"Laçınım" mahnısının sözlərini kim yazıb? - Açıqlama

"Laçınım" mahnısının sözlərini kim yazıb? - Açıqlama
28 avqust 2023
# 16:49

Xəbər verildiyi kimi Azərbaycanda "Laçın Günü" keçirildi. Laçın dağlarından bu gözəl diyarın himninə çevrilmiş "Laçınım mənim" mahnısı səsləndi. Laçın həsrəti ilə yanıb-tutuşan, o dağların eşqi ilə yaşayan şəlalə səsli Məhəbbət Kazımovun özü gedə bilməsə də, səsi getdi göz açdığı torpaqlara. 30 ilə yaxındır dillərdən düşməyən bu gözəl mahnı necə yaranıb?

Kulis.az xəbər verir ki, mahnının sözlərinin müəllifi kimi üç nəfərin adı hallanıb: əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslan.

Araşdırmalar nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu məlum olub.

“Mən əslən Laçının Misni kəndindənəm. 65 yaşım var. 1976-1981-ci illərdə Bakıda Lenin adına Pedoqoji İnstitutunun coğrafiya ixtisasını bitirmişəm. Hazırda müəllim işləyirəm. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. Bu şeir 1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazılıb. Mənim qaçqınlıq dövründə şeirlərim çox idi. Bu şeirin adı “Laçınım sevincim, kədərim mənim” idi. Laçının işğalının birinci ildönümü ilə əlaqədar yazılmışdı. Məhəbbət Kazımovla tanışlığımız mahnı bəstələnəndən sonra olub. O, mahnını ilk dəfə 1997-ci ilin sonlarında Füzulidə əsgərlərin qabağında oxuyub. O, efirdə oxuyanda dəftərimi götürüb baxdım ki, mənim şeirimdir, amma sözlərin yerlərini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan xahiş elədim ki, bizi görüşdürsün. Bilmək istəyirdim bu şeiri haradan əldə edib. Burada bir haşiyə çıxım. 1994-1995-ci illərdə mən “Təzadlar” qəzetində 6 ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə üç şeir vermişdim, o şeirlər redaksiyadan yox oldular. Kimsə götürmüşdü. Mən şeirin Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin Rəhimov verib, dedi ki, araşdıracam. Sonra Fəxrəddini də çağırdı, məni də, bizi üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə sübut olundu ki, şeir mənimdir. Fəxrəddin sadəcə sözləri dəyişib. Şeir Fəxrədinin əlinə keçib, verib Məhəbbət müəllimin yeznəsinə. Sonralar Könül xanımın da iddiası səsləndi. Məni təəccübləndirən odur ki, niyə Fəxrəddin və Könül 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər bu söhbəti eləmirdilər, öləndən sonra danışdılar. Məhəbbət elə şəxs idi ki, əsla yalan danışmazdı. O, məğrurluğun, kişiliyin rəmzi idi. Nə vardısa, sözü üzə deyərdi, indi belə insanlar çox azdı. O heç vaxt başqasının beyin məhsulunu öz adına çıxa bilməzdi. Haqqın tərəfdarıydı o kişi. Sonralar “Min bir mahnı” adlı bir kitab çıxmışdı, o kitabda “Laçınım mənim” mahnısının sözlərinin müəllifi kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi. Müəllifin kimliyini bilməyib onun adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə danışmış, o da "şeir mənim deyil" demişdi. O, kitabların hamısını satışdan yığışdırıb, yenidən dərc etdirdi və mənim müəllif kimi adımı ora saldırdı. Sonralar da Müəllif Hüquqları Agentliyinə müraciət edərək bu mahnının söz yazarı kimi müəllif hüquqları agentliyində adımı yazdırıb. Bir neçə sözün yerini mahnının ahənginə uyğun olsun deyə dəyişmişdi, onun da razılığını, halallığını məndən aldı. O, Könül xanımın yazdığı mahnıya, onun gözü bax-baxa “mənimdir” deməzdi. Zəng vurdu mənə, Könül xanım da yanındaydı, dedi ki, qardaşoğlu, balaca bir dəyişiklik eləmişik. Cavab verdim ki, o sadə bir şeirdi, sizin səsiniz onu gözəl edib, sizə həvalə edirəm. Hələ də qulağımdadır səsi, qayıtdı ki, başqasının sözünü öz adma çıxsam, bu nakişilik olar".

Osman müəllim adının bəzən mediada "Osman Alovlu" kimi yazılmasına da münasibət bildirib:

“Bəziləri elə bilir ki, təxəllüs götürmüşəm. Mən "Alovlu" deyiləm, sakit bir kişiyəm, odla, alovla işim yoxdur. Soyadım Alıyevdir, Məhəbbət Kazımov mənim adımı Müəllif Hüquqları Agentliyinə "Alıoğlu" kimi təqdim etdirmişdi. Hələ bir dəfə gülə-gülə dedi ki, mənim də adım Möhübbətdi, "Məhəbbət" eləyiblər. O vaxt AzTV-də gözəl diktorumuz Roza Tağıyeva onu "Məhəbbət Kazımov" kimi təqdim eləmişdi, sənəddə adı Möhübbətdir, qardaşları Qənimət, Əhliyət də təsdiq edər. Bizim rayonda "Məhəbbət" kişi adı yoxdur, Möhübbət olub, Məhəbbət olmayıb”, - deyə o bildirib.

Laçın günündə mahnının sözlərini fərqli şəkildə eşitdik, müğənni Ehtiram Hüseynov “Laçınım mənim”i fərqli sözlərlə oxudu, daha həsrət, ayrılıq nəğməsi deyildi o. Osman müəllimin bundan xəbəri varmı? Sualımızı cavablandıran müəllif bildirdi ki, yeni sözləri onun həmyerlisi, jurnalist Şərif Ağayar yazıb:

“Şərifin yazdıqlarını oxudular. Etirazım, iradım yoxdur, əsas odur Laçın azaddır. Ora dönəcəyimiz günü səbirsizliklə gözləyirəm”,- deyə Osman müəllim qeyd edib.

O, hazırda Qaradağ rayonunun “Ümid” qəsəbəsində yaşayır. Laçına qayıtmaq daha ümid, arzu deyil, reallıqdır. Laçın öz sakinlərinə qucaq açıb, yol gözləyir. Tezliklə bütün ellərində, obalarında ocaqlar tüstülənəcək, toylarında bu hava səslənəcək. İndi daha nisgili yox, unudulmamalı olan bir tarixi hayqıracaq “Laçınım mənim”.

Lent.az

# 2988 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #