ olanda ayda bir dəfə filan gedib baş çəkirdik.

- Nəzir aparırdınız?

- Xeyr, xeyr, Mir Mövsüm Ağa özü mənə, qardaşıma pul verirdi. İkinci mərtəbədə oturardı. Ona deyəndə ki, Akif gəlib, Məsud gəlib, gülərdi. Üzündə çox maraqlı təbəssüm əmələ gələrdi. Başımıza sığal çəkərdi, indi olmasın, pul verərdi. Sonra çıxardıq üçüncü mərtəbəyə, orda çay-çörək yeyərdik. Onda da müharibə vaxtı, ağır illərdi. Xeyli gəlib-gedəni vardı, yəni ümid qapısı idi.

- Əri, oğlu, qardaşı, atası müharibədə olanlar nicat üçün ağanın yanına gəlirdilər?

- Bəli.

- Danışa bilirdi?

- Yox, çox zəif. Mən sizə deyim ki, o irsiyyət mənim bacıma da keçmişdi. Onun da qulağı zəif eşidirdi. Ağır eşitmə nəticəsində bacımın da tələffüzü düzgün deyildi. Ağa kimi danışırdı.

- Siz onu görəndə qorxub edirdiniz, yoxsa ürəyiniz sevinclə?..

- Yox, əksinə, sevinirdik. Həmişə. Daim otururdu, tərpənmirdi.

- Mir Mövsüm Ağanın dəfni yadınızda olar. İştirak etmişdiniz?

- Yox, dediyim kimi həm atam öldü, əlaqələrimiz kəsildi, həm də həmən vaxt mən ali məktəbə hazırlaşırdım, başım qarışıq idi, yox getmədim.

“Mir Mövsüm Ağa haqqında çox əfsanə dolaşır, onların nə qədərinin həqiqət olduğunu bilmirəm”

- Onun barəsində el arasında dolaşan əfsanələr doğrudurmu?

- Bilirsiniz, Mir Mövsüm Ağa haqqında çox əfsanə dolaşır, hamısını təhlil etmək istəmirəm. O əfsanələrin nə qədərinin həqiqət olduğunu bilmirəm. Amma bir şeyə əminəm ki, Ətağa cəddinə inam gətirən, onun cəddini çağıran insanlar istədiklərinə nail olublar. Hətta başqa millətlərdən olsalar belə.

- Siz özünüz də onun cəddini çox çağırmısınız?

- Bəli. Bir dəfə mən xaricdəydim, cəddini çağırdım, açıldı yollar.

- Gələndən sonra da türbəsini ziyarətə gedib nəzir vermisiniz?

- Bəli, Şüvəlana.

- Mir Mövsüm Ağanın sağlığında da əfsanələr dolaşırdı?

- Sağlığında çox dolaşmırdı. Öləndən sonra yayıldı. Bəzi şeylər ola bilər uydurmadır, deyə bilmərəm. Amma mən özüm həyatımda onun cəddini hiss etmişəm. Danışım da sizə. Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, iki gün qabaq bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb. Amma fikirləşdim ki, eybi yox, hoteldə səhər yeməyini yeyəndən sonra onsuz Moskvaya uçasıyıq. Orada xərcləməyə rublum var idi. Səhər oyandıq, gördük dumandan göz-gözü görmür. Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa. Özüm də susamışam.

- Və dua edirsiniz.

- Hə, dua edirəm. Bir də gördüm, ay seyid, bir gün çıxdı... Gözlərim yaşardı. Dedilər samalyot gəlir, sevinc doldu ürəyimə. Olub, çox olub. Əşşi, birini də danışacam. Burda direktor olduğum vaxtlardır, Amerikaya səfərim var.

- Artıq müstəqillik illəridir?

- Bəli.

- Yuqoslaviya söhbətində isə cavan adamsız, yəni sovet illəridir?

- Bəli- bəli.

- Davam edin.

- Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka (paslanmayan dəmir-M.A.) pilləkən lazımdır. Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Şoferə dedim, sür Sabunçuya, orda bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm orda dörd dənə mən istəyən nerj. Dördü də bir-birinin yanında qoyulub, gəl apar... Cəddin çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə... Ona mən çox inanıram. Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır.

- Atanızın xalası baxırdı də ona?

- Bəli. Atamın kiçik xalası. Heç vaxt ərə getməmişdi, məhz ona baxırdı.

- Özü də evlənməmişdi?

- Yox, özü evlənə bilməzdi.

- Dəfnində adam çox idi?

- Böyük izdiham vardı. Camaatın inanc yeri itdi. Bütün Bakı kədərə qərq olmuşdu. Adamlar onun vasitəsilə ruh rahatlığı tapırdılar.

- Bəs atanız niyə tez vəfat etdi?

- Ürəkdən.. İnfarkt oldu.. Onda mənim 13 yaşım vardı... Səhər oyanıb gördüm ki... Böyük qardaşım...

(Kədərlənir, danışa bilmir, mən də israr etmirəm).

- Qardaşınız da qətlə yetirilib. Niyə?

- Bilmirəm. Deyirdilər ki, kimsə bir-iki il Tibb İnstitutuna sənəd verib, keçməyib. Sonra da guya təqsiri qardaşımda görüb, obrez (lüləsi kəsilmiş tüfəng – M.A.) götürüb gəlib otağında qətlə yetirib.

-

Akif müəllim, bu uzun ömrün daha çox hansı illərini xatırlayırsınız?

- Mən müharibədən sonrakı 50-70-ci illəri zəmanəmizin qızıl əsri hesab edirəm. Bu dövr Sovetlərin ən gözəl illəridir.

- Artıq müharibənin fəsadları aradan qalxdı...

- Gənclər üçün geniş bir yol açıldı. Əgər sənin yaratmaq, öyrənmək, elm və xalq üçün nə isə etmək istəyin, həvəsin var idisə, hər cür imkan yaradılırdı. Əsas o idi, sən istəyəsən.

- Bəs babanızdan, ata-anasızdan, qohum-qardaşlarınızdan kimləri daha çox xatırlayırsınız?

- Elə dediyim o dövrü xatırlayıram, konkret adamı xatırlamıram. O dövran nəinki mənə, bütün gənclərə böyük imkan yaratdı. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu il sıçrayış anı idi. O gəldi, nəinki mənə, bütün gənclərə imkan yaratdı. Bu mənim həmişə hafizəmdədir.

- Nə əcəb memuar yazmamısınız?

- Eee... istəməmişəm. Mənə təklif edilib, amma... Bilirsiniz, memuar yazmaq üçün gərək nəyisə etiraf edəsən. Hesab edirəm ki, bu saat buna lüzum yoxdur.

- Yəni etiraf etməli nələrsə var, amma bölüşməyi lüzum görmürsünüz.

- Bəli.

- Belə fikir var: “Mənimlə qəbrə gedəcək”.

- Onsuz çox şeylər açılıb, deyilib, qalanları da elə mənimlə gedəcəklər.

- Etiraf etməli çox şey var?

- Yox, sadəcə ehtiyac bilmirəm.

“Mən qadınlar barədə çoxlu şeir deyə bilərəm”

- Dediniz 50-60-cı illəri ən fərəhli dövr hesab edirsiniz, yeniyetməlik illərinizə təsadüf edir. Qadınlarla münasibətiniz necə olub?

- Çox gözəl, centlmen kimi.. Mən qadınlar barədə çoxlu şeir deyə bilərəm.

- Bəs sizi evdə qısqanmırdılar?

- (Gülür). Yox, sadəcə yoldaşım deyərdi: “Опять о женшинах? Yenə qadınlardan danışırsan?”

(Puşkindən rusca şeir deyir).

- Belə başa düşdüm siz qadınların ürəyini elə şeirlə fəth eləmisiniz.

(Qəhqəhə çəkir).

- Mən bunu hər dəfə stol arxasında, yeyib-içəndə deyirəm, qadınlar yıxılır də.

- Yeyib-içən olmusunuz?

- Xeyr. İçkidən istifadə eləmişəm, amma qaydasında. Heç vədə artıq yeyib-içməmişəm. Siqaret isə heç vaxt istifadə etməmişəm. Tam sağlam bir həyat yaşamışam.

“Tutalım qış ayıdır, soyuqdur, qar yağır, evdə də yaxşı yemək var, onda bəzən qaydası ilə spirtli içki qəbul edirəm”

- Niyə soruşdum? Bir dəfə Maqsud İbrahimbəyovla söhbət zamanı məsləhət verdi ki, şəhərdə yaşayıb zehni əməklə məşğul olan şəxs həftədə bir dəfə mütləq spirtli içki qəbul etməlidir.

- Yox, içirəm. Bilirsən necədir? Tutalım qış ayıdır, soyuqdur, qar yağır, evdə də yaxşı yemək var, onda bəzən qaydası ilə spirtli içki qəbul edirəm. Həkimlər də tövsiyə edir. Eləmək olar, amma həddi var. Babamın da vəsiyyəti bu idi. Bir sözü vardı: Bir şey ki, əndazədən çıxdı, qurtardı.

- 91 yaşda da yenə işinizin başındasınız, yorulmursunuz, yenə sənəd-sünədlər qarşınızdadır.

- Yorulmuram, yox, ilk gündəki kimi eyni templə işləyirəm. Məni bura Heydər Əliyev təyin edib. O vaxtı direktorları kişi özü təyin edirdi. Mənə dedilər ki, get, 10 dəqiqə gir-çıx, səni qəbul edəcək. Getdim, 50 dəqiqə məni saxladı, danışdıq. Rusca yaşımı soruşdu. Dedim 42. Dedi, neçə ildir Akademiyada işləyirsən? Dedim 20 il. Dedi, gəl otur. Keçdim oturdum, başladıq söhbət etməyə.

- Nədən danışdınız?

- Çox söhbət oldu. Elmdən, elmdə kadrlardan, neft və neftin gələcəyindən danışdıq. Mənim düşüncələrimi soruşdu, ümumiyyətlə, kollektivdə, akademiyadakı vəziyyətdən danışdıq.

- Şəxsi sual verdi?

- Verdi. Ailədə nə var, nə yox, soruşdu. Qardaşımın ailəsini soruşdu. Qardaşım komsomolun birinci katibi olmuşdu, Heydər Əliyev onu tanıyırdı.

- Onda qardaşınız artıq sağ deyildi?

- Yox, sağ deyildi.

- Yəqin, sizin şeyx nəvəsi olduğunuzu da bilirdi?

- Əlbəttə. Hətta cənab Prezident İlham Əliyev qəbul edəndə də mən özümdən danışmağa başladım, dedi, lazım deyil, mən sizi yaxşı tanıyıram.

“Belə məsləhət oldu ki, Akademiyanın prezidenti vəzifəsinə Ramiz Mehdiyev gəlməlidir”

- Hər zaman gümrah, işinizin başındasınız. Nə əcəb AMEA-nın prezidentliyindən istefa verdiniz?

- Belə məsləhət oldu ki, Ramiz müəllim (Ramiz Mehdiyev – M.A.) gəlməlidir.

- Özünüzə qalsa, işləyərdiniz?

- Əlbəttə, yaxşı planlarım vardı, yaxşı da işləyirdik, camaat da razı idi. Akademiyanın nüfuzu qalxmışdı, mən Akademiyanın gəncliyini qaldırmışdım, çünki özüm kimi gəncləri görürdüm.

- Amma müstəqillikdən sonra sanki Elmlər Akademiyası tənəzzül zolağına girdi, hələ də çıxa bilmir.

- Bilirsiniz, elm ilk növbədə dövlət diqqəti və maliyyə istəyir. Stalinin bir sözü vardı, elmə və təhsilə simiclik etmək olmaz. Müstəqillik vaxtı Azərbaycan ağır vəziyyətə düşdü. Heydər Əliyev gəlməsəydi, hələ bilinmir Azərbaycanın başına nələr gələrdi. Həmin illər ağır illər idi, amma buna baxmayaraq, yavaş-yavaş elmə diqqət göstərilirdi. Sadəcə zaman kəskin sürətdə dəyişdi, şərait, münasibət əvvəlki olmadı. Bazar iqtisadiyyatında hesab olunur ki, elm lazım deyil, amma elm həmişə dövlətə lazımdır. Belə məsələlərə görə də gəncliyin elmə gəlişi çox əfsus olsun ki, axsayır.

- Sizcə, nəyə görə?

- Pul, maaş yoxdur.

- Bəs siz gənc olanda necə idi?

- Yüksək idi. Sovet vaxtı rütbən artdıqca maaşın xeyli artırdı. İndi “phd” müdafiə edəndə belə maaş çox cüzi artır. Stimul yoxdur, itib.

- Nə əcəb bu məsələləri yuxarı dairələr qarşısında qaldırmırsınız?

- Qaldırmışam. Sadəcə bilirsiniz, dövlətimiz uzun sınaqlardan keçib. Şükür Allaha, Qarabağ problemi aradan qalxdı. Bundan sonra inanıram ki, elmə də lazımi diqqət ayrılacaq.

“Stalin öləndə məyus olmuşdum”

- Stalinin adını çəkdiniz. 50-ci illərdən sonranı əvəzsiz zəmanə hesab etməyinizdə Stalinin ölümünün və Xruşşov yumşalmasının da rolu ola bilərdi?

- Bəli, gənclərdə xof getdi.

- Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında bir yer var: Personajlardan biri qatarda gedərkən Stalinin ölüm xəbəri çıxır, tez qaçıb, qatarı durdurur. Elə bil, Sovet dövləti qatarın timsalında bir anlıq diksinib dayanır. Deyirlər, Stalin öləndə hamı ağlayırmış.

- Hamı ağlayırdı, düzdür.

- Siz də ağlamışınız?

- Yox, mən ağlamamışam, amma dərsdən gəldim, gördüm qardaşım çarpayıda uzanıb ağlayır. Gənc idim, məyus olmuşdum ki, bu böyük dövlətə kim rəhbərlik edəcək, necə olacaq?! Amma Xruşşov seçiləndə şəxsən çox məyus oldum. Məndə həmişə güclü intuisiya olub. Fikirləşirdim ki, Xruşşovdan rəhbər çıxmaz, çıxmadı da.

- Yeri gəlmişkən, cəmiyyətdə o dövrdə Mircəfər Bağırova nifrət vardı? Hər halda 20 ilə yaxın Bağırovun rəhbərliyi altında yaşamışınız, bunu sizdən yaxşı bilən olmaz.

- Yox, nifrət yox idi, amma cəmiyyətdə bərk qorxu var idi.

- Bağırovla bağlı birmənalı fikir söyləmək olmur. Sizin münasibətiniz necədir?

- Bunu çox fikirləşməmişəm, amma iki cür yanaşma var. Həm çox böyük nizam-intizam, məsuliyyət, fəaliyyətdə subordinasiya vardı, hər şey qayda-qanun çərçivəsində idi. Amma hiss edirdim ki, camaatda qorxu var, qorxu ilə yaşayırlar. Hesab edirəm ki, bu düzgün deyil, amma eyni zamanda, nizamsızlıq da xaotik şərait yaradır və bu cəmiyyətin həm yaşamasına, həm də inkişafına təsir edir.

- Donosbazlıq da çox olardı.

- Belə hallar var idi, amma onda dərk etmirdim. İndi arxivlərdən oxuyuruq. İndi-indi arxivlər açılır, oxuyuruq ki, o dövrdə hakimiyyət uğrunda Politbüroda da davalar gedirmiş. O qədər gizlin şeylər vardı ki, bilmirdik.

- Müharibə dövrü deyildiyi kimi ağır keçirdi, yoxsa, az da olsa dolanışıq var idi?

- Çoox... Dəhşətli illər idi. Sadəcə Bakı neft diyarı olduğundan bura təchizat vardı, çox şeylə təchiz olunurdu, hətta ərzaqla da.

- Gündəlik nə yeyirdiz? Ət yeyə bilirdinizmi?

- Bazarda ət olurdu, rəhmətlik babam, onda hələ şeyxülislam təyin edilməmişdi, qorxa-qorxa Kömürçü bazarına gedib 1 girvənkə ət alardı, evdə bozbaş bişirərdilər. 1 girvənkə də 400 qram idi. Qənd filan yox idi. Atam 10 manat verərdi, 1 dənə qənd də 1 manat idi, gedib 10 dənə alardım. Atam da 3-3 aramızda bölərdi. Çox çətin, ağır günlər idi. Özü də babam dindar olduğundan kolbasa, konserv yeməzdi. Ona görə də səhhəti kəskin düşməyə başlamışdı. O, şeyxülislam seçiləndə Moskvada Sülh Komitəsinin üzvü kimi Avropaya gedib-gəlməyə başladı. Oranın yeməklərini yeyə bilmirdi, iyrənirdi. Hər dəfə səfərdən arıqlayıb gəlirdi.

- O dövrün toy, yas adətləri necə idi, indikindən kəskin fərqlənirdi?

- Çox kasıb keçirdi. Çadır qurmaq nə, toyu şadlıq evində etmək nə idi! Toya uzaqbaşı 50 nəfər gələrdi. Mənim, qardaşımın toyu evimizdə 50 nəfərlə keçib, 3 nəfər də çalançı vardı. Mənim toyuma Gülağa Məmmədov gəlmişdi, bir də Bülbül rəhmətlik anam tərəflə qohum idi, tamadalığı o edirdi. İndiki toylarda 300 nəfər yığırlar, bilinmir kim kimdir, belə şey olar?

- Yaslar necə keçirdi?

- O da təmtəraqsız, sakit... Özüm qulaq şahidiyəm. Anamın adı Əfşan idi, çox ağıllı qadın idi, atamdan sonra bizi elə böyütdü ki, heç nəyə ehtiyacımız olmadı, çətinliyimiz olmadı. Babam da gəlinini çox sevərdi. Anama demişdi ki, Əfşan, sənə tapşırıram, bir 3, bir də 40 verərsən, cümə axşamı zad yoxdur, başqa heç nə lazım deyil.

- Akif müəllim, adətən yaşlılar gəncləri bəyənmir. Amma siz 50 yaşınızda, bir nəsil görmüsüz, 60 yaşınızda başqa, 70-də tamam başqa... Deməyim odur ki, bu nəsillərdən hansını daha çox itirilmiş hesab edirsiniz?

- Heç vədə atalar oğulları ilə razılaşmayıb, böyük nəsil kiçik nəsildən razı olmayıb. Həmişə belə olub. Deyir ki, heç vədə sən düşünmə ki, sənin övladın sənin övladındır, xeyr, o, zamanın övladıdır. Məndə də gəncləri bəyənməmək hissiyyatı var. Evdə də adətən rusların “Nostalgiya” kanalına baxıram. Orada həmişə köhnə filmləri, verilişləri verirlər. Bu gün səhər də “Brilyant əl” barədə 20-25 il əvvəl çəkilmiş verilişi verirdilər. Baxdıq-baxdıq, yoldaşıma dedim, gör e, necə gözəl aktyorlar, sənətkarlar olub! Necə gözəl kinokadrlar, məzmunlar var imiş. Əlbəttə hamıda belə fikir olur ki, keçmiş həmişə gözəldir. Amma yenə də hesab edirəm ki, hər gəncliyin öz dövranı, özünə xas şəraiti olur və gəncliyin borcudur ki, öz şəraitini düzgün qiymətləndirsin, həyatını düzgün qursun. Həyatda gərək elə yaşayasan ki, həyatdan gedəndə həm özün razı gedəsən, həm səndən razı qalsınlar.

- Nəyəsə görə peşmansınız?

- Bir şeyə peşmanam. Nə üçün insan ömrü azdır, çatdıra bilmirsən, nə isə etmək istəyirsən, görürsən ki, imkan yoxdur, ürəyində qalır.

“Mənim tələbələrim var ki, 70 yaşlarına çatıblar, mənimlə işləyirlər, bununla fəxr edirəm”

- Bundan sonra nə qədər yaşasanız həyatdan doydum deyərsiniz?

- Mən demirəm ki, həyatdan doymamışam. Allah-taala, dövlətimiz, rəhbərliyimiz mənə imkan verib, elmdə istədiyimi, bacardığımı etmişəm, göstərmişəm, gəncləri böyütmüşəm. Mənim tələbələrim var ki, 70 yaşlarına çatıblar, mənimlə işləyirlər. Bununla fəxr edirəm. Dövlətimiz bu gün müstəqildir, inkişaf gedir, dövlətimin imzası imzalar içində var. Bundan böyük xoşbəxtlik, səadət ola bilməz. Amma anamın sözü yadımdadır... Anam yaşlanmışdı. Bir dəfə bağda olanda gördüm asta-asta gəlir. Dedim, bir az tez-tez gəl, ana, nə olub? Qayıtdı ki, yorulmuşam artıq, qurdla qiyamətə qalmayacağam ki... İndi fikirləşirəm, düz deyib. Hər şeyin bir vaxtı var, gəldin, yaşadın, yaratdın, bacardın...

- Yəqin dünyada getmədiyiniz yer qalmayıb.

- Demək olar ki, hə.

- Daha hara getmək istəyərdiniz?

- Afrikaya getməmişəm (gülür). Ora gedərdim...

Foto - İlkin Nəbiyev

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

"Xozeyn" ləqəbli tiktoker həbs edildi

"Xozeyn" ləqəbli tiktoker həbs edildi

16:36 10 yanvar 2025
Lətifədən ailə üzvlərinə qadağa

Lətifədən ailə üzvlərinə qadağa

15:50 10 yanvar 2025
Sovet havalı, molla təfəkkürlü elm adamı - Bu da bizim akademikimiz...

Sovet havalı, molla təfəkkürlü elm adamı - Bu da bizim akademikimiz...

15:10 10 yanvar 2025
Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"

Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"

14:38 10 yanvar 2025
Direktor:  "Azər Baxşəliyev özü orqan nəqlindən imtina etdi, bununla bağlı ərizə var"

Direktor: "Azər Baxşəliyev özü orqan nəqlindən imtina etdi, bununla bağlı ərizə var"

14:05 10 yanvar 2025
"Çığırtı 7"  filminin çəkilişlərinə başlanıldı

"Çığırtı 7" filminin çəkilişlərinə başlanıldı

12:41 10 yanvar 2025
#
#
# # #