"Kəpənək donunu soyundu bir qız..." - Vidadi Həsənov

"Kəpənək donunu soyundu bir qız..." - Vidadi Həsənov
1 dekabr 2023
# 14:50

Kulis.az Vidadi Həsənovun yeni şeirlərini təqdim edir.

...Zalım gecələrdə
Ay şəkli çəkərəm
göy üzünə,
körpə təbəssümü ilə
doğular səhər günəşi -
xoşbəxtlik də belədi...

***

...Sərçə balası boyda
bir ürək çırpınır
kolların arasında,
yarpaq-yarpaq tökülür
payız yağışı -
qürub qorxudur məni...

***

...Qarğalar,
qara buludlar kimi
qara qarğalar,
ağ lələklər tökülür
tökülür göy üzündən -
xəzan vaxtıdı...

***

...Kəpənək donunu
soyundu
bir qız,
qəfil şahə qalxdı
vəhşi bir ayğır -
mart ayıdı...

***

...Yanımdan
mart səhərinə oxşar
bir qadın keçdi,
havalandı
günahların ağ yelkəni -
bu an, bir an çəkdi...

***

...Sən mənə
nifrət edəcək qədər
ağılsız,
mən səni
unudacaq qədər sərsəm -
göydən dəyənək yağacaq...

...Kirpiklərində
dünənki gecənin
şəhvəti,
dünənki sevgi
artıq keçmişdi -
vidalaşmadan getmə...

***

...Həqiqət
nə acıdı
nə də şirin,
yalanlarsa
sadəcə, gözəldi -
sevgi yoxdursa...

***

...Bu kədər
ərini itirmiş
qadın kimidi,
bu qadın necə də
öz kədərinə oxşayır -
bir körpə ağlayır...

***

...Sırğagülü rəngində
bir qız yanağından
öpüb qaçasan,
qaçıb baş vurasan
suqovuşana -
heyif, üzə bilmirəm...

***

...Şanapipik
uç get burdan
ağılsız quş,
yemişan qoxuyur
qara sevda rüzgarı -
yol saçını salxım söyüd...

***

...Qocalıq
ayaqdan başlayır
sən demə,
yaxşı ki,
balıq deyiləm -
corablarımı yuyum gərək...

***
...Burda
sükutdan başqa
heç kim yoxdu,
qaranlıqdı
bir də mən -
mən də ki, heç...

***

...Qorxunc dalğalarla
çarpışıb-vuruşan
tənha qayıq,
bu sıldırım qayalar
səni gözləyir -
sən qurbanlıqsan...

***

...Uçuş xəttində
çapalayan
yaralı bir quşa baxır,
təyyarəyə gecikən
bəxtsiz bir sərnişin -
taleyin kələfi dolaşıb...

...Bu boş kətil
bu sallanan kəndir
bu da kül olmuş əlyazmalar,
bu isə saman tayasına
od vurmuş qoca -
gedir dəstəmaz almağa...

***

...Qeyd oldu
bir cəlladın gözündəki
ani mərhəmət,
bir qadının qəlbində
nifrət doğuldu -
qan qusur qəddarlıq...

***

...Qadın ətri saçan
bir misraya
bürünüb Aylı gecə,
ürəyim ağzımdan gələnə gədər
şeir yazacam -
Ramiz Rövşən, nə var, nə yox?..

# 2343 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər