Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız
25 aprel 2024
# 09:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Aktyorlarımız niyə filmlərə baxmırlar?" adlı yeni yazısını təqdim edir.

Asif Ata danışırmış. Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu dövrdə Səməd Vurğun Moskvaya gəlir. Orada oxuyan azərbaycanlıları başına yığıb restorana aparır, qonaqlıq verir. Məclisdə tez-tez yarı zarafat, yarı ciddi gənc şair, yazıçılara məsləhət verirmiş ki, oxumayın, quruyarsınız. Asif Ata sonda bu söhbətə maraqlı bir şərh verir. Deyir, onlar da oxumadılar, qurudular.

Dünən APA-da aktyor Səmimi Fərhadla müsahibə yayımlanıb. Əvvəla onu deyim ki, Səmimi Fərhadı “Nar bağı” filmindən tanıyıram. Orada yaratdığı obraz, insafən, xoşuma gəlmişdi. Məncə, Səmimi bəy aktyor kimi kifayət qədər fakturalıdır və onun gələcəkdə də maraqlı rollar yaradacağına inanıram.

Mövzu Səmimi Fərhad bəyin APA-da yayımlanan müsahibəsidir. Aktyor deyir ki, kitab oxumur. Vaxtı yoxdur. Səbri çatmır. Jurnalist Nihat Pir sonuncu dəfə hansı kitabı oxuduğunu soruşur, müsahib cavab verə bilmir. Bircə kitab adı belə çəkmir. Daha sonra deyir:

“Yox, qardaş, sən məndən elə şeylər soruşma, yadıma düşməz, vallah. Oxumuşam, yarı-yarımçıq, hansısa tədbirdə kiminsə kitabı bağışlanır, vərəqləmişəm, baxmışam, sonra atmışam qırağa.”.

Nihat bəy bu dəfə filmə baxıb-baxmadığı barədə soruşur. Normalda bir aktyora belə sual verməzlər, çünki aktyorun işi filmə baxmaqdır. Amma siz cavaba baxın:

“Düzü, mən bir az hövsələsiz adamam. Mütaliə bir yana, heç filmə də baxmağa hövsələm yoxdur. Bir də qorxuram. O mənada qorxuram ki, nəyisə oxuyaram ya baxaram və o mənim təhtəlşüurumda qalar, sonra təkrarçılıq edərəm. Ona görə çalışıram ki, nə tapıramsa, nə eləyirəmsə, vəziyyətə uyğun öz münasibətimi sərgiləyim… Kitabı deyə bilmərəm, amma axırıncı baxdığım filmi deyə bilərəm. “Dark” serialı. 3 sezon idi, hamısına baxdım”.

Acınacaqlı mənzərədir. Bir aktyor, özü də istedadlı, perspektivli bir aktyor mütaliə etmədiyini, filmlərə baxmadığını deyir. Elə bil bir idmançı deyir ki, mən yalnız yarışlara çıxıram, məşq etməyə vaxtım yoxdur. Bir aktyor necə kitab oxumaya, filmə baxmaya bilər? Bu axı onun işinin bir parçasıdır. Deməli, vaxt tapmaq onun borcudur. Hə, desə ki, balığa getməyə vaxtım yoxdur, uşaqlarıma zaman ayıra bilmirəm, bunu anlamaq olar. Amma əgər sən sənət adamısansa, mütaliə də, filmə baxmaq da sənin işinin tərkibidir. Belə pis çıxmasın, mənim heç kinoya aiddiyyətim yoxdur, iki daşın arasında vaxt tapıb dünyanın nüfuzlu festivallarında fərqlənən filmlərə, tanınmış rejissorların yeni işlərinə baxmağa, sonra onları dostlarla müzakirə etməyə çalışıram. Daha kitablar barədə danışmıram.

Mən Səmimi bəyin üzərindən misal gətirdim, inciməsin, amma həqiqətdə əksər sənət adamlarımız eyni vəziyyətdədir.

Danışdıranda görürsən ki, oxumur, filmlərə baxmır, məktəb vaxtı, institut dövründə nə oxuyubsa, nəyə baxıbsa, bu yaşa da həmin baqajla gəlib çıxıb, yəni boş.

Əgər sosial mediaya fikir versəniz, görəcəksiniz ki, yenə də az-çox, oxuyan, filmlərə baxan, çağdaş sənətlə maraqlananlar elə adları bədnam yazı-pozu adamlarıdır.

Əgər aktyor filmə baxmırsa, deməli, kino sahəsində yeni nə baş verirsə, ondan xəbərsizdir, oxuyub biliklərini, dünya görüşünü zənginləşdirmir. Sonra deyirik, bizim aktyorların əksəriyyəti niyə bu qədər dayazdır. Mən dayazlıq yazdım, əslində, düşüklük olmalıdır. Gedin xarici aktyorlara, sənət adamlarına baxın, sosial media hesablarını izləyin, bütün günü oxuyurlar, filmə baxırlar, evləri kitabla aşıb-daşır. Ağızlarını açanda da dürr tökülür.

Uzağa getməyək, adicə türk seriallarında silahtutan obrazında ora-bura qaçan hansısa "Məmati"nin sosial media hesabına baxırsan, adamın nə qədər savadlı, dünya görüşlü olmasına heyrət edirsən.

Heyif, çox heyif, bizimkilər bu sadə həqiqəti görmək istəmirlər.

Yoxsa Səməd Vurğunun məsləhətinə əməl edirlər?

Oxumasalar, quruyacaqlar.

# 3799 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #